LAYİHƏ - Turun mərkəzi oyunu Sumqayıtda keçiriləcək

3 Noyabr 2017 18:24 Layihə 598
LAYİHƏ - Turun mərkəzi oyunu Sumqayıtda keçiriləcək

«Bakcell U-17 Liqası»nda 9-cu turun təqvimi müəyyənləşib. Həmişə olduğu kimi bu dəfə də bütün oyunlar bazar ertəsi keçiriləcək.

Turun açılış oyunu 13:00-da Aviasiya Akademiyasının stadionunda olacaq. «Zirə» «Neftçi» İK İB-ni qəbul edəcək.

Ötən tur «Mil-Muğan»ı 9 cavabsız topla darmadağın edən qəsəbəlilər bu tur o qədər də güclü olmayan «Neftçi» İK İB-ni məğlub etsələr, 3-cü pilləyə kimi yüksələ bilərlər.

Əks təqdirdə bir neçə pilə aşağı «yuvarlana» bilər. Həm də nəzərə alaq ki, növbəti 2 turda «Zirə» daha «ağırçəkili» «Keşlə» və «Səbail»lə görüşməlidir.

Bu oyundan 1 saat sonra Binə qəsəbə stadionunda digər «Neftçi» meydana çıxacaq. Bakılıların rəqibi «Səbail» olacaq. Son 2 turda «Kəpəz» və «Xəzər Lənkəran»ı qol buraxmadan məğlub edən Fiüzuli Məmmədovun yetirmələri bu qarşılaşmanın favoriti hesab olunsa da, meydan sahiblərini də hesabdan silmək olmaz. Hər halda 80 dəqiqənin sonunda kimin güclü olduğu dəqiq bilinəcək.

Çempionluğa əsas namizədlərdən biri olan «Keşlə» Ağsuya səfər edəcək. Qonaqların bu oyunda xal itirəcəkləri ağlabatan deyil.

Bunu komandaların turnir cədvəlindəki mövqelərinə nəzər salmaqla görmək olar. İndiyə kimi keçirdiyi 8 oyunun 7-də məğlub olan əyalət təmsilçisi yalnız 1 oyunda qələbəyə sevinib ki, bu da autsayder «Mil-Muğan» üzərindəki zəfərdir. «Ağsu» - «Keşlə» matçı 14:00-da Ağsu şəhər stadionunda start götürəcək.

Həmin vaxt Lənkəran şəhər stadionunda daha bir oyun başalayacq. Turnir cədvəlində aşağıdan 3-cü olan komanda yuxarıdan 3-cü komandanı qəbul edəcək. «Xəzər Lənkəran» - «Kəpəz» matçında tərəflərin qələbə şansını bərabər hesab etmək olar. Çünki, «Xəzər Lənkəran» evdə daha yaxşı, «Kəpəz» isə səfərdə nisbətən zəif oyun nümayiş etdirir.

15:00-dakı «Sumqayıt» - «Qəbələ» oyunu digər qarşılaşmalarla müqayisədə nisbətən daha çox maraq kəsb edəcək. Bu oyunu turun mərkəzi oyunu kimi də qələmə vermək olar. «Sumqayıt»ın «Kapitalbank Arena»da keçirdiy oyunlarda məğlubiyyət acısı dadmadığını nəzərə alsaq, lider «Qəbələ»nin bu turda xal itirməsi mümkündür.

Nəhayət, turun son oyunu Binə qəsəbə stadionunda 16:00-da başlayacaq. Ötən tur «Qəbələ»yə böyükhesabla (1:4) məğlub olan «Qarabağ» həmin yenilginin acısını çempionatda xalsız qalan «Mil-Muğun»dan çıxmağa çalışacaq.

1. Qəbələ 8 6 2 0 37-8 20

2. Keşlə 8 6 1 1 21-9 19

3. Kəpəz 8 5 0 3 15-12 15

4. Qarabağ 8 4 2 2 21-13 14

5. Səbail 8 4 1 3 22-12 13

6. Zirə 8 3 3 2 27-7 12

7. Sumqayıt 8 3 3 2 10-7 12

8. Neftçi 8 3 3 2 25-16 12

9. Neftçi İK İB 8 3 1 4 14-19 10

10. Xəzər Lənkəran 8 1 2 5 7-23 5

11. Ağsu 8 1 0 7 14-50 3

12. Mil-Muğan 8 0 0 8 9-46 0

Bombardirlər: Nicat Musayev («Neftçi»)-14 qol, İbrahim Camalov («Qəbələ»)-8 qol, Xəyal Bədirov («Səbail»)-8 qol.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti