"Bilmirdim ki, mənim danışmağım lazımdır"

8 Dekabr 2021 09:00 Hadisə 487
"Bilmirdim ki, mənim danışmağım lazımdır"

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib.

Açılışın əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mariana Vasileva yarış iştiraçılarını salamlayıb:

"Bilmirdim ki, mənim danışmağım lazımdır. Amma hamını təbrik edirəm. Çünki bu yarış çox vacibdir.

Pandemiyaya görə bizim turnirlərin çoxu baş tutmayıb. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun".

Namiq Əliyev iki il müəyyən problemlər ucbatından çempionatı keçirə bilmədiklərini söyləyib:

"Artıq bu il yarışı təşkil edirik. Azərbaycan çempionatı bizim üçün çox önəmlidir. Ağır olimpiada ilini geridə qoyuruq.

Bizim idmançılar olimpiadada 3 medal qazanıblar. Ötən illərə baxanda nəticə bizi qane etmir. Amma olimpiada medalı tam fərqlidir.

Pandemiya bir az səngiyir və idman öz həyatına qayıdır. Azərbaycan birinciliyini keçirmək də onun bariz nümunəsidir.

Yarışda bizi maraqlı mübarizələr gözləyir. Növbəti Paris-2024 Yay Olimpiya Oyunlarına az qalıb. Çempionatın qalibləri bizi olimpiya təsnifat turnirlərində təmsil edəcəklər".

Fərid Mansurov da iştirakçıları salamlayıb və güləşçilərə uğurlar arzulayıb. Dövlət Himninin səslənməsindən sonra Azərbaycan çempionatı açıq elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti