LAYİHƏ: "Neftçi"dən gözlənilməz məğlubiyyət

29 Oktyabr 2017 21:54 Layihə 878
LAYİHƏ: "Neftçi"dən gözlənilməz məğlubiyyət

Bu gün "Boulevard Hotel U-15 Liqası"nda 4 oyunla 6-cı tura yekun vuruldu. "İnter Arena" və "Kapitalbank Arena"da eyni vaxtda başlayan 2 oyunda elə eyni hesab qeydə alındı. Belə ki…

"İnter Arena"nın 4-cü meydanında "Keşlə" "Qarabağ"ı qəbul etdi. Oyun meydan sahiblərinin üstünlüyü ilə başlasa da, zaman-zaman hər iki qapı qarşısında təhlükəli epizodlar yarandı. Lakin hücumçuların qol epizodlarını boşa verməsi, eyni zamanda qapıçıların sayıqlığı hesabın açılmasını ləngitdi.

Nəhayət, 1-ci hissənin sonuna yaxın "Keşlə"nin yarımmüdafiəçisi Hümmət Məmmədov Əli Tağıyevin cinahdan qapı qarşısına ötürdüyü topu qapıdan keçirdi və hesabdakı sıfırlardan biri pozuldu. Hissənin başa çatmasına 1 dəqiqə qalmış qonaqlar oxşar epizoddan fərqləndilər. Fidayə Əzizovun qapı önünə verdiyi ötürməni Peyman Səmədli ilk cəhddən "Keşlə"nin qapıçısı Elmar Əzizovun üstünə, ikinci cəhddən isə "doqquzluğ"a göndərdi – 1:1.

İkinci hissədə rəqibi öz qapısına sıxışdıran "Keşlə" bir neçə epizodda əks-hücumda yaxalana bilərdi. Lakin "Qarabağ"ın futbolçularının qeyri-dəqiqliyi və "Keşlə"nin qapıçısı Elmarın və onu sonradan əvəzləyən Mikayıl Əhmədovun inamlı oyunu meydan sahiblərinin cəzalanmasını əngəllədi.

Rəqibin tam qapanması üzündən oyun qurmaqda çətinlik çəkən "Keşlə" nəhayət, 63-cü dəqiqədə ikinci topu vura bildi. Bu dəfə assistent rolunda çıxış edən Əli Tağıyev qardaşı Məhəmmədin fərqlənməsinə şərait yaratdı. Oyunda başqa qol vurulmayınca, 70 dəqiqənin sonunda sevinən "Keşlə" oldu.

"Kapital Bank Arena"da keçirilən oyunda isə qonaqlar qalib gəldilər. Hesab 1:1 olarkən azlıqda qalmasına rəğmən "Vətən" Fərrux Fərzəliyevin son dəqiqə qolu ilə 3 xalı aktivinə yazdırdı.

Bu oyundan bir qədər sonra Sumqayıtda daha bir oyun start götürdü. Mehdi Hüseynzadə adına stadionda yerli İOEUGİM "Neftçi"ni qəbul etdi. İndiyə kimi qələbəsi olmayan meydan sahiblərinin bu oyunda da adlı-sanlı rəqiblərinə qalib gələ bilməyəcəkləri gözlənsə də, onlar bakılıları minimal hesabla məğlub edə bildilər.

İOEUGİM – "Neftçi" oyununda qeydə alınan nəticəni turun sensasiyası adlandırmaq olar. Turun sonuncu oyunu Zaqatalada keçirildi. 2 əyalət komandası – "Zaqatala" və "Viləş"in mübarizəsində qonaqlar 2:1 hesabı ilə qalib gələrək çempionatda 2-ci qələbələrini qazandılar.

1. Qəbələ 6 5 1 0 19-4 16
2. Zirə 6 5 0 1 10-5 15
3. Vətən 5 4 1 0 22-4 13
4. Kəpəz 5 4 0 1 11-3 12
5. Sumqayıt 6 3 1 2 16-6 10
6. Keşlə 5 3 0 2 14-7 9
7. Qarabağ 6 3 0 3 12-8 9
8. Səbail 6 3 0 3 9-12 9
9. Neftçi 6 2 2 2 11-6 8
10. Viləş 5 2 0 3 7-20 6
11. İOEUGİM 5 1 2 2 7-12 5
12. İ.Cavadov BFA 6 0 3 3 3-12 3
13. Neftçi İK İB 6 0 3 3 2-11 3
14. Zaqatala 6 0 1 5 4-20 1
15. Turan 5 0 0 5 5-22 0

7-cı turun oyunları noyabrın 4-5-də keçiriləcək: "Neftçi" - "Kəpəz", "Qarabağ" - İOEUGİM, "Qəbələ" - "Keşlə", "Səbail" - "İsgəndər Cavadov” BFA, "Viləş" - "Zirə", "Vətən" - "Zaqatala", "Turan" - "Sumqayıt". Oyunların keçirilmə vaxtı və yeri haqqında əlavə məlumat veriləcək.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti