«Bakcell U-17 Liqası»nda 10-cu turun təqvimi açıqlanıb. Turun bütün oyunları həmişə olduğu kimi bir gündə – noyabrın 13-də keçiriləcək. «Keşlə» - «Zirə» oyunu 13:00-da, qalan 5 qarşılaşma isə 14-00-da başlaycaq.
Turun açılış oyununda «Keşlə» «Zirə»ni qəbul edəcək. «İnter Arena»nın 4-cü meydanında keçiriləcək qarşılaşmada cütün favoriti meydan sahibləridir. Cari birincilikdə stabil oyun sərgiləməyən «Zirə»nin sabiq «bankirlər»i büdrədəcəyi az inandırıcıdır. Turnir cədvəlində 2-ci pillədə qərarlaşan və lider «Qəbələ»dən cəmi 1 xal geridə olan «Keşlə» qələbə sayəsində zirvəyə yüksələ bilər. Əgər «Qəbələ» xal itirsə.
«Qəbələ»nin xal itirmə ehtimalı isə az deyil. Çünki əyalət təmsilçisi 3-cü pillənin sahibi «Kəpəz»lə, özü də səfərdə qarşılaşacaq. «Kəpəz»in indiyə kimi evdə keçirdiyi 4 oyunda 9 xal toplaması bu komandanın qonaqpərvər olmadığını göstərir. Üstəlik, oyunun keçirildiyi Gəncə TİM-nin meydanın bərbad olması da, qonaqların əleyhinə olan amillərdəndir.
Durumu ürək ağrıdan Heydər Əliyev adına İmişli şəhər stadionunda da həmin gün oyun keçiriləcək. «Mil Muğan» «Sumqayıt»ı qəbul edəcək. Geridə qalan 9 turda 1 xal yığa bilməyən imişlililərin bu oyunda sensasiyaya imza atmaları ehtimalı sıfıra yaxındır. Güman ki, bu oyunda sevinən tərəf qonaqlar olacaqlar.
Bölgədə keçirilən daha bir oyun – «Xəzər Lənkəran» - «Neftçi» qarşılaşmasında da ilk baxışdan qonaqlar üstün tərəf kimi görünürlər. Azından turnir cədvəlinə nəzər salmaqla, bu komandaların «çəkiləri»ni bilmək olar. Amma unutmayaq ki, «Xəzər Lənkəran» aktivində olan 5 xalın hamısını evdə qazanıb. «Neftçi» isə 4 səfər qarşılaşmasının 3-də xal itirib. Başqa sözlə, lənkəranlılar doğma divarlar arasında daha dişli olurlar, bakılılar isə səfərdə xal itirməyə meyillidirlər. Bu üzdən şansları bərabər qiymətləndirmək olar.
Turun qalan 2 oyunu paytaxtda baş tutacaq. «Səbail» «Dalğa Arena»nın 2-ci meydanında «Ağsu»nu qəbul edəcək. Füzuli Məmmədovun yetirmələrinin bu oyunda aktivində cəmi 3 xalı olan «Ağsu»nu yenməməyə haqları çatmır.
Lökbatan OİK-nin stadionunda isə «Neftçi» İK İB «Qarabağ»ı sınağa çəkəcək. Hər iki komandanın qeyri-stabil oyun sərgiləməsi bu görüşdə istənilən nəticənin qeydə alınacağını deməyə əsas verir.
1. Qəbələ 9 7 2 0 41-9 23
2. Keşlə 9 7 1 1 27-10 22
3. Kəpəz 9 6 0 3 20-14 18
4. Qarabağ 9 5 2 2 30-13 17
5. Neftçi 9 4 3 2 28-17 15
6. Səbail 9 4 1 4 23-15 13
7. Neftçi İK İB 9 4 1 4 15-19 13
8. Zirə 9 3 3 3 27-8 12
9. Sumqayıt 9 3 3 3 11-11 12
10. Xəzər Lənkəran 9 1 2 6 9-28 5
11. Ağsu 9 1 0 8 15-56 3
12. Mil Muğan 9 0 0 9 9-55 0
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


