Aslan Şahgəldiyev AFFA prezidenti olur, Elgiz də...

29 İyun 14:22 Köşə 2 130
Aslan Şahgəldiyev AFFA prezidenti olur, Elgiz də...

Almanlar bitirdi. Gürcülər başladılar. Ermənilər, ruslar davam edirlər. İspanlar, italyanlar da hakəza.

Azərbaycan çempionatı dayandırılandan sonra ingilislər Premyer Liqada 8 tur keçirməli idilər.

Davam edirlər. Azərbaycanda isə 8 turu yekunlaşdırmaq mümkün olmadı. Ağır çempionatdır axı. Çox ağır. Nə əcəb, PFL prezidenti bu amili nəzərə alıb “bizim çempionatdan güclü çempionat yoxdur, onu başa çatdırmaq heç bir ölkənin işi deyil” demir? Deyər, inşallah, yadına saldım.

Dünya ölkələrində nəinki cari mövsümü yekunlaşdırırlar, hətta növbəti mövsümün də planlarını açıqlayırlar. Federasiya prezidentləri mütəmadi olaraq ictimaiyyətə bu barədə məlumat verirlər.

Elə Liqa rəhbərləri də mətbuata açıqdırlar. Bizdə isə cari mövsümün başına kül ələdilər. Heç olmasa, növbəti mövsümünsə başını qorumaq lazımdır axı. Bunun üçün indidən plan qurulmalı, hökumətlə birgə iş aparılmalıdır.

Görünən odur ki, koronavirus hələ uzun müddət təsirini saxlayacaq. Amma bizim futbol funksionerləri danışmırlar, plan cızmırlar, iş görmürlər. Nöşün ki, bizdə AFFA-nın prezidenti yoxdur. Ta 2008-ci ildən yoxdur.

O vaxtdan deyirik ki, AFFA-ya prezident lazımdır. Prezidentin yoxluğunda idarəetməni əlinə alan sabiq baş katib, yeni icraçı vitse-prezident də yoxa çıxıb. Özü də təkcənə yox olmayıb.

Başının dəstəsi ilə, AFFA-ya topladığı “qaqulya”larla birgə yox olub. Buna ilim-ilim itmək deyirlər. Yəqin ki, canının qorxusundan itib. Adamın yadına futbol düşmür indiki halda. Elə dəstəsinin də. Adama elə gəlir ki, AFFA-nı koronavirus bürüyüb. Rəhbər şəxsləri də dəstəsi ilə birgə karantinə alıblar.

Bir tərəfdən də FİFA, UEFA AFFA-nın hesabına pul köçürdür. Yəqin ki, izolyasiya olunmuş vəziyyətdə o vəsaiti necə “yumağın” yollarını saf-çürük edirlər. İnşallah, çürütməzlər o vəsaiti. Bu işdə pərgardırlar.

Bircə, bu koronavirus ram edilsəydi. Amma güman etmirəm ki, koronavirus xofu onların canından tezliklə çıxsın. Böyük ehtimalla, psixoloqa müraciət edəcəklər. Azərbaycanlı psixoloqların onların psixi halını sabitləşdirəcəyinə də inanmıram. Sərhədlər açılan kimi hamısı xaricə qaçacaqlar. Psixoloq yanına.

Azərbaycanda futbolun olduğunu, ümumiyyətlə, Azərbaycana futbolun lazım olduğunu iki nəfər ciddi-cəhdlə göstərməyə çalışır. Mətbuata onlar danışırlar ancaq. Aslan Şahgəldiyevlə Elgiz Abbasovu deyirəm. AFFA-da futbol haqda düşünən də bu iki nəfərdir, deyəsən.

Deyəsənzis-zadsız elədir ey. AFFA-nın prezidenti yoxdur. Ta 2008-ci ildən. Elə o vaxtdan idarəetməni əlində saxlayan icraçı vitse-prezidenti də koronavirus “ponos” edib. İlim-ilim itib.

Deyirəm, fürsətdir, bəlkə AFFA rəhbərliyini dəyişməyin vaxtıdır. Vallah, hökumət baba, bu, koronavirusun Azərbaycana lütfü olar. Sevinər hamı, savab iş görmüş olar, xalqın alqışını qazanar Azərbaycan hakimiyyəti. İnan, hökumət baba, gürcüləri demirəm, ermənilərin qarşısında gözükölgəli, başıaşağı olmuşuq.

Hökumət baba, axı sən futbola kifayət qədər vəsait ayırırsan. Bəs onda biz niyə gürcülərə, ermənilərə həsəd aparmalıyıq? İnan mənə, AFFA-da idarəçiləri dəyişsən, bircə ilin içində gürcüləri də, erməniləri də haqlayarıq. Kim olur-olsun, bunlardan savayı, inkişaf olacaq, özü də sürətlə.

Allaha and olsun ki, dağa-daşa düşməyə dəyməz kadr üçün, hansısa məmuru da təzədən gətirib AFFA-ya pərçim etməyə lüzum yox. Elə Aslan Şahgəlidyev AFFA prezidenti olsun, Elgiz də icraçı vitse-prezident.

Azərbaycan futbolu indikindən min dəfə artıq inkişaf etməsə, indikindən daha baxımlı, indikindən daha emosional, indikindən daha rəqabətə davamlı olmasa, məni erməni hesab edin. Uşaqlara tapşırarıq, PFL-i də ləğv etməzlər, Ramin Musayevi vəzifəsində saxlayarlar.

İnsafən, Musayev Məmmədovdan min dəfə duzlu adamdır axı. Amma ən çətini bilirsiniz nədir? Azərbaycanda işi bilənə tapşırmaq, çörəyi çörəkçiyə vermək.

Dərdimiz bir deyil, iki deyil. Əslində, dərdimizi də bilirik, dərmanını da. Amma dərmanı alıb dərdimizə əlac edə bilmirik. Bundan da böyük dərd olar, Allah?

P.S. Pandemiya başa çatdıqdan, AFFA rəhbərləri xaricə gedib psixoloq yardımı aldıqdan, koronavirus xofunu üzərilərindən atıb işə çıxdıqdan sonra Aslan Şahgəldiyevlə Elgiz Abbasovu işdən çıxarmasalar, təəccüblənərəm.

Təəccüblənərəm ki, adamların beynini koronavirus dəyişib. Nəsə, inanmağım gəlmir. Təəccüblənəcəyimə.

Natiq Muxtarlı

Xəbər Lenti
10 İyul 20:30 Özil üçün 2 variant
10 İyul 19:02 Çox da şey eləməyin!