Aşağı yaş qrupları üzrə yığmaların məşqçi korpusları dəyişdiriləcək.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, bütün komandalar yenidən formalaşdırılacaq.
Son olaraq millilərdə çalışmış bütün mütəxəssislərlə yollar ayrılacaq.
Qurum rəhbərliyi texniki direktor vəzifəsinə gətirdiyi Edmond Klausla bu yöndə geniş fikir mübadiləsi aparıb. Niderlandlı funksioner ideyanı dəstəkləyib və «U-lar»da yeni dönəmin vaxtının çatdığını söyləyib.
Çünki yığmalar son illər iştirak etdiyi beynəlxalq turnirlərdə bir qayda olaraq uğursuzluqla üzləşib. Hamısı Avropa çempionatının ilkin mərhələsində mübarizəni dayandırıb.
U-15-dən U-19-a qədər bütün komandalar başqa məşqçilərə tapşırılacaq. Məsələ İcraiyyə Komitəsinin bu gün keçiriləcək yığıncağında müzakirəyə çıxarılacaq və rəsmiləşəcək.
SPORTİNFO.AZ

