
İngiltərə Premyer Liqasının 37-ci turunda “Çelsi” doğma meydanda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
Qələbə qolunu 71-ci dəqiqədə ispaniyalı müdafiəçi Mark Kukurella vurub. Bu nəticə ilə London təmsilçisi UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.
Oyundan sonra “Çelsi”nin baş məşqçisi Enzo Mareska jurnalistlərin klub üzərindəki təzyiqlərini tənqid edib.
Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, o mətbuatın indiki “Çelsi”ni illər əvvəlki kimi görməkdə israr etdiyini, halbuki klubun artıq fərqli yanaşma ilə idarə olunduğunu bildirib:
“Mənim üçün əsas problem siz jurnalistlərsiz. Hələ də “Çelsi”nin bir neçə il əvvəlki klub olduğunu düşünürsüz. Amma bu belə deyil. Artıq daha az büdcə ilə işləyirik və məqsədimiz pul xərcləmək deyil, quruculuqdur”.
“Çelsi” son dəfə İngiltərə çempionu adını 2017-ci ildə qazanıb. Komanda hazırda həm Premyer Liqada yüksək pillə uğrunda mübarizə aparır, həm də mayın 28-də keçiriləcək Konfrans Liqasının finalında “Betis”lə qarşılaşmaya hazırlaşır.