Noyabrın 8-9-da U-16 Liqasında 9-cu turun oyunları keçiriləcək. «Sumqayıt»ın «məcburi istirahət»ə göndəriləcəyi bu tur əvvəlkilərdən fərqli olaraq 2 gündə baş tutacaq.
Turun açılış oyunu noyabrın 8-də Qəbələ şəhər stadionunda «Qəbələ» ilə «Neftçi» arasında keçiriləcək. Bu qarşılaşmaya turun mərkəzi oyunu adını da vermək olar. Çünki bu komandalar 1-2-ci yerlərdə qərarlaşıblar.
Lider «Qəbələ»nin «Neftçi»dən 3 xal çox topladığını da qeyd etmək yerinə düşər. Qonaqlar qələbə qazanacaqları təqdirdə əsas rəqiblə xal fərqini sıfıra endirəcəklər. Hətta onlar top fərqinə görə 1-ci yerə də yüksələ bilərlər. Amma bu, «Neftçi» üçün çətin olacaq.
«Qəbələ»nin də meydana 3 xal üçün çıxacağı heç kimə sirr deyil. «Neftçi»ni yenəcəkləri təqdirdə onlar 2-ci yerdə qərarlaşacaq komandadan ən azı 5 xallıq aralanacaq.
Təbii ki, əgər 3-cü pillənin sahibi «Zirə» qalib gəlsə. «Zirə»nin «Keşlə» ilə oyunda xal itirməsi isə 1 və 2-ci yerlər arasındakı xal fərqini 6-a çatdıracaq. «Qəbələ» - «Neftçi» oyununun başlama saatı 14:00-dı.
Qalan 4 oyun cümə axşamı keçiriləcək. «Zirə»dən söz düşmüşkən, bu komanda Aviasiya Akademiyasının stadionunda «Keşlə»ni qonaq edəcək. Ötən tur «Neftçi»ni səfərdə minimal hesabla məğlub edən «qəsəbə sakinləri» bu dəfə Müşviq Qənbərovun komandasını devirməyə çalışacaqlar.
Cari mövsüm stabil oyun sərgiləməkdə çətinlik çəkən «Keşlə»ni məğlub etmək o qədər də asan olmayacaq. Çempionluq yarışından kənarda qalmamaq üçün hər iki komanda bu oyunda mütləq qalib gəlməlidir. «Zirə» - «Keşlə» matçında start fiti 12:00-da veriləcək.
Həmin vaxt «Dalğa Arena»nın 2-ci meydanında «Səbail» - «Neftçi» İK İB-ni qəbul edəcək. Bura kimi keçirdiyi bütün oyunlarda məğlub olan «Səbail»in bu oyunda ilk xalını qazanması mümkün görünür. Çünki, ilk 6 turda rəqibələ asanlıqla məğlub olan «Səbail» 7-ci turda «Neftçi»yə, 8-ci turda isə «Keşlə»yə cəmi 1 top fərqi ilə uduzub.
Yəni, komanda az da olsa, özünə gəlib, mübarizə apara bilir. «Neftçi» İK İB-ə gəlincə, Rafael Əmirbəyovun çalışdırdığı komandanın istənilən rəqiblə başabaş mübarizə aparacaq gücdə olduğunu deməliyik.
13:00-da Tovuzda keçiriləcək «Turan» - «Vətən» matçının favoriti şübhəsiz, «məktəblilər»di. Ötən tur lider «Qəbələ»yə 1:2 hesabı ilə məğlub olan Fərrux İsmayılovun yetirmələri məğlubiyyətin acığını Elxan Abdiyevin komandasından çıxmağa çalışacaqlar.
Bunun onlarda nə dərəcədə alınacağını hakimin final fitindən sonra biləcəyik. «Vətən» rəqibindən bir baş üstün futbol sərgiləsə belə, oyunun Tovuzda keçirilməsi şansların bərabər olduğunu deməyə əsas verir.
Nəhayət, tura «Kəpəz» - «Qarabağ» matçı ilə yekun vurulacaq. Eyni gücə malik 2 komandanın qarşılaşması Gəncə Təhsil İdman Məktəbinin meydanında saat 15:00-da başlayacaq. Turnir cədvəlində demək olar ki, qonşu olan rəqiblərdən meydan sahiblərini cütün favoriti hesab etmək olar. Səbəb kimi «Kəpəz»in «ev komandası» olmasını, «Qarabağ»ın isə qeyri-stabil çıxışını göstərə bilərik.
1. Qəbələ 7 6 1 0 19-6 19
2. Neftçi 7 5 1 1 15-6 16
3. Zirə 7 4 2 1 20-10 14
4. Vətən 7 4 1 2 16-8 13
5. İnter 7 3 1 3 15-14 10
5. Kəpəz 7 3 1 3 8-12 10
7. Neftçi İK İB 7 3 1 3 12-11 10
8. Qarabağ 8 2 2 4 9-19 8
9. Sumqayıt 8 1 4 3 7-10 7
10. Turan 7 1 2 4 15-18 5
11. Səbail 8 0 0 8 2-24 0
Sportinfo.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


