"Neftçi"də AĞA ola bilməyən Səlahət və ya kölgələrdə keçən karyera

7 Mart 2020 16:00 Köşə 1 787
"Neftçi"də AĞA ola bilməyən Səlahət və ya kölgələrdə keçən karyera

Səlahət Ağayev "İnter"dəki (indiki "Keşlə") çıxışı ilə bizlərdə gələcəyə böyük ümid yaratmışdı. Deyəsən, elə hər şey "İnter"dəki çıxışla da bitdi. Ümidlər də, arzular da orda qaldı. Bunu biz yox, Səlahətin sonrakı karyerası deyir ...

O, "İnter"dən sonra getdiyi heç yerdə parlamağı bacarmadı. Açığı, Səlahətə "İnter"dən sonra sanballı klublara oynamaq da qismət olmadı. Yalnız "Neftçi" istisna.

"Neftçi"yə kimi yalnız "Sumqayıt"da oynamaq mümkün oldu. O dövrlər "Sumqayıt"ın ortada qalan yerli futbolçular üçün məşq meydançası olmasını isə ölkədə bilməyən yoxdur.

"Neftçi"də isə yalnız oynadı. Parlaq oynadı bir kənara, yaxşı çıxış etdi deməyə adamın dili gəlmir.

Hər halda Füzuli Məmmədovun "Neftçi"yə baş məşqçi təyin olunandan sonra, ilk atdığı addımın qapı mövqeyi ilə bağlı olması heç də məntiqsiz deyildi.

"Neftçi"yə gəldiyi gündən rəqabətsiz mühitdə gözü özündən başqa heç kimi görməyən, zaman-zaman etdiyi kobud səhvlərlə yadda qalan Səlahət Ağayev ehtiyat skamiyaya göndərildi. Görünür, Füzuli Məmmədov elə Bordinin "Neftçi"də olduğu dönəmdən Səlahətin kobud səhvlərinin fərqində olub. Ya bunu Bordinə deməyib, ya da deyilibsə əgər, Bordin bunu qulaq ardına vurub.

Aqil Məmmədov oynadığı klublarda adətən ikinci qapıçı olub. Elə "Neftçi"yə də bu niyyətlə gətirilib. Amma ...

Görün, Səlahət hansı səviyyədə çıxış edib ki, hətta ehtiyat qapıçı kimi gətirilən Aqil belə, hazırda "Neftçi"nin əsas heyəti üçün ondan daha yararlı sayılır. Artıq 5 turdur Aqilin kölgəsində oturub ay sonu maaş almağını gözləyir. Nə karyera maraqlıdı, nə də "Neftçi"nin uğurları. "Səbail"lə görüşdə 1 xal itirən komandanın qapıçısı niyə Rauf Əliyevlə qucaqlaşsın ki? Həm də o, Rauf ki, bərabərlik qolunu vurub, arxasını onun da oturduğu ehtiyat skamiyaya çevirmişdi

Səlahətin milli karyerası da aşağı-yuxarı klubdakı çıxışının eynisidir deyə bilərik. Öncə Kamran Ağayevə əvəzləyici oldu. Kamranın gedişindən sonra əsas heyətin qapıları onun üzünə açıldı. Ammaq o da çox qısa müddət. Meydanda olduğu görüşlər ciddi səhvlərlə yadda qalsa da, Emil Balayevə nisbətdə millidəki təcübəsi nəzərə alınaraq bir növ toxunulmazlıq almışdı. Aldığı zədəyə kimi ...

Xorvatiya millisi ilə Avropa Çempionatının seçmə oyunundab öncə Səlahətin zədəsi ilə bağlı oynamayacağı dəqiqləşdi. Məcburiyyətdən ikinci qapıçı Emil Balayevə şans verildi. Emil isə şans qazandığı ilk oyundaca əla seyvlərlə hər kəsin rəğbətini qazandı. Səlahət zədəsini bərpa edəndən sonra belə millinin qapısı Emil Balayevə əmanət olundu. Səlahət isə vərdişkar olduğu kölgəyə çəkildi. Bu dəfə də Emil Balayevin kölgəsinə. Kölgələrdə keçən karyera bu minvalla davam edir. Əsas odu pul gəlsin. Qalan şeylərə dözmək olar

Xanoğlan İmanov

Xəbər Lenti