“Neftçi”də strateji əməliyyat

16 Noyabr 2020 16:00 Köşə 1 945
“Neftçi”də strateji əməliyyat

Azərbaycan Ordusu cəbhədə möhtəşəm əməliyyatlar keçirdiyi bir ərəfədə, Bakıda da unikal əməliyyat baş tutdu.

“Neftçi”də məşqçi dəyişikliyi oldu.

“İlin-günün bu vaxtında məşqçi dəyişikliyi” sualını verə bilərsiniz. Amma “Neftçi”yə rəhbərlik edən, kluba dövlətdən pul ayıran “generallar” bu əməliyyatın strateji əhəmiyyətini yaxşı hesablayıblar.

Mən də, elə siz də yaxşı bilirsiniz ki, Azərbaycan futbolunun problemi nə məşqçilərdir, nə də futbolçular. Bunu bizim kimi kəmsavad şəxslər bilirsə, deməli, “Neftçi”ni idarə edən, kluba dövlətdən pul ayıran elitarlar daha yaxşı anlayırlar.

Heç onları futbolun inkişafı məsələsi çimdik boyda da düşündürmür. Azərbaycan futbolu çirkli vəsaitin “yuyulması” üçün ən münbit məkandır.

Hər altı aydan bir məşqçi dəyişirsən, hər məşqçi də xeyli futbolçunu göndərir, bir xeylisini də gətirir. Bu, onların haqqıdır axı. Öz “komandasını” qurmalıdır o məşqçi. Yoxsa ondan nəticə tələb etmək olmaz.

Qurur, nəticə olmur və “yaxşı yol” deyib yola salırlar o məşqçini. Əslində həmin məşqçi yaxşı bilir ki, “Neftçi”yə komanda qurmağa gəlməyib. Heç ondan nəticə də tələb etmirlər. Sadəcə, yarım il, bir il “əməliyyat”ın iştirakçısı olur, çörəkpulu qazanır.

Qarşıdan yağlı bazarlıq vaxtı gəlir. Qış transfer pəncərəsi yaxınlaşır. Xeyli futbolçunu yola salmaq, xeylisini də gətirmək lazımdır, vacibdir, mütləqdir. Pul bu işdədir.

Belə fürsəti əldən vermək olmazdı. Necə ki, vermir Azərbaycan futbolunu idarə edənlər. “Neftçi”nin prezidenti sonuncu əməliyyat zamanı heyrətamiz gediş etdi. İdman direktoru Ceyhun Sultanovu da yola saldı. Yəni demək istədi ki, komandanın bütün problemləri bu adamın boynundadır.

Böyük ehtimalla, Kamran Quliyev “Neftçi”yə sponsorluq edən, ildə dövlətin 10 milyon manatını təkcə bu komandaya ayıran SOCAR-dakı bəzi şəxslər ilə də yaxşı “anlaşır”.

Onlar bu əməkdaşlıqdan yerdən göyə qədər razıdırlar. Yox, “Neftçi”yə ildə 10 milyon manat ayırırıq, nəticə niyə yoxdur” sorğusu edilmir. Əsas odur ki, “yuyulan” vəsaitdən payları vaxtlı-vaxtında çatdırılsın.

Şükür Allaha, bu məsələdə Kamran Quliyevin əlinin həmişə düz olduğu deyilir. Əslində 10 milyon manatdan “yuyulan” vəsait SOCAR rəhbərliyi üçün böyük pul deyil.

Amma yenə də balaların cibxərcliyini çıxardırlar. Naşükür deyillər. Ona görə də gəlirləri sabitdir.

Heç kim onlardan soruşmur. Soruşmur ki, “Neftçi”yə ayrılan 10 milyon manatın nəticəsi hanı? Hara gedir bu vəsait? Hanı komandanın göstərdiyi nəticə? Hanı yetişdirdiyiniz futbolçular?

Azərbaycanın futbol təsərrüfatı, pula görə sorğu-sualın aparılmadığı məkandır. Bacarırsan, mənimsə, ye, tala.

Ölkə də müharibə aparır, milyardlarla vəsait sərf olunur bu müharibəyə. “Neftçi” rəhbərliyini, bu komandaya vəsait ayıran SOCAR rəsmilərini isə qarşıdan gələn qış bazarlığı maraqlandırır.

Siz işinizdə - bazarlığınızda olun, kişilər. Biz də gedək Vətən Müharibəsi - Ordumuzla maraqlanaq.

Natiq Muxtarlı

Xəbər Lenti