Dünən “Boulevard U-15 Liqası"nda 23-cü turdan təxirə düşmüş 3 oyundan biri keçirilib.
«Sərhədçi» OİK-nin meydanında «Qarabağ» «Kəpəz»i qəbul edib.
«Qarabağ» medalçılar sırasına düşmək şansını saxladığından oyun daha çox meydan sahibləri üçün xüsusi əhəmiyyət daşıyırdı. Qələbə qazanmayacağı təqdirdə «Qarabağ» bu şansı böyük ölçüdə əldən buraxacaqdı.
«Kəpəz»in qarşılaşmaya heyətdə itkilərlə çıxması meydan sahibləri üçün göydəndüşmə oldu. Gəncəlilərin «vuran ayaqları» - Ümid Səmədovla Həsən Seyfullayevin U-16 millimizin düşərgəsində olmasından başqa əsas heyət üzvlərindən Əbdüləli Qasımovun «Səbail»lə oyunda aldığı qırmızı vərəqəyə görə bu matçı buraxması «Qarabağ»a əlavə üstünlük verirdi.
Doğrudur, Asif Əlizadənin komandası da itkilərdən xali deyildi. Qapıçı Mirismayıl Rəhimov və müdafiəçi Elvin Əliyev də yığmanın toplanışında olduğu üçün komandalarına kömək edə bilmirdilər. Amma «Qarabağ»da bu boşluqları dolduracaq futbolçular az deyildi.
Oyun meydan sahiblərinin üstünlüyü ilə başladı. Artıq, 13-cü dəqiqənin tamamında meydan sahibləri 2 dəfə qonaqları oyuna mərkəzdən başlamağa məcbur etmişdilər.
Əvvəlcə 10-cu dəqiqədə Fərid Nəsirlinin cinah asmasından sonra rəqibdən qayıdan topu Sənan Şahverdiyev qapıdan keçirmiş, 3 dəqiqə sonra isə Mirmöhsün Caniyev Fidayə Əzizlinin ötürməsini qola çevirmişdi.
Doğrudur, 26-cı dəqiqədə «Kəpəz» buraxılan qollardan birinin əvəzini çıxa bildi. Nihat Fərəcinin cərimə zərbəsindən qapı önünə göndərdiyi topu Raul Əlizadə qapıdan keçirdi. Amma İlham Səmədovun yetirmələri bundan artığını bacarmadılar.
«Qarabağ» fasilədən sonra daha 2 qol vurmaqla böyük hesablı qələbə qazandı. 38-ci dəqiqədə Musa Musazadə, 67-ci dəqiqədə isə Bəhram Köçərli fərqləndi. Qeyd edək ki, ikinci hissədə vurulan hər iki qolun ötürməsi Fidayə Əzizlidən gəldi. Fidayə 3 ötürmə ilə bir növ «het-trik» etmiş oldu.
Qələbə sayəsində «Qarabağ» xallarını 45-ə çatdırdı və 4-cü yerdəki «Keşlə»ni haqladı. 3-cü pillədəki «Zirə» ilə xal fərqini isə 2-ə endirdi.
Amma «Qarabağ»ın bu komandalardan 2 oyun çox keçirdiyini də demək lazımdır. Hələ çempionatın başa çatmasına 5 tur var. Demək ki, «bürünc» şansı hələ «əriməyib».
Yeri gəlmişkən, 23-cü turdan təxirə düşmüş «Vətən» - «Zirə» və «Səbail» - «Keşlə» matçlarının keçiriləcəyi gün hələ ki, təyin olunmayıb.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.
"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

