“Qarabağ” üçün səviyyəli hücumçu

13 Dekabr 2021 16:00 Köşə 6 352
“Qarabağ” üçün səviyyəli hücumçu

“Bazael” – “Qarabağ” qarşılaşmasından sonra futbol ictimaiyyəti arasında zaman-zaman müzakirə olunan sual yenidən gündəmə gəldi: “Qurban Qurbanov səviyyəli hücumçu almalıdır”.

Yəni müzakirələrdən belə çıxır ki, səviyyəli hücumçular çoxdur, amma Qurbanov tərslik edib almır, israrla İbrahima Vadji kimi orta səviyyədən də aşağı hücumçular transfer edir.

Səviyyəli hücumçu necə olur? Səviyyəli hücumçu harada oynamalıdır? Əvvəlcə gəlin bu suallara cavab tapaq.

Sizi bilmirəm, mənim dünya futbolunda gördüyüm tendensiya belədir: səviyyəli hücumçu İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarında oynayır, milyonlarla dollar məvacib alır.

Bir də var hücumçu. Yəni səviyyəli hücumçu olmağa can atanlar. Onlar harada oynayırlar?

Hollandiya, Portuqaliya, Belçika, Rusiya, Danimarka kimi ölkələrin çempionatlarında. Oralarda özlərini sübut edib “səviyyəli hücumçu” statusuna yüksəlir və üz tuturlar “böyük beşlik” ölkələrinə.

Bir də var, hücumçu olmaq istəyənlər. Onları da, əsasən Çexiya, Serbiya, Xorvatiya, Slovakiya, Polşa kimi ölkələrin çempionatlarında tapmaq mümkündür.

Hə, bir də var “hücumçu olmaq” perspektivi görünməyən futbolçular. Belələri, Çexiya, Serbiya, Xorvatiya, Slovakiya, Polşa çempionatları üçün də yararsız sayılırlar. Və üz tuturlar hara?

Hə, indi bir dönün Azərbaycanın 8 komandalı çempionatına baxın. Baxın və ondan sonra “səviyyəli hücumçu” ifadəsini işlədin.

Belə çempionatda “səviyyəli” hücumçunun nə iti azıb?

Belə çempionatda “səviyyəli hücumçu”nun yox, hücumçunun nə ölümü var? Belə çempionata hücumçu olmaq istəyən niyə gəlsin?

Çempionatımıza baxaq və ayıbımıza kor olaq. Belə çempionatda “Qarabağ” kimi komandanın olması, zibildən konfet düzəldilməsi deməkdir.

Bunu bacardığı üçün Qurban Qurbanova da təşəkkür edin, hərdən-birdən ey. Yoxsa, ümumiyyətlə ağzınızın dadı olmazdı, zibil çeynəməkdən.

Natiq Muxtarlı

Xəbər Lenti