LAYİHƏ - U-15 Liqası: Lider dəyişəcək?

3 Noyabr 2017 10:09 Layihə 2 459
LAYİHƏ - U-15 Liqası: Lider dəyişəcək?

Sabah «Boulevard Hotel U-15 Liqası»nda 7-ci tur start götürəcək. Əvvəlki turlardan fərqli olaraq bu dəfə bütün oyunlar eyni gündə oynanılacaq. Eyni vaxtda, saat 14:00-da 4 oyunda hakimlər matçların başlandığını bildirən fit səsləndirəcəklər.

Binə qəsəbə stadionunda «Neftçi» «Kəpəz»i qəbul edəcək. Ötən tur gözlənilmədən İOEUGİM-ə məğlub olan bakılıların özlərinə gəlmələri üçün 4-cü yerdə qərarlaşan «Kəpəz»i məğlub etmələri vacibdir. Əks təqdirdə Tofiq Mustafayevin rəhbərlik etdiyi komanda ən yaxşı halda 8-ci yerdə qalacaq.

Ümumiyyətlə, ötən il U-14 Liqasında çempion olmuş «Neftçi»nin indiki U-15 komandası bu il özünə bənzəmir. Bir neçə futbolçunun U-16 komandasına çağırılması, heyətdə zədəli futbolçuların olması «Neftçi»ni çətin vəziyyətə salıb.

«Kəpəz»ə gəlincə, keçirdiyi son 4 oyunun hamısında qələbə qazanan komanda bu oyunda da qalib gəlməklə əsil gücünü ortaya qoymuş olacaq.

Bu mövsüm uğursuz çıxışla yadda qalan digər komanda «Qarabağ»dı. Ötən tur «Keşlə»yə 1:2 hesablı məğlubiyyətdən sonra komandada məşqçi dəyişikliyi baş verib. Komandanın baş məşqçisi Ramil Həbibov başqa işə keçməsi ilə əlaqədar postunu təhvil verib. Yəni, onun gedişinin son məğlubiyyətlə heç bir əlaqəsi yoxdur.

Həbibovu kimin əvəzləməsindən asılı olmayaraq, «Qarabağ» bu tur İOEUGİM-i yenmək gücündədir. Ötən bazar «Neftçi»ni gözlənilməz şəkildə xalsız yola salan Sumqayıt təmsilçisinin bu dəfə də sensasiya edəcəyi az inandırıcıdır.

3-cü pillənin sahibi olan «Vətən»in də autsayder «Zaqatala» ilə oyunda xal itirəcəyi demək olar ki, mümkün deyil. «Vətən» - «Zaqatala» matçı «Neftçi Baza»da keçiriləcək. «Məktəblilər» hətta qələbə sayəsində liderliyə də yüksələ bilərlər. Bir halda ki, «Zirə» qalib gəlməsin və lider «Qəbələ» məğlub olsun...

Qəbələdə keçiriləcək «Qəbələ» - «Keşlə» matçının favoriti meydan sahibləri hesab edilsə də, qonaqların da «az aşın duzu» olmadığını deməliyik. Heyətində 2 aparıcı futbolçunun zədəli olması bakılıların qələbə şansını azaldır. Lakin onların evə alnıaçıq dönmək şansları var. Turun mərkəzi qarşılaşması hesab olunan bu oyunda hər şey 70 dəqiqənin tamamında bilinəcək.

Digər 3 oyuna gəlincə, onların arasına Tovuzda baş tutacaq oyun nisbətən tez başlayacaq – 15:00-da. «Sumqayıt»ın qəbul edəcək «Turan» sonuncu pillədən qurtulmaq və hesabına xal(lar) yazmaq üçün vuruşacaq.

Düzü, «Sumqayıt»ın bu oyunda qələbə qazanmayacağı gözlənilən deyil. Üstəlik, tovuzluların 2 futbolçusunun cəza səbəbindən turu buraxdıqlarını da qeyd etməliyik. Amma bu, futboldur və gözlənilməzliklərlə gözəldir.

Eyni fikri Aviasiya Akademiyasının stadionunda keçiriləcək «Zirə» - «Viləş» oyunu haqda da demək olar. Oyunun favoriti qismində meydana çıxacaq Cəfər Hüseynovun komandasının əyalət təmsilçisi qarşısında çətinlik çəkəcəyi gözlənilmir. Hətta qələbə sayəsində və «Qəbələ»nin xal itirməsi halında «Zirə» 2 tur əvvəl bu komandaya təhvil verdiyi mövqeni geri qaytaracaq. Yeri gəlmişkən, bu oyunun başlama vaxtı 16:00-dı.

«Dalğa Arena»nın 2-ci meydanında keçiriləcək və günorta 4-də start götürəcək oyunda eyni gücə malik 2 komanda mübarizə aparacaq. Söhbət «Səbail» - «İsgəndər Cavadov» BFA matçından gedir. Qələbə sayəsində hər iki komandanın azı 2 pillə irəliləmək imkanı olduğundan qarşılaşma hər iki komanda üçün əhəmiyyətlidir.

1. Qəbələ 6 5 1 0 19-4 16

2. Zirə 6 5 0 1 10-5 15

3. Vətən 5 4 1 0 22-4 13

4. Kəpəz 5 4 0 1 11-3 12

5. Sumqayıt 6 3 1 2 16-6 10

6. Keşlə 5 3 0 2 14-7 9

7. Qarabağ 6 3 0 3 12-8 9

8. Səbail 6 3 0 3 9-12 9

9. Neftçi 6 2 2 2 11-6 8

10. Viləş 5 2 0 3 7-20 6

11. İOEUGİM 5 1 2 2 7-12 5

12. İ.Cavadov BFA 6 0 3 3 3-12 3

13. Neftçi İK İB 6 0 3 3 2-11 3

14. Zaqatala 6 0 1 5 4-20 1

15. Turan 5 0 0 5 5-22 0

Cəzalılar: Elgün Bayramov, Elcan Şirinov (hər ikisi – «Turan»), Rəhim Cəfərli («Vətən»).

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti