"Neftçi" yenə uduzdu, autsayder ilk qələbəsini qazandı

30 Aprel 2018 10:48 Layihə 875
"Neftçi" yenə uduzdu, autsayder ilk qələbəsini qazandı

Həftəsonu “Boulevard U-15 Liqası"nda 27-ci turun 6 oyunu keçirildi.

Yalnız 1 qarşılaşma – «Qəbələ» - «Qarabağ» matçı adı birinci çəkilən komandanın 5 futbolçusunun U-16 millisinin düşərgəsində olması üzündən 2 günlüyə təxirə salındı. Bu oyun sabah Qəbələ şəhər stadionunda keçiriləcək.

Baş tutan 6 oyunların bəzilərində gözlənilməz nəticələr qeydə alındı. Tur daha çox çempionatın autsayderi olan «Zaqatala»nın ilk qələbəsi və nə qədər maraqlı olsa da, avtoqollarla yadda qaldı.

«Səbail» - «Neftçi» 2:1

Turun açılış matçı «Bayıl Arena»da gerçəkləşdi. İkinci dövrədə çoxlarına başağrısı olan «Səbail» son turlar inamsız təsir bağışlayan «Neftçi»ni qəbul etdi. Qonaqlar bu oyuna ciddi itkilərlə çıxmışdılar. Komandanın aparıcı üzvlərindən Nihad Cəfərov U-16 millimizin düşərgəsində olduğundan, Mirəli Əhmədovla Cavanşir Şahbazov isə zədə səbəbindən meydana çıxmamışdılar. Bu itkilər «Neftçi»nin oyununa təsirsiz ötüşmədi.

Qarşılıqlı hücumlar şəraitində başlayan qarşılaşmada hesab 19-cu dəqiqədə açıldı. Vəli Səmədov uzaq məsafədən baxımlı qola imza atdı. 33-cü dəqiqədə meydan sahibləri ikinci dəfə qol sevinci yaşadılar. Bu dəfə Nicat Quliyevdən ötürmə alan Arif Məmmədov rəqibin 2 futbolçusundan sıyrılaraq qonaqları məyus etdi.

Fasilədən sonra daha çox müdafiəyə fikir verən Xaqani Məmmədovun yetirmələri hesabı sona kimi qoruya bilməsələr də, qələbəni əldən vermədilər. «Neftçi» yalnız matçın sonuna doğru özünə gəlməyə başladı və bu, matçın başa çatmasına 1 dəqiqə qalmış hesabda əks olundu. Belə ki, Altay Əbdülkərimov fərqləndi.

«Sumqayıt» - «Keşlə» 2:2

Bu matç gərginliyi ilə yadda qaldı. Qonaqlar medallar uğrunda mübarizədən kənar düşməmək üçün Sumqayıtdan 3 xalla dönməyi hədəfləmişdilər. 3 aparıcı futbolçusunun - Rəşad Həsənov, Vaqif Həsənov və Əbil Əbilovun U-16 millisinin düşərgəsində olması «Keşlə»nin işini çətinləşdirirdi. Doğrudur, Türkiyədən qayıdan bu futbolçular oyunun 2-ci hissəsinə özlərini çatdıra bildilər və yorğun olsalar belə, komandalarına kömək etməyə çatışdılar…

Əsasən meydanın mərkəzi uğrunda mübarizə aparan rəqiblər ilk hissədə hərəyə 3 dəfə təhlükəli epizod yarada bildilər. Matçın 5-ci dəqiqəsində qapıçı ilə üz-üzə qalan Əli Tağıyev iti bucaq altından topu Pünhan Canlarovun üstünə vurdu. Təxminən 10 dəqiqə sonra Əli rəqibin 3 müdafiəçisini keçərək yenə də iti bucaq altından qapıya zərbə endirdi. Lakin bu dəfə onun sevinməsinə qapı dirəyi mane oldu. Mehman Yunusovun futbolçuları isə bir halda «Keşlə»nin qapısına təhlükəli həmlə etdilər. Amma topa son dəqiq toxunuş edən olmadı. Bir epizodda isə Alı Alının uzaq məsafədən vurduğu zərbə qapıdan azacıq aralı keçdi.

Oyunda hesab 28-ci dəqiqədə açıldı. «Sumqayıt»ın müdafiə xəttinin diqqətsizliyindən istifadə edən Xəyal İbrahimov topu Pünhanın başı üzərindən qapıya göndərdi. Bundan cəmi 5 dəqiqə sonra «Keşlə»lilər daha bir qol vurdular. Amma bu dəfə öz qapılarına. Cərimə zərbəsindən qapı önünə göndərilən asmanı Emil Nəbiyev başla uzaqlaşdırmaq istəyərkən, öz qapısından keçirdi.

Fasilədən sonra da oyunun gedişi dəyişmədi. Qələbə üçün daha çox alışıb-yanan qonaqlar nə qədər səy göstərsələr də, hesabda irəli çıxa bilmədilər. Əvəzində qapılarında ikinci qolu gördülər. 19-cu dəqiqədə cərimə zərbəsindən qapı önünə göndərilən top dirəyə dəyib geri qayıtdı. Hamıdan tez özünü topa çatdıran Alı Alı komandasını hesabda irəli çıxardı. Türkiyədən qayıdan «üçlüy»ün sayəsində «Keşlə» matçın bitiminə 7 dəqiqə qalmış hesabı bərabərləşdirdi. Rəşad Həsənovun cinah reydindən sonra qapı önünə göndərdiyi topu Vaqif Həsənov boş qapıdan keçirməyə çətinlik çəkmədi.

«Keşlə» qalib gəlsəydi, 3-cü yer uğrunda mübarizə apardığı «Zirə»ni 2 xal qabaqlayacaqdı ki, bu da onların işini xeyli asanlaşdıracaqdı. Amma Xəyal Mustafayevin yetirmələri bunu bacarmadılar. «Bürünc söhbəti» böyük ölçüdə 29-cu turda bu komandaların öz aralarındakı oyunda həllini tapacaq.

«Viləş» - «Neftçi» İK İB 3:2

Turun ən bol qollu oyunu Masallıda baş tutdu. Bir-birilərinə layiq olan, eyni gücdə 2 komandanın mübarizəsində ilk qol 3-cü dəqiqədə gəldi. «Neftçi» İK İB ilk hücumundaca hesabı açdı. Aqşin Abuzərovdan ötürmə alan İlkin Əliyev fərqləndi.

«Viləş»in cavab qolu özünü çox gözlətmədi. 10-cu dəqiqədə Tosif İbişovun qapıya zərbə vurmasına mane olmağa çalışan Rəşad Məmmədov topu öz qapısından keçirdi – 1:1. İlk hissənin başa çatmasına 2 dəqiqə qalmış Tosifin fərqlənməsinə heç kim mane ola bilmədi. Cərimə zərbəsindən qapıya göndərilən topu qapıçı Murad Məmmədov dəf etsə də, İbişov tək toxunuşla topu qapıdan keçirdi.

2-ci hissə başlayan kimi qonaqlar qapılarında daha bir qol gördülər. Bu dəfə Rövşən Tahirli fərqləndi. Ramin Babayevin yetirmələri məğlubiyyətdən qurtulmaq üçün çox çalışsalar da, matçın qalan dəqiqələrində cəmi 1 qol vura bildirlər. İlkin Əliyev oyunda ikinci qolunu vurdu. Məhsuldar ötürmə müəllifi isə Kənan Xəlilzadə oldu.

«Zaqatala» - İsgəndər Cavadov BFA 2:1

Bölgə təmsilçisi axır ki, birincilikdə ilk qələbəsini qazandı. Oyunboyu ərazi üstünlüyü qonaqların tərəfində olsa da, sonda məyus olan tərəf də məhz onlar oldular. Daha çox rəqibi əks-hücumda yaxalamağı düşünən «Zaqatala» iki dəfə Fərda Qurbanov və İsmayıl Kasarayevlə hesabı açmağa yaxın olsa da, hər ikisində dəqiqlik çatışmadı. Oyunda hesab 32-ci dəqiqədə açıldı. Zakir Əzizovun yerinə meydana daxil olan Ümid (soyadını dəqiqləşdirə bilmədik – red.) 2 nəfəri keçərək qapıçı ilə üzbəüz qaldı və əlinə düşmüş imkandan maksimum yararlandı.

