Xaraktersiz və qorxaqların ən mərdi

8 Aprel 2022 21:20 Köşə 1 480
Xaraktersiz və qorxaqların ən mərdi

Millimizdə əsas söz sahibi olan Canni de Byazinin yığma üzvlərini qorxaq və xaraktersiz adlandırması səmada şimşək effekti verdi.

Əslində adam gördüyünü və bildiyini deyib.

Bu gün əyninə millinin formasını keçirənlərin böyük əksəriyyəti xaraktersiz və qoxaqdır.

Xaraktersizliklərini avropalı rəqibləri ilə oyunlarda göstərirlər. Əlavə sübuta gərək qalmır. Qorxaq olduqlarını isə bu açıqlamadan sonra ortaya qoydular.

AFFA-dakı əsas söz sahibi Elxan Məmmədovun “qara siyahı”sına düşməmək üçün susdular, mumladılar. Ki, hansısa biri Canninin ünvanına nəsə desə, sonrası kafi olar.

Özləri bilər. Təhqir olunan onlardır, biz niyə narahat olmalıyıq ki?

İkinci məsələ baş məşqçinin niyə məhz İtaliyadan olan həmkarımıza danışmasıdır.

Son 1 ildə De Byazidən üzbəüz müsahibə almaq üçün şəxsən AFFA-nın mətbuat xidmətinə bir neçə dəfə müraciət etmişəm. Müraciətim bütün hallarda geri çevrilib.

Ki, danışmaq istəmir, ki, sözləri təhrif olunur, ki, əhvalı yerində deyil, ki, ki, ki...

Əslində adamı gizlədirlər. Veriləcək suallardan qoruyurlar, verəcəyi cavablardan qorxurlar. Gizlətmə planını yıxırlar Canninin üstünə ki, bəs, danışmaq istəmir.

Elədirsə, italiyalı jurnalistlə müsahibədə niyə “telefondan yapışmışdı”? Niyə bülbül kimi cəh-cəh vururdu?

Çünki əcnəbi jurnalistə müsahibə vermək üçün AFFA-dan icazə almayıb. Həmkarımız baş məşqçi ilə danışmaq imkanı yaxalayıb, o da Malta və Latviya oyunlarının əsəbini həmin müsahibəyə töküb.

Bu iki oyun gözlərinin önünə gəlincə, futbolçuları qorxaq və xaraktersiz adlandırıb.

İndi daş atıb başınızı tutun ki, De Byazi elə deməyib. Lap AzTV-nin efirinə çıxıb üzrxahlıq eləsin, yenə xeyri yoxdur. Adam fürsət yaxalamışkən içindəkiləri dilinə gətirib və düz də edib.

Hələ millidən getsin, görün onda nələr danışacaq. Siz onun Azərbaycan mətbuatına danışması üçün ağzını bağlaya bilərsiniz.

Amma adam lazım olan yerdə lazım olan sözləri deməyi bacarır. Burdan gedən günün səhəri hələ AFFA-dan nələr danışacaq, onu Allah bilir.

De Byazinin acı etirafı ilə tanış olandan sonra bir şeyi anladım ki, 65 yaşlı məşqçi qorxaq və xaraktersizlərin içində ən mərdidir.

Özünüz başa düşdünüz də...

HƏBİB

Xəbər Lenti