LAYİHƏ: U-17 Liqası: Ağsuda və Binədə "qol yağışı"

6 Noyabr 2017 22:29 Layihə 673
LAYİHƏ: U-17 Liqası: Ağsuda və Binədə "qol yağışı"

Bu gün «Bakcell U-17 Liqası»nda 9-cu turun oyunları keçirilib. 6 oyunun cəmi 1-də qol sarıdan kasadlıq olub. Digər 5 oyunda isə qapılardan ən azı 4 qol keçib.

Turun açılış oyunu Aviasiya Akademiyasının stadionunda baş tutub. Bu oyuna kimi 12 toplayaraq 6-cı pillədə qərarlaşan «Zirə» 10 xallı «Neftçi» İK İB-ni qəbul edib. Görüşün taleyini cəmi 1 qol həll edib. Qonaqlar qazanılan qələbə sayəsində xal ehtiyatını 10-a çatıraraq rəqibi turnir cədvəlində geridə qoyub.

Bu oyunun start fitindən 1 saat sonra Binə qəsəbə stadionunda «Neftçi» - «Səbail» matçı başlayıb. Gərgin keçən oyunda «Neftçi» qalib gəlib – 3:1.

Ağsuda keçirilən «Ağsu» - «Keşlə» matçında qapılara «top yağıb». Oyun bütünlüklə bakılıların üstünlüyü şəraitində keçib. Hesabı 5-ci dəqiqədə «Keşlə»nin futbolçusu Sərcan Ömərov açıb. 15-ci dəqiqədə Fərid Muxtarov, 23-cü dəqiqədə isə Miqdar Məmmədov birinci hissənin hesabını təyin ediblər.

Fasilədən sonra Nadir Əliyev və Mahir Əliyevin çalışdırdığı «Keşlə» Miqdarla rəqibi 4-cü dəfə məyus edib. Bundan sonra bir qədər rahatlaşan «Keşlə» qapısında qol görüb. Matçın sonuna yaxın qonaqlar daha 2 dəfə fərqləniblər. 75-ci dəqiqədə Əli Nəzərov, 81-ci dəqiqədə isə Ceyhun Nuriyev qol vurub. Oyun «Keşlə»nin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Eyni vaxtda Lənkəranda baş tutan oyunda da məğlub olan tərəf meydan sahibləri olub. Üstəlik, bu oyunda da qapılara 7 qol vurulub. «Kəpəz» «Xəzər Lənkəran»dan üstün olub – 5:2.

Digər böyükhesablı qələbəni «Qəbələ» Sumqayıtda qazanıb. Lider çempionatın ortabablarından olan «Sumqayıt»ı 4:1 hesabı ilə məğlub edib.

Nəhayət, turun ən məhsuldar oyunu barədə. «Neftçi» - «Səbail» matçından sonra Binə qəsəbə stadionu «Qarabağ»la «Mil Muğan»ın futbolçularına təhvil verilib. 4-cü pillənin sahibi «Qarabağ» çempionatda xal üzünə həsrət qalan «Mil Muğan»ı qəbul edib.

«Qarabağ» bu oyunda imişliləri nəinki yenə də xalsız, eyni zamanda qolsuz qoyub. Oyunda vurulan 9 qolun hamısı meydan sahiblərinin aktivinə yazılıb – 9:0. Xatırladaq ki, bu hesab cari çempionatda 2-ci dəfə qeydə alınır. Özü də yenə də «Mil Muğan»ın iştirakı ilə. Ötən tur «Zirə» səfərdə əyalət təmsilçisinin qapısından 9 cavabsız top keçirmişdi. 6 turda keçirilən «Qəbələ» - «Ağsu» (10:1) matçı isə ən bol qollu oyun kimi yadda qalıb.

1. Qəbələ 9 7 2 0 41-9 23

2. Keşlə 9 7 1 1 27-10 22

3. Kəpəz 9 6 0 3 20-14 18

4. Qarabağ 9 5 2 2 30-13 17

5. Neftçi 9 4 3 2 28-17 15

6. Səbail 9 4 1 4 23-15 13

7. Neftçi İK İB 9 4 1 4 15-19 13

8. Zirə 9 3 3 3 27-8 12

9. Sumqayıt 9 3 3 3 11-11 12

10. Xəzər Lənkəran 9 1 2 6 9-28 5

11. Ağsu 9 1 0 8 15-56 3

12. Mil Muğan 9 0 0 9 9-55 0

U-17 Liqasında 10-cu turun oyunları noyabrın 13-də keçiriləcək: «Kəpəz» - «Qəbələ», «Mil Muğan» - «Sumqayıt», «Neftçi» İK İB – «Qarabağ», «Keşlə» - «Zirə», «Səbail» - «Ağsu», «Xəzər Lənkəran» - «Neftçi». Oyunların başlama vaxtı və keçiriləcəyi yer haqqında daha sonra ətraflı məlumat verəcəyik.

Sonda bir məqamı qeyd etmək istərdik. Fikir verdinizsə, oyunlar haqqında yazarkən bir çox matçlarda vurulan qollar, oyunun gedişi və s. ilə bağlı ətraflı məlumat verilmir. Bunun da səbəbi sadədir. Oyunların protokolları AFFA-ya gec təqdim edilir.

Məcbur olub oyunlar barədə məlumatları klub nümayəndələrindən əldə etməyə çalışırıq ki, bu da heç də həmişə uğurlu alınmır. Bu üzdən bir çox oyunlarla bağlı qısa məlumat verməklə kifayətlənirik. Ümid edirik ki, bu problemi tezliklə həll edib tur ərzində keçirilən oyunlar haqqında daha çox bilgi verə biləcəyik.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti