LAYİHƏ: U-15 Liqası: Köhnə lider, yeni autsayder

6 Noyabr 2017 02:15 Layihə 1 059
LAYİHƏ: U-15 Liqası: Köhnə lider, yeni autsayder

Həftəsonu «Boulevard Hotel U-15 Liqası»nda 7-ci turun oyunları keçirildi. Nəzərdə tutulan 7 qarşılaşmadan biri baş tutmadı. Digər oyunların bəzilərində isə maraqlı və gözlənilməz nəticələr qeydə alındı.

Şənbə günü Qəbələdə keçirilən «Qəbələ» - «Keşlə» matçında cütün favoriti meydan sahibləri idi. Onların qalib gələcəyi ehtimalı yüksək olduğu qədər də, «Keşlə»nin böyük hesabla məğlub olacağı az gözlənilən idi. Oyun meydan sahiblərinin hücumları ilə başladı.

Qəbələyə itkilərlə yollanan qonaqlar 1-ci hissənin ortalarına kimi rəqibin təzyiqi qarşısında tab gətirə bildilər. Eyni zamanda, bakılılar hücum qurmaqda çətinlik çəkirdilər. Oyunun taleyi demək olar ki, 4 dəqiqəyə həll olundu. Bu vaxt ərzində ardıcıl 3 qol vuran meydan sahibləri 1-ci hissənin son dəqiqəsində daha bir dəfə fərqlənərək, fasiləyə rahat yollandılar.

İkinci hissədə daha çox müdafiəyə fikir verən «Qəbələ» əks-hücumlara bel bağlayırdı ki, belə hücumların birində «Keşlə» qapısında 5-ci qolu gördü. Qonaqların yalnız oyunun sonlarına yaxın prestij qol vurmağa gücləri çatdı. «Qələbə» qələbə sayəsində liderliyini qorudu. «Keşlə» isə…

Bu komanda indiyə kimi evdə keçirdiyi bütün oyunlarda qalib gəlməklə yanaşı, 3 səfər oyununun hamısından xalsız qayıdıb.

Nəticəsi maraqlı hesab oluna biləcək daha bir oyun həmin gün Binə qəsəbə stadionunda keçirilib. Ötən tur gözlənilmədən İOEUGİM-ə minimal hesabla məğlub olan «Neftçi» «Kəpəz»i qəbul edib. Hesabı oyunun əvvəlində Aqil Qurbanovla meydan sahibləri açıblar.

Birinci hissənin son dəqiqələrində gəncəlilər hesabı bərabərləşdirə biliblər və komandalar fasiləyə «sülh şəraiti»ndə yollanıblar. Fasilədən sonra hər iki komandanın kifayət qədər fərqlənmək imkanı olsa da, bu imkanlardan yalnız bir tərəf istifadə edə bilib. Altay Abdulkərimovun «dubl»u sayəsində Tofiq Mustafayevin baş məşqçisi olduğu «Neftçi» aktivinə vacib 3 xal yazdırıb.

Bu oyunlarla paralel «Neftçi Baza»da «Vətən» autsayder «Zaqatala»nı qəbul edib. Burada hər hansı sensasiya qeydə alınmayıb və «Vətən» 5:1 hesabı ilə qalib gələrək xallarının sayını 16-a çatdırıb.

Şənbə günü keçirilməli olan «Qarabağ» - İOEUGİM matçı baş tutmayıb. Buna səbəb qonaqların oyuna gəlməməsi olub. Əldə etdiyimiz məlumata görə, qonaq komanda oyunun şənbə deyil, bazar günü keçirilməsini zənn edib və bu üzdən Bakıya təşrif buyurmayıb.

Halbuki, Yarışların Keçirilməsi Departamenti bütün komandaları oyunun vaxtı və yeri ilə bağlı 2-3 gün əvvəl məlumatlandırır. Diqqətsizlik sumqayıtlılara baha başa gələ bilər. Əsasnaməyə əsasən, oyuna gəlməyən komandaya texniki məğlubiyyət verilir. Bildiyimiz qədər, İOEUGİM rəhbərliyi AFFA-ya məktubla müraciət edərək oyunun başqa tarixdə keçirilməsini xahiş ediblər.

Lakin bunun baş vermə ehtimalı azdır. Hər halda İntizam Komitəsinin sabah keçiriləcək iclasında veriləcək qərarı gözləmək lazımdır. Məhz bu üzdən turnir cədvəlində «Qarabağ» - İOEUGİM matçı nəzərə alınmayıb. Yeri gəlmişkən, «Qarabağ»ın baş məşqçisi Ramil Həbibovun gedişindən sonra bu post müvəqqəti olaraq onun köməkçisi Asif Əliyevə tapşırılıb. Bu həftə komandanın tam olaraq A.Əliyevə tapşırılacağı gözlənilir.

Turun digər oyunları bazar günü keçirilib. Xaqani Məmmədovun rəhbərlik etdiyi «Səbail» «Dalğa Arena»ın 2-ci meydanında Qəhrəman Əliyevin çalışdırdığı «İsgəndər Cavadov» BFA-nı 2:0 hesabı ilə məğlub edib.

Tovuzda keçirilən «Turan» - «Sumqayıt» qarşılaşmasında gözlənilməz nəticə qeydə alınıb. 6 qolun vurulduğu oyunda meydan sahibləri 4:2 hesablı qələbəyə seviniblər. Bununla da Ruslan Abbasovun rəhbərlik etdiyi komanda həm ilk xallarına qovuşublar, həm də sonuncu pillədən qurtularaq oranı «Zaqatala»ya təhvil veriblər. Hansı ki, gələn tur «Turan»ı məğlub etməklə yenidən «yerdəyişmə»yə nail ola bilər.

Turun son oyunu Masallıda keçirilib. «Viləş» çempionluğa əsas namizədlərdən olan «Zirə»ni qəbul edib. Oyun ərzində üstünlük qonaqların tərəfində olub. Rəqib qapısı qarşısında yaratdıqları çoxsaylı təhlükəli epizodlara rəğmən Cəfər Hüseynovun yetirmələri 1-ci hissədə cəmi 2 dəfə fərqlənə biliblər. Hər iki qolun müəllifi Məhəmməd Səfərov olub.

Fasilədən sonra isə Məhərrəm Ramazanlı yekun hesabı müəyyənləşdirən qola imza atıb. Maraq üçün qeyd edək ki, məğlubiyyətə baxmayaraq Masallı təmsiçisi heç də pis təsir bağışlamayıb. Bir qədər də «artırsa», «Viləş»in 2-ci dövrdə istənilən komandaya başağrısı ola biləcəyini proqnozlaşdıra bilərik.

1. Qəbələ 7 6 1 0 24-5 19

2. Zirə 7 6 0 1 13-5 18

3. Vətən 6 5 1 0 27-5 16

4. Kəpəz 6 4 0 2 11-6 12

5. Səbail 7 4 0 3 11-12 12

6. Neftçi 7 3 2 2 13-6 11

7. Sumqayıt 7 3 1 3 18-10 10

8. Keşlə 6 3 0 3 15-12 9

9. Qarabağ 6 3 0 3 12-8 9

10. Viləş 6 2 0 4 7-23 6

11. İOEUGİM 5 1 2 2 7-12 5

12. İ.Cavadov BFA 7 0 3 4 3-14 3

13. Neftçi İK İB 6 0 3 3 2-11 3

14. Turan 6 1 0 5 9-24 3

15. Zaqatala 7 0 1 6 5-25 1

Növbəti turun oyunları noyabrın 11-12-də keçiriləcək: «Zaqatala» - «Turan», «Zirə» - «Vətən», «İsgəndər Cavadov» BFA – «Viləş», «Keşlə» - «Səbail», İOEUGİM – «Qəbələ», «Kəpəz» - «Qarabağ», «Neftçi» İK İB – «Neftçi». Oyunların başlama vaxtı, keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

Qeyd: Fotolar "Qəbələ" - "Keşlə" oyunundandı və "Qəbələ" Futbol Akademiyasının feysbuk səhifəsindən götürülüb.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti