U-17 Liqası: "Qəbələ" "Qarabağ"a qarşı nə edəcək?

4 Fevral 2018 12:57 Layihə 663
U-17 Liqası: "Qəbələ" "Qarabağ"a qarşı nə edəcək?

Sabah «Bakcell U-17 Liqası»nda 19-cu turun oyunları keçiriləcək.

Turun mərkəzi oyunu Binə qəsəbə stadionunda baş tutacaq. Lider «Qəbələ» 2-ci pillədə qərarlaşan «Qarabağ»ın qonağı olacaq.

Bu komandalar arasında xal fərqi 10-dur. Qələbə sayəsində əyalət təmsilçisi çempionluq yolunda vacib addım atacaq.

«Qarabağ» isə qalib gələcəyi halda həm 2-ci pillədəki yerini qoruyacaq, həm də «Qəbələ»yə bir qədər də yaxınlaşacaq.

«Qarabağ»la yeni xal toplayan «Keşlə»ni də bu tur asan oyun gözləmir. Ötən tur «Səbail»lə oyunda 2 əsas futbolçusunu itirən «Keşlə» onu daban-dabana izləyən «Neftçi»nin qonağı olacaq.

«Sumqayıt» - «Kəpəz» və «Xəzər Lənkəran» - «Səbail» matçları da kifayət qədər maraqlı mübarizə vəd edir. Digər oyunlara gəlincə, 2 cütlüyün 4 iştirakçısı turnir cədvəlində ekvatordan aşağıda qərarlaşanlardır.

Onlardan «Zirə» - «Mil Muğan» oyununda meydan sahiblərinin qalib gələcəyini indidən proqnozlaşdırmaq olar. «Ağsu» - «Neftçi» İK İB matçında isə şanslar bərabərdir.

05 fevral (bazar ertəsi)
12:30 «Neftçi» - «Keşlə» (Binə qəsəbə stadionu)
13:00 «Zirə» - «Mil Muğan» (Aviasiya Akademiyasının stadionu)
14:00 «Xəzər Lənkəran» - «Səbail» (Lənkəran şəhər stadionu)
14:00 «Ağsu» - «Neftçi» İK İB (Ağsu şəhər stadionu)
14:00 «Sumqayıt» - «Kəpəz» (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)
15:00 «Qarabağ» - «Qəbələ» (Binə qəsəbə stadionu)

Cəzalı futbolçular: Emil Mehdizadə, Kamil Əliyev («Neftçi» İK İB), Kənan Əsədli, Əkbər Vəliyev («Keşlə»), Cavidan Rəhimli («Qəbələ»), Kamran Abbasov («Zirə»), Elşən Qarayev («Ağsu»), Zaur Hüseynli («Mil Muğan»).

Bombardir: Nicat Musayev («Neftçi») – 20 qol.

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti