Azərbaycan futbolunda peşəkar oyunçu idarəçiliyi və idman menecmenti sahəsində fəaliyyət göstərən "Asadov Pro Bridge" futbol agentliyi heyətini yeni fitnes və performans məşqçisi ilə gücləndirib.
Agentliyin rəhbəri, FIFA lisenziyalı agent Emil Əsədov gənc və iddialı fitnes-performans məşqçisi Ramin Tağıyevlə rəsmi müqavilə imzalayıb.
Keçmiş peşəkar futbolçu olan Ramin Tağıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.
Futbolçu karyerasına "Bakı"da başlayan, daha sonra "Neftçi"nin akademiyasında və “dubl” heyətində çempionluq sevinci yaşayan Tağıyev karyerasını "Zirə"də davam etdirib.
Zədə səbəbindən futbolçu karyerasını erkən başa vurandan sonra diqqətini atletik performans, fiziki hazırlıq (strength & conditioning) və fitnes məşqçiliyinə yönəldən gənc mütəxəssis bu sahədə ciddi təhsil və təcrübə yolu keçib.
O, "SAY Training Center" və "London Sport Academy" kimi tanınmış beynəlxalq təlim mərkəzlərinin sertifikatlarını əldə edib.
Ramin Tağıyevin ən diqqətçəkən məqamlarından biri isə "Qarabağ"ın əsas komandasında keçdiyi rəsmi praktika olub.
O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klubun fiziki hazırlıq üzrə təcrübəli mütəxəssislərinin iş prosesində 1 ay boyunca yaxından iştirak edərək real təcrübə qazanıb.
Ramin Tağıyev hazırda öz peşəkar biliklərini daha da artırmaq üçün dünyanın ən nüfuzlu fitnes təhsil sistemlərindən sayılan NASM-ın (National Academy of Sports Medicine) "Certified Personal Trainer" (CPT) beynəlxalq dərəcəli proqramı üzrə təhsilini davam etdirir.
"Asadov Pro Bridge" agentliyi yeni tərəfdaşı ilə uzunmüddətli əməkdaşlığa başladığını və Ramin Tağıyevin peşəkar inkişafına tam dəstək verəcəyini bəyan edib.
SPORTİNFO.AZ

