"Keşlə" mümkünsüzü etdi

4 May 2018 10:00 Layihə 788
"Keşlə" mümkünsüzü etdi

Dünən “Boulevard U-15 Liqası"nda 23-cü turdan təxirə salınmış 1 oyun keçirildi.

«Səbail» «Bayıl Arena»da «Keşlə»ni qonaq etdi.

Turnir cədvəli baxımından bu oyunda qalib gəlmək «Keşlə» üçün daha vacib idi. Qazanılacaq xal(lar) sayəsində qonaqlar bürünc medal uğrunda mübarizə apardığı «Zirə»ni turnir cədvəlində qabaqlayacaqdı…

Oyun qarşılıqlı hücumlar şəraitində başladı. Qonaqlar rəqib qapısına daha çox cinahlardan yol tapmağa çalışırdılar. Meydan sahibləri isə müdafiəyə diqqət ayırmaqla sürətli hücumçuların hesabına əks-hücumlara bel bağlayırdılar ki, bu istək 11-ci dəqiqədə bəhrəsini verdi.

Arif Məmmədov müdafiəçilərin diqqətsizliyindən sitifadə edərək qapıçı ilə təkbətək çıxdı. Bu zaman Rəşad Həsənov cərimə meydançası daxilində sürüşmə fəndi ilə topu almaq istəyərkən qaydanı pozdu və hakim Rəşada sarı vərəqə göstərməklə penalti təyin etdi. Arif Elmar Əzizovla dueldən qalib ayrıldı.

Buraxılan qoldan sonra böyük qüvvə ilə irəli atılan «Keşlə» bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsa da, Əbil Əbilov və Əli Tağıyev əllərinə düşən fürsətdən yararlana bilmədilər. Əvəzində isə qapılarında daha bir qol gördülər.

Belə ki, birinci hissənin son dəqiqəsində Rəşad Həsənov yenə də qapıçı ilə təkbətək çıxan Arif Məmmədova qarşı cərimə meydançasında kobud oynadı və penaltiyə səbəb olmaqla yanaşı, ikinci sarı vərəqə ilə meydandan uzaqlaşdırıldı. Penalti nöqtəsinə yaxınlaşan Arif bu dəfə də Elmarı məyus edə bildi – 2:0.

Fasilədən sonra 10 nəfərlə qalan «Keşlə»nin məğlubiyyətdən yaxa qurtaracağı inandırıcı görünməsə də, qonaqlar bunu bacardılar. Əvvəlcə 52-ci dəqiqədə Əli Tağıyevə qarşı kobudluğa görə hakim «Səbail»in qapısına penalti təyin etdi.

«Ağ nöqtə»yə yaxınlaşan Vaqif Həsənov Emil Hüseynovla dueldən qalib ayrıldı. Matçın son dəqiqəsində isə Əli Tağıyev sağ cinahdan rəqibin 2 futbolçusundan sıyrılmağı bacardı və qapı önünə ötürmə etdi. Qurban Səfərova hesabı bərabərləşdirmək üçün topa yüngülcə toxunuş bəs etdi.

«Keşlə» qazanılan 1 xal sayəsində «Zirə»ni qabaqladı. Bu komandaların xalları eyni olsa da, birinci dövrədəki oyunda qazanılan 2:1 hesablı qələbə «Keşlə»nin əsas rəqibini keçməsinə bəs etdi. Amma nəzərə alaq ki, «Zirə»nin «Vətən»lə ehtiyatda oyunu qalıb. Böyük ehtimalla «bürünc»ün taleyinə bu komandalar arasında gələn həftəsonu öz aralarında keçiriləcək matçda aydınlıq gələcək.

«Səbail»ə gəlincə, mövsümün əvvəlində miskin görünən komanda indi xeyli «artırıb» və istənilən güclü rəqibə başağrısı ola bilir. Baş məşqçi Xəqani Məmmədov yaxşı komanda formalaşdırıb və növbəti mövsüm bu yaş qrupunun medallar uğrunda mübarizə aparmaq gücündə olduğunu deməliyik. Yeri gəlmişkən, U-15 Liqasında 28-ci turun təqvimi məlumdu:

05 may (şənbə)

14:00 «Neftçi» İK İB – «Vətən»

(Lökbatan OİK-nin meydanı)

16:00 İsgəndər Cavadov BFA – «Zirə»

(«Bakı Baza»)

06 may (bazar)

12:00 «Kəpəz» - «Turan»

(Gəncə şəhəri, TİM-nin meydanı)

14:00 İOEUGİM – «Sumqayıt»

(Sumqayıt şəhəri, M.Hüsenzadə adına stadion)

14:00 «Qarabağ» - «Səbail»

(«Sərhədçi» OİK-nin meydanı)

14:00 «Keşlə» - «Zaqatala»

(«İnter Arena», 4-cü meydan)

16:00 «Neftçi» - «Viləş»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Mirzəbəy Şaxbazov («Zirə»), Rəvan Gülüşov (İOEUGİM), Vüsal Nəcəfzadə (İsgəndər Cavadov BFA), Ülvi Mədətov («Qəbələ»), Fərda Qurbanov («Zaqatala»), Rəşad Həsənov, Vaqif Həsənov (hər ikisi «Keşlə»).

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 27 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti