LAYİHƏ: "Qarabağ" 5 pillə irəlilədi

9 Noyabr 2017 09:12 Layihə 702
LAYİHƏ: "Qarabağ" 5 pillə irəlilədi

«Boulevard Hotel U-15 Liqası»nda 8-ci turun təqvimi müəyyənləşib. Turun açılış oyunu, eyni zamanda mərkəzi qarşılaşması noyabrın 11-də Aviasiya Akademiyasının stadionunda keçiriləcək.

2-ci pillənin sahibi «Zirə» turnir cədvəlindəki qonşusu, ondan 2 xal geridə olan «Vətən»i qəbul edəcək. «Zirə» indiyə kimi keçirdiyi bütün oyunlarda qalib gəlib. Cəfər Hüseynovun yetirmələri yalnız 5-ci turda lider «Qəbələ»yə səfərdə 1:3 hesabı ilə məğlub olublar. «Vətən» isə indiyə kimi məğlubiyyət acısı yaşamayıb.

«Məktəblilər» yalnız ilk turda 2 xal itiriblər. O da «Qəbələ» ilə səfərdə. Oyun çempionluq yarışından qopmamaq üçün hər iki komanda üçün əhəmiyyətlidir. Üstəlik, heç-heçənin hər iki tərəfə sərf etmədiyini nəzərə alsaq, qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini əminliklə deyə bilərik.

«Zirə» - «Vətən» matçının başlamasından 1 saat sonra Zaqatala şəhər stadionunda çempionatın autsayderləri – «Zaqatala» və «Turan» mübarizəyə başlayacaqlar. Ötən tur «Sumqayıt» üzərində gözlənilmədən 4:2 hesabı ilə qələbə qazanan tovuzlular çempionatda ilk xallarına qovuşmuşdular.

«Zaqatala»nı isə İlk turda «Neftçi» İK İB ilə qazanılan 1 xalla qalıb. Oyun Tovuzda keçirilsəydi, «Turan»ı cütün favoriti hesab etmək olardı. İndiki halda isə şansları bərabər qiymətləndirmək yerinə düşər.

İddiasızların daha bir dueli «Bakı Baza»da 16:00-da başlayacaq. Qələbə üzünə həsrət qalan «İsgəndər Cavadov» BFA «Viləş»i qəbul edəcək. «Doğma divarlar» arasında oynadığından meydan sahiblərini üstün tərəf kimi göstərmək olar. Amma Masallı təmsilçisinin də son turlar çox halda məğlub olmasına baxmayaraq, yaxşı oyun sərgilədiyini qeyd etməliyik. Bu üzdən sözügedən oyundan istənilən nəticəni gözləmək lazımdır.

Şənbə günü keçiriləcək matçlar haqqında bu qədər. Turun qalan 4 oyunu bazar günü baş tutacaq. İlk qarşılaşma «İnter Arena»nın 4-cü meydanında keçiriləcək. Son oyununda səfərdə «Qəbələ»yə 1:5 hesabı ilə məğlub olan «Keşlə» «Səbail»lə oyunda gücünü göstərməyə, eyni zamanda böyükhesablı məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışacaq.

Qələbə sayəsində «Keşlə» nə az, nə çox 4 pillə iləliləyə bilər. Amma bir şərtlə, «Sümqayıt»ın istirahət etdiyi turda «Neftçi» xal itirə, «Kəpəz» isə heç-heçə etməyə. «Səbail» isə qələbə sayəsində ötən turlarda nisbətən zəif rəqiblər üzərində qazanılan 4 qələbənin havadan olmadığını sübut edəcək.

«Kəpəz»dən söz düşmüşkən, bu komandanın bu turda xal itirəcəyi inandırıcı deyil. Birincisi, oyun Gəncədə keçiriləcək ki, «Kəpəz» ev oyunlarında keçilməz təsiri daşıyır. İkincisi isə rəqib «Qarabağ» ötən mövsümlə müqayisədə çox zəifləyib. «Kəpəz» - «Qarabağ» oyunu Gəncə TİM-nin meydanında, 12:00-da başlayacaq.

Həmin vaxt Bakıda, Lökbatan OİK-nin meydanında 2 «Neftçi» üz-üzə gələcək. Qələbəsizlərdən olan «Neftçi» İK İB çempionat başlayandan özünə oxşamayan «Neftçi»ni qəbul edəcək. İlk baxışdan cütün favoriti kimi qonaqları göstərmək olar. Lakin meydan sahiblərinin qələbəyə «ac» olmaları və «Neftçi»nin qeyri-stabil çıxışı nəticəni əvvəlcədən proqnozlaşdırmağa imkan vermir.

Turun son matçı Sumqayıtda keçiriləcək. Yerli İOEUGİM «Qəbələ»ni qonaq edəcək və güman ki, ev sahibləri qonaqları «səxavətlə» yola salacaqlar. Başqa sözlə, liderin asan səfər oyununda qalib gəlməmə ehtimalı çox azdır. Bu oyunda start fiti 16:00-da səslənəcək.

Yeri gəlmişkən, çərşənbə axşamı İntizam Komitəsinin iclasında 7-ci turda baş tutmayan «Qarabağ» - İOEUGİM matçı barədə də qərar verilib. Görüşə gəlməyən qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib. Qələbə sayəsində «Qarabağ» turnir cədvəlində 5 pillə irəliləyərək 4-cü yerə yüksəlib.

1. Qəbələ 7 6 1 0 24-5 19

2. Zirə 7 6 0 1 13-5 18

3. Vətən 6 5 1 0 27-5 16

4. Qarabağ 7 4 0 3 15-8 12

5. Kəpəz 6 4 0 2 11-6 12

6. Səbail 7 4 0 3 11-12 12

7. Neftçi 7 3 2 2 13-6 11

8. Sumqayıt 7 3 1 3 18-10 10

9. Keşlə 6 3 0 3 15-12 9

10. Viləş 6 2 0 4 7-23 6

11. İOEUGİM 6 1 2 3 7-15 5

12. İ.Cavadov BFA 7 0 3 4 3-14 3

13. Neftçi İK İB 6 0 3 3 2-11 3

14. Turan 6 1 0 5 9-24 3

15. Zaqatala 7 0 1 6 5-25 1

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti