
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Xabi Alonsonun “Real”ın baş məşqçi postuna mümkün təyinatına nikbinliklə yanaşır.
Sportinfo.az xəbər verir ki, o, “Marca”-ya açıqlamasında sabiq futbolçunun doğma klubuna qayıdışını bütün İspaniya futbolu üçün önəmli hadisə kimi dəyərləndirib:
“Xabi Alonsonun İspaniya futboluna və “Real”a qayıdışını görmək mənim üçün sevindirici haldır.
Onun bütün karyerası bu klubla bağlı olub. Belə bir təyinat klub rəhbərliyinin müdrikliyini və uğura olan istəklərini göstərir”.
La Liqa rəhbəri Alonsonun xaricdəki, xüsusilə, Almaniyada Leverkuzen “Bayer”i ilə qazandığı uğurları yüksək qiymətləndirib:
“Alonso hazırda dünyanın ən yaxşı məşqçilərindən biridir. Almaniyada, xüsusilə də, uzun illərdir hegemonluq edən “Bayern”i geridə qoyaraq çempion olmaq asan deyil, ancaq o, bunu parlaq şəkildə bacardı.
Bu, onun yüksək səviyyəli işindən və “Real”ı idarə etməyə tam hazır olmasından xəbər verir”.
Məlumatlara əsasən, “kral klubu”nun yeni baş məşqçisinin adının rəsmi olaraq 15 iyunda başlayacaq Klublararası dünya çempionatından əvvəl açıqlanacağı gözlənilir.