Bu, bəlkə də hamıdan çox Qurban Qurbanovu…

25 Fevral 2023 11:00 Köşə 2 069
Bu, bəlkə də hamıdan çox Qurban Qurbanovu…

...2010. «Qarabağ» Avropa Liqasının pley-offunda tarixində ilk dəfə 3 mərhələ keçərək, «Borusiyya» ilə qarşılaşır.

Ardıcıl 2 dəfə çempion olacaq qızıl nəsilli, Klopplu dortmundlulara komanda ilk dəfə böyük azarkeşin də verdiyi təzyiqlə ucuz qollar buraxaraq, ilk oyunda 0:4 hesabıyla məğlub olur.

Sosial şəbəkələrin o qədər də populyar olmadığı dönəmdə komanda o qədər tənqidlə üzləşdi ki… Komandada çalışan 1 məşqçi şoka düşmüşdü.

Dedi, sanki uduzağımızı gözləyirmiş bəziləri. Bura xəyallarımıza inanaraq gəlmişik, elə xəyallarmızla da bəlkə Bakıda onlara 5 qol vuracağımıza inanırdıq. Amma o qədər ağlasığmaz tənqidlər gördüm ki, . Xəyallarımız belə, dağıldı.

...2020. «Qarabağ» İstanbulda Avropa Liqasının ilk «ev» oyununda, Başakşehirdə `Vilyareal`ı qəbul edəndə «Fənərbaxça»nın sabiq mətbuat katibi olan dostum da yanımdaydı.

Təbii ki, oyunun gedişində ispanlar zaman-zaman daha üstün təsir bağışlayır, amma «Qarabağ» dirəşib qol buraxmırdı. Dostumuz epizodların birində bir futbolçumuzun texniki xətasına deyinib məndən soruşdu:

- Abi, bu nə ya? Bu topçu nə qədər alır?
- 300 min avro. (Əslində, qiyməti şişirtmişdim ki, bir az samballı görünsün)

Qardaş səsli hesablama aparmağa apardı: «300 mini vursaq 10-a, 3 milyon avro edir ilə. «Fənər»də də bu qədər alan futbolçular var. Bu pula bundan daha yaxşısını niyə almırsız?»

Gülümsədim: «Yanlış anladın, Aylıq deyil, illikdir maaş. İllik 300 min avro alır.

Heyrətlənir:`İllikmi? Bu topçular illik 300 minə oynayır?
- Yoo… Ən bahalısı. 1-2 nəfər bu qədər alır. Qalanları daha aşağıdır.

Duruxur: Abi, üzr istəyirəm, 300minlik futbolçularla bir neçə ildir qruplarda oynayırsızsa, sizə heykəl qoymaq lazımdır, hocaya da qızıldan.

... Bunları yazdıqda 2017-ci ildə Çempionlar Liqasına vəsiqə qazandıqdan 3 gün sonrakı ««Qəbələ»ylə ilk oyuna toxunmaq istədim. Bir qədər də xatirələrdən 2018-ci ildən BATE-nin idman direktoruyla olan abunə bileti söhbəti canlandı xatirələrin külləri arasında.

Yazmayacam.

Amma elə-belə.

«Gent» «Qarabağ»dan 3 gün qabaq ölkə çempionatında «Leuven»i qəbul etmişdi, 12-ci sırada qərarlaşmış komandayla oyunu 13000 azarkeş izləmişdi.

«Qarabağ» da ondan bir neçə gün öncə çempionatda əsas rəqibi «Sabah»la oynayırdı, oyunu 700 nəfər izləmişdi.

Nə əlaqəi var, hə?

Vaxtilə 200 minə oynayan (mənim 300 dediyim) oyunçu «Qarabağ»ı tərk edib, məğlub olduğu komandaya keçdi, «Gent» isə oyunda yeganə qolu vuran

Orbana qışda 3,2 milyon avro ödəyib sıralarına qatdı.

Nə dəxli, hə?

Kadi satılmışdı 5 milyona. Daha yaxşısını almaq olardı?

Olardı bəlkə.

Amma xatırladım ki, Vadji yayda Fransanın 2-ci liqa xəyallarıyla avrokuboklardan oynamaqdan imtina etdi..Hətta Çempionlar Liqasında oynamamağı belə gözə almışdı.

Yazdıqlarımdan belə çıxır ki, «Qarabağ» uduzmalıydımı? Uduzmaya bilərdi. Uduzmasaydı, daha yaxşı olardı, könlümüz-gözümüz açılardı, 1-2 gün xəyallarda pərvazlanıb, kubokun «isti»sinə qızınacaqdıq.

Amma qələbə yuxarıda qeyd etdiyim əlahəzrət faktları dəyişdirəsi deyildi. Dəyişməsi üçün «nə əlaqəsi var?» sual zehniyyətimizi dəyişməliyik. Tərif sabun köpüyü həqiqəti dəyişmirsə, tənqidin təşnəsində də özümüzü boğmamalıyıq.

Hə, bir də dəyişməyən bir şey var:

Qurban Qurbanov hamıdan daha çox istəyirdi qələbə qazanmağı.

Eləcə də, məğlubiyyət hamıdan çox Qurban Qurbanovu məyus edib..

Nurlan İbrahimov
"Qarabağ"ın mətbuat xidmətinin sabiq rəhbəri

Xəbər Lenti