Bu gün U-16 Liqasında 4 oyunla 9-cu tura yekun vurulub.
Günün ilk iki oyunu Bakıda keçirilib. Aviasiya Akademiyasının stadionunda «Zirə» «Keşlə»ni, «Dalğa Arena»nın 2-ci meydanında isə «Səbail» «Neftçi» İK İB-ni qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəsiz qalıblar.
«Səbail» - «Neftçi» İK İB oyununda tərəflər hərəyə bir dəfə qol sevinci yaşamaqla aktivlərinə 1 xal yazdırıblar – 1:1. Bu «Səbail»in cari çempionatda qazandığı ilk xaldı. «Zirə» - «Keşlə» qarşılaşmasında isə qapılara 3 qol vurulub. Hesabı birinci hissənin əvvəlində meydan sahibləri açıblar. Erkən buraxılan qola görə ruhdan düşməyən Müşviq Qənbərovun yetirmələri hissənin sonlarına yaxın Şahmar Vəlizadə ilə hesaba tarazlıq gətiriblər. İkinci hissə başlayar-başlamaz qonaqlar 2-ci dəfə fərqləniblər. Ramin Məhərrəmov meydan sahiblərini məyus edib. Oyunda başqa qol vurulmayınca, «Keşlə» çətin səfər oyunundan 3 xalla dönüb – 1:2.
«Vətən» çətin Tovuz səfərindən üzüağ dönüb. Bu oyunda ilk hissə qonaqların xeyrinə başa satıb. Emil Quluzadənin vurduğu 2 qol sayəsində «Vətən» fasiləyə üstün yollanıb. Gözlənilmədən 2-ci hissədə oyunun macərası dəyişib. «Turan»ın ard-arda vurduğu cavab qolları qonaqları çətin vəziyyətə salıb. Buna baxmayaraq, Fərrux İsmayılovun yetirmələri oyunun sonuna yaxın Elvin Abdullayevin timsalında qələbə topunu vura biliblər – 2:3. Qeyd etmək lazımdır ki, Kamal Ələkbərovun baş məşqçisi olduğu «Turan» əvvəlki oyunlarla müqayisədə xeyli «artırıb». Bu üzdən qarşıdanık turlarda «Turan»dan yaxşı nəticə görsəniz, bunu sensasiya kimi qələbə verməyin.
Eyni sözləri «Qarabağ» haqqında da demək olar. Gəncədə «Kəpəz»in müsafiri olan Samir Musayevin yetirmələri qələbəyə seviniblər. Özü də gözlənilmədən 4:0 hesablı inamlı qələbəyə. «Qarabağ»dan Mahmud Məmmədov «het-trik» edib. Oyunda «son nöqtə»ni isə gürcü Nikolas Saknelaşvili qoyub.
Qeyd edək ki, dünən Qəbələdə keçirilən «Qəbələ» - «Neftçi» oyununda 0:0 hesabı qeydə alınmışdı.
1. Qəbələ 8 6 2 0 19-6 20
2. Neftçi 8 5 2 1 15-6 17
3. Vətən 8 5 1 2 19-10 16
3. Zirə 8 4 2 2 21-12 14
5. Keşlə 8 4 1 3 17-15 13
6. Neftçi İK İB 8 3 2 3 13-12 11
7. Qarabağ 9 3 2 4 13-19 11
8. Kəpəz 8 3 1 4 8-16 10
9. Sumqayıt 8 1 4 3 7-10 7
10. Turan 8 1 2 5 17-21 5
11. Səbail 9 0 1 8 3-25 1
10-cu turun oyunları qoyabrın 16-da keçiriləcək: «Vətən» - «Kəpəz», «Neftçi» - «Turan», «Keşlə» - «Qəbələ», «Neftçi» İK İB – «Zirə», «Sumqayıt» - «Səbail». Oyunların başlama vaxtı və yerləri barədə əlavə məlumat verəcəyik.
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


