Komandir qaçdı, polk dağıldı və... ŞOK DETALLAR AÇIQLANDI

28 Yanvar 17:30 Hadisə 493
Komandir qaçdı, polk dağıldı və... ŞOK DETALLAR AÇIQLANDI

2020-ci ilin payızında gedən müharibə zamanı qondarma “Dağlıq Qarabağ müdafiə ordusunun” möhkəmləndirilmiş müdafiə rayonlarından birinin komandiri olmuş polkovnik V.İ. cinayət məsuliyyətinə cəlb edilib.

Sportinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun barəsində iki maddə ilə cinayət işi qaldırıb – hərbi xidmət öhdəliklərini yerinə yetirməkdən imtina və xidmətə səhlənkar yanaşma.

Məlumata görə istintaq müəyyən edib ki, Qarabağda gedən döyüşlər zamanı hərbi vəziyyət şəraitində polkovnik oktyabrın 10-dan 13-nə qədər polk komandiri vəzifəsini yerinə yetirməkdən imtina edib. Bu da “polkun fəaliyyətinin dayanmasına” gətirib çıxarıb. İstintaq digər təfərrüatları açıqlamır.

Xatırladaq ki, 44 günlük müharibənin gedişində Ermənistan işğalçı qüvvələrinin sıralarından 10 mindən yuxarı əsgər və zabit, o cümlədən yüksək rütbəli zabitlər fərarilik edib. Bu rüsvayçı və kütləvi fərarilik halları ilə bağlı Ermənistanda minlərlə cinayət işi qaldırılıb, lakin fərarilik halları o dərəcədə kütləvidir ki, hüquq-mühafizə orqanları onların hamısını məsuliyyətə cəlb etməyi mümkün hesab etmirlər.

Sonradan erməni hərbçilərinin özlərinin danışdıqlarına əsasən fərarilik ən rüsvayçı formalarda baş verirdi. Məsələn, Hadrut ətrafında gedən döyüşlər zamanı Azərbaycan xüsusi təyinatlılarının qəfil yaxınlaşdığını görən artilleriya diviziyonunun komandiri əsgərlərini ataraq UAZ-a tələm-tələsik minib elə qaçmışdı ki, yaralı əsgərin də maşına minməsini gözləməmişdi. Yaxud Cəbrayıl istiqamətində gedən döyüşlərdə sonuncu müdafiə eşalonunun darmadağın edildiyini və Azərbaycan ordusunun böyük qüvvə ilə hücuma keçdiyini görən erməni general yaralı əsgəri sanitar maşınından düşürərək özü həmin maşına minib qaçmışdı.

İndi polku buraxıb qaçan həmin erməni polkovnikin hansı istiqamətdə “müdafiə rayonuna” başçılıq etdiyi göstərilməsə də Azərbaycan Müdafiə Nazirliyinin 44 günlük müharibə zamanı yaydığı, oktyabrın 10-dan 13-nə qədər olan cəbhə xəbərləri xronikasına nəzər salmaq maraqlıdır.

Müdafiə Nazirliyi oktyabrın 10-da bildirirdi ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

“Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib”, - həmin gün axşam saatlarında yayılan məlumatda deyilirdi.

Oktyabrın 11-də səhər saatlarında yayılan məlumatda isə belə deyilirdi:

Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib. 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Oktyabrın 12-də Müdafiə Nazirliyinin yaydığı məlumatda da düşmən ordusunun sıralarında əsgər və zabitlərin fərariliyi, komandirlərin döyüş mövqelərini qoyub qaçması haqda bəhs edilirdi.

Sitat: “Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var. Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tank əleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib”.

Düşmən ordusunda fərarilik hallarının qeydə alındığı Müdafiə Nazirliyinin sonrakı günlərdə yaydığı cəbhə xronikasında da əksini tapırdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 10:40 Sərfəli və münasib
17 May 00:20 Beyl "Real"dan gedir