Qəhrəman Əliyevin komandası bərabərlik qolunu fasilədən sonra vurdu. Komandaya yeni qoşulan və meydana fasilədən sonra daxil olan İlham Ağaynv 45-ci dəqiqədə Əmrah İbadovun ötürməsindən sonra fərqləndi.

Matçın sonlarına doğru «Zaqatala» azlıqda qaldı. Kobudluqla dayandırılan Fərda Qurbanov əsəblərinə hakim ola bilmədi rəqib futbolçunu vurdu. Hakim «Zaqatala»nın lehinə qayda pozuntusu təyin etməklə yanaşı, Fərdanı meydandan qovdu. Məhz bu cərimə zərbəsinin sayəsində əyalət təmsilçisi qələbə qolunu vura bildi. Belə ki, cərimə zərbəsindən sonra qazanılan ardıcıl künc zərbələri zamanı Vüqar Məmmədli 3-cü cəhddə toru silkələdi. Matçın qalan dəqiqələrində Ceyhun Zurabovun yetirmələri azlıqda qalmalarına baxmayaraq, qələbə hesabına xələl gəlməsinə imkan vermədilər.

«Turan» - İOEUGİM 4:1

Çoxdardır ki, qələbə üzünə həsrət qalan «Turan» ardıcıl 2-ci ev oyununda meydanı 3 xalla tərk etdi. Bu oyun haqqında qısaca onu deyə bilərik ki, hesabın böyük olmasına baxmayaraq, qələbə «Turan»a böyük zəhmət bahasına başa gəldi. Hesabı 16-cı dəqiqədə meydan sahiblərindən Elnar Hüseynov açdı. Qonaqların bərabərlik qolu ikinci hissənin 12-ci dəqiqəsində gəldi.

Nihad Ağayev cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi. Bərabərlik qolundan sonra hər iki tərəf qələbə qolunu vurmağa çalışsa da, bunu Kamal Ələkbərovun yetirmələri bacardılar. Özü də 3 dəfə. Əvvəlcə 60-cı dəqiqədə Fariz Babayev, 7 dəqiqə sonra isə Talıb Bayramov fərqləndi. Matçın yekun nəticəsini müəyyən edən qol isə son dəqiqədə penatlidən reallaşdı. Ruslan Əmiraslanov qonaq qapıçı Elsevər Sarıyevlə mübarizədən qalib ayrıldı.

«Vətən» - «Kəpəz» 4:0

«Məktəblilər»in bu oyunda qalib gələcəyi gözlənilən idi və belə də oldu. Qarşılıqlı hücumlar şəraitində başlayan oyunda hesab 11-ci dəqiqədə açıldı. Cərimə meydançasına ötürülən topu Elvin Abdullayev sinəsi ilə Şahin Kərimlinin qarşısına atdı və Şahin bu «hədiyyə»ni «zay etmədi».

Qarşılaşmada qalan qollar fasilədən sonraya təsadüf etdi. 43 və 51-ci dəqiqələrdə yenə də Şahin fərqlənərək «het-trik»ini rəsmiləşdirdi. Ona ikinci qolun ötürməsini Bəhruz Tanrıverdiyev, üçüncü qolun ötürməsini isə Kənan Kərimov etdi. Matçda «nöqtə»ni çempionatın bombardiri qoydu. Elvin Abdullayev Vüsal Əliyevin cərimə meydançasına göndərdiyi topu başla qapıdan keçirərək birincilikdə 27-ci qolunu vurdu.

Qonaqlar haqqında da 1-2 gəlmə demək yerinə düşər. Nəticənin onlar üçün faciəvi olmasına baxmayaraq, İlham Səmədovun komandası heç də zəif təsir bağışlamadı. Əsas da 1-ci hissədə. Gəncəlilər hesabda 0:1 geri olarkən Sənan Əliyevin timsalında 2 dəfə real qol epizodundan istifadə etsəydilər, oyunun macərası fərqli ola bilərdi.

Yazının girişində də qeyd etdiyimiz kimi «Qəbələ» - «Qarabağ» matçı sabah keçiriləcək. Qeyd edək ki, meydan sahiblərindən Tofiq Vahabov cəza səbəbindən turu buraxacaq.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 27 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti