"Qarabağ"dan "simic" damğasına bundan yaxşı CAVAB?

10 Avqust 2022 23:00 Maraqlı 2 417
"Qarabağ"dan "simic" damğasına bundan yaxşı CAVAB?

Bu gün “Qarabağ”ı çiyinlərində daşıyan futbolçulardan biri də sözsüz ki, Kadi Borgesdir.

Ötən mövsümdən komandada çıxış edən braziliyalı oyunçu qısa müddətdə adından söz etdirməyi bacardı.

Arxada qalan mövsüm Premyer Liqaının 12 qolla bombardiri olan “sanbaçı” indi də avrokuboklarda qolları, asistləri sıralamaqla məşquldur.

O, Çempionlar Liqasının arxada qalan 3 təsnifat mərhələsinin 5 matçında ( “Ferentsvaroş”la ilk matçını cəza səbəbindən buraxıb) “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi komandaların qapısından 4 qol keçirib və 3 qolun da asistini edib.

Əla performans yaxalayan futbolçuya təkliflər də bu aralar nə qədər desən var.

Əbəs deyil ki, mümkün ayrılıq təhükəsini sığortalamaq və ya ən pis halda ayrılığından yaxşı gəlir əldə etmək üçün klub bir neçə gün əvvəl 26 yaşlı vingerlə yeni 5 illik müqavilə imzaladı.

Bəli, bu gün nəinki futbol ictimaiyyətimiz, hətta bir sıra Avropa klubları da bu futbolçunu diqqətdə saxlayır.

Amma çox yox, cəmi bir il əvvəl yaxın dostlarından başqa heç kim Kadini tanımırdı.

Hətta onun “Qarabağ”a transferi də ciddi etiraz və narazılıqla qarşılanmışdı.

Komandanın sosial şəbəkə hesablarından aşağıdakı məzmunda yüzlərlə şərhlər yazılmışdı :

“İkinci liqadan oyunçu gətirirsiz, bunun nə səviyyəsi var ki, komandanı irəli aparsın?”.

"Bir dəfə olsun pula qıyıb, normal oyunçu gətirmədiniz də”.

"Futboçudan çox bar uşağına oxşayır. Məhlə avarasın alıb gətirmisiz”.

"Bu kimdir? Vikipediyada tapa bilmədim. Futbol oynaya bilir?”.

“Əsas xarici olsun – turist, tələbə, maşın ustası. Tutub basın kluba”.

“Qarabağ”da oynamaq üçün tələblər – Tatto, Brazilya pasportu, Nike futbolka və cırıq şalvar. Futbol oynaması elə də vacib deyil”.

“Neçə gündür gözümüzü mazol edən malina mürəbbəsi bu Malinoviski üçün imiş? Siz elə mürəbbə bişirməklə məşgul olsanız daha çox fayda əldə etmiş olarsınız, nəinki belə oyunçularla futbol oynamaqla...”.

Ümumiyyətlə, son illər "Qarabağ" rəhbərliyinə "niyə transferə çox pul xərcləmirsiniz?" kimi irad çox bildirilir. Hətta buna görə "köhlən atlar"ın rəhbərliyinə "simic" damğası da az vurulmayıb.

Gördüyünüz kimi, zaman növbəti dəfə “Qarabağ”ın simiclik etmədiyini, əksinə necə incəliklə və doğru transfer siyasəti aparmasını əyani göstərmiş oldu. Buna görə isə klub rəhbərliyinə və Qurban Qurbanova sadəcə əhsən düşür. Növbəti kadiləri tapmaq ümidi ilə sizə uğurlar!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı