Milli Məclisdən də xəbər gəldi ki...

25 Fevral 2021 13:00 Köşə 3 062
Milli Məclisdən də xəbər gəldi ki...

“Futbol elə Bakıdan ibarətdir?

Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr?

Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Niyə ölkə futbolu yerində sayır?

Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?”

Tahir Kərimli aidiyyatı qurumları məsələyə ciddi yanaşmağa dəvət edib: "Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır.

Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin. Artıq həyəcan təbili çalmaq lazımdır”.

Millət vəkili Tahir Kərimli deyib bu sözləri. Şükür kərəminə, ilahi, artıq Milli Məclisdən də xəbər gəldi. Xəbər gəldi ki, ordakılar da futbolumuzdakı reallıqdan xəbərdardılar. Hətta o da məlum oldu ki, həyəcan təbili çalmağı da planlaşdırıblar.

Bilirəm, indi hamınızı bir sual düşündürür: Əhli-Azərbaycanın 2008-ci ildən bəri bildiyi bu həqiqəti Milli Məclisin üzvləri – yəni əhli-Azərbaycanın seçdiyi deputatlar niyə indi biliblər?

Ağlınıza başqa fikir gəlməsin, bizim deputatlar həmişə xalqın arasında olublar. Onların xalqla birliyi, əlaqəsi heç vaxt itməyib.

Sadəcə, əhli-Azərbaycan Yerdə, millət vəkilləri isə Marsda yaşayırlar. Yerdən Marsa siqnalın getməsi üçün nə qədər zaman lazım olduğunu hesablayın.

Və məlum olacaq ki, əhli-Azərbaycanın 2008-ci ildən bildiyi həqiqət millət vəkillərinə, təxminən, 2015-ci ildə çatıb.

Onlar da dərhal buna münasibət bildiriblər, təbii ki, Tahir Kərimlinin vəkilliyi ilə. Marsdan göndərilən xəbər də 2021-ci ildə Yerə varid olub.

Artıq intensiv əlaqə bərpa olunub. Daha narahatlığa əsas yoxdur. Tahir müəllim deyib ki, həyəcan siqnalı çalmaq lazımdır.

Ehtimal olunur ki, o həyəcan siqnalı, təxminən, 2016-cı ildə çalınıb və yoldadır. Çox yaxın günlərdə əhli-Azərbaycan o siqanlın səsini eşitmək xoşbəxtliyini də yaşayar.

Gözünüz göydə, qulağınız Marsda olsun, muştuluğumu verməyi də yadan çıxartmayın. Təbii ki, həyəcan siqnalını eşidəndən sonra.

Natiq Muxtarlı

Xəbər Lenti