Ermənistanda yeni böhran: Siyasi hədəfləri "Zəngəzur xofu" müəyyən edir

15 May 2021 14:30 Hadisə 958
Ermənistanda yeni böhran: Siyasi hədəfləri "Zəngəzur xofu" müəyyən edir

Ermənistanda "Zəngəzur xofu" yaşanır.

Bu düşmən ölkənin mətbuat orqanları son vaxtlar əsas diqqəti məhz Zəngəzur mövzusuna yönəldib. Və bu baxımdan, Ermənistan cəmiyyətinin yeni siyasi-psixoloji böhranla üzləşdiyi qətiyyən şübhə doğurmur.

Təbii ki, Ermənistanda "Zəngəzur xofu"nun güclənməsində 44 günlük savaşda sarsıdıcı məğlubiyyətin xüsusi rolu olmamış deyil. Hər halda, bu xof hələ üçtərəfli anlaşmanın imzalandığı ilk günlərdən ortaya çıxmağa başlayıb. O vaxt erməni politoloqlar Paşinyan hakimiyyətini hərbi məğlubiyyətə görə ittiham etməklə yanaşı, Azərbaycanın tezliklə Zəngəzuru tələb edəcəyini vurğulayırdılar. Böyük ehtimalla Zəngəzurun ermənilərə heç bir tarixi aidiyyatı olmadığını bildikləri üçün belə proqnozlarla həyəcan təbili çalırdılar.

Tezliklə məlum oldu ki, üçtərəfli anlaşmada Zəngəzur ilə bağlı da maddə var. Yəni həmin sənəd həm də Zəngəzur dəhlizinin yaradılmasını nəzərdə tutur. Və ermənilər bundan ciddi şəkildə narahatdırlar.

16022523875593112483_1000x669.jpg (306 KB)

Ancaq bu məsələnin baş tutması artıq demək olar ki, qarşısıalınmaz prosesdir. Çünki üçtərəfli anlaşmanın onu imzalayan ölkələr tərəfindən icrası bunu tələb edir. Rəsmi Bakı da bu məsələdə qətiyyətli və prinsipial mövqe tutur.

Azərbaycan Prezidenti İlham Əliyev isə Zəngəzur dəhlizinin yaradılmasına tarixi əhəmiyyət verir: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq".

Göründüyü kimi, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı konkret və dəqiq hədəfləri mövcuddur. Rəsmi Bakı heç bir halda bu hədəflərdən imtina etmək və onları müvəqqəti də olsa, təxirə salmaq niyyətində deyil. Hətta regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması da məhz Zəngəzur dəhlizinin yaradılmasına bağlı məsələyə çevrilməyə başlayıb.

Ancaq ermənilər bu məsələyə müqavimət göstərməyə çalışırlar. Onlar bütün mümkün vasitələrlə üçtərəfli anlaşmanın Zəngəzur dəhlizi ilə bağlı maddəsinin icrasını əngəlləməyə cəhd edirlər. Və bu mövzu ətrafında mümkün qədər mübahisəli situasiya yaratmaqla, gərginliyi artırmaq məqsədi güdürlər.

Maraqlıdır ki, son günlər belə cəhdlər daha çox Ermənistan mətbuatı üzərindən edilməyə başlayıb. Hətta bu mövzuda provakativ məlumatların yayılması belə, müşahidə edilir. Hər halda, Azərbaycan ordusunun Zəngəzur istiqamətində üç kilometr irəliləməsi və silahlı toqquşmaların baş verməsi barədə Ermənistan KİV-lərində yayılmış məlumatların təxribat xarakterli olduğu qətiyyən şübhə doğurmur.

zengezur_161019.jpg (107 KB)

Daha sonra isə erməni mətbuatı "stəkanda fırtına" əməliyyatını daha da genişləndirməyə çalışdı. Belə ki, bu qondarma mövzuya Rusiyanı da bulaşdırmağa çalışdılar. Guya ki, sərhəd bölgəsində baş vermiş silahlı insidentlə bağlı hətta Ermənistandakı Rusiya hərbi aviasiyası da havaya qaldırılıbmış. Rusiya hərbi qüvvələri isə sərhəddə yaranmış vəziyyətin normallaşdırılması prosesində iştirak edirlərmiş.

Bu, yalan üzərində qurulmuş və regionda gərginlik yaratmaq məqsədi daşıyan ənənəvi erməni taktikasından başqa bir şey deyil. Elə uydurulmuş iddialarla başladılan bu hay-küyün içərisindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yönəlik müraciətlərin də eşidilməsi əsas məqsədi təxmin etməyə imkan verir. KTMT-nın mayın 25-də Moskvada keçiriləcək toplantısında Ermənistanın hərbi müttəfiqlərin dəstəyinə ehtiyacı olduğuna yönəlik süni görüntü yaratmağa çalışırlar.

Belə anlaşılır ki, Ermənistanda bəzi siyasi dairələr hələ də yeni regional reallıqlarla barışmaq niyyətində deyil. Regionda hərbi-siyasi gərginliyi artırmaqla, vəziyyəti dəyişə biləcəklərinə ümid bəsləyirlər. Və bu işi də məhz mətbuat orqanları üzərindən uydurma məlumatlar yaymaqla, görməyə çalışırlar.

Erməni mətbuatı iddia edir ki, belə insidentlərin həlli Rusiyanın öhdəliklərinə daxildir. Və Kreml hazırda məhz sərhəddəki silahlı insidentlə məşğuldur.

Ancaq Ermənistan regionda belə siyasi-psixoloji əməliyyatlar reallaşdırmaq üçün çox kiçik və zəif ölkədir. Yəni belə əməliyyatlar ermənilərin regiondakı durumlarına uyğun deyil. Üstəlik, Kreml də Rusiya üzərindən belə oyunların qurulma cəhdlərinə imkan verə bilməz. Elə Kremldən rəsmi İrəvana diplomatik kanallarla edilmiş xəbərdarlıq da bunu təsdiqləyir. Üstəlik, həmin xəbərdarlığın rəsmi İrəvandan təkzib açıqlaması qoparacaq qədər sərt olduğu da məlumdur.

post-maxresdefault (1).jpg (100 KB)

Məsələ ondadır ki, Ermənistan Müdafiə Nazirliyi mətbuatı ittiham etmək məcburiyyətində qalıb: "Zəngəzur (Sünik) istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri sərhəd xəttinin tənzimlənməsi məqsədilə Ermənistan Silahlı Qüvvələrinin zabitləri ilə müzakirələr aparıblar. Sərhəd xəttində heç bir atəşkəs pozuntusu və ya təxribatdan söhbət belə, gedə bilməz. Bu, sadəcə, dezinformasiyadır".

Üstəlik, Ermənistan cəmiyyətində bu dezinformasiyanın təsirini azaltmaq ehtiyacı da yaranıb. Ona görə də, hərbi nazirliyin bəyanatı yerli idarəetmə orqanının məlumatı ilə möhkəmləndirilib. Həmin məlumatda vurğulanır ki, "Türk (azərbaycanlı) zabitlər İşxanasar/Qızılcıq kəndinin otlaq sahələrinə gələrək, GPS ilə kəndin yaxınlığında yerləşən gölün Azərbaycana aid olduğunu bildirblər. Heç bir atışma və ya hər hansı insident baş verməyib. Hazırda müzakirələr davam edir. Türklər öz fikirlərini diqtə etməyə çalışırlar".

Göründüyü kimi, normal bir prosedur məqsədli şəkildə sərhəddə silahlı insident kimi təqdim edilirmiş. Ermənistan mətbuatı vasitəsilə Rusiyanın da bulaşdırılmasına cəhd göstərilən süni gərginlik ocağının yaradılmasına çalışılan. Bu mövzuda Rusiya və Azərbaycan rəsmilərinin istənilən emosional açıqlaması ermənilərin planına yaraya bilərdi. Halbuki bu, baş vermədi.

Əksinə, bu məsələ ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən ölkə mediasına xəbərdarlıq edilməsi tamamilə fərqli prosesin başladığını göstərir: “Ermənistan mediasında “Azərbaycanlı hərbçilərlə sərhəddə gərginlik baş verib” tipli xəbərlər yayılıb. Ölkə mediasını diqqətli olmağa, əsassız xəbərlər yaymamağa çağırırıq".

Screen Shot 2019-06-25 at 7.08.07 PM.png (1.07 MB)

Belə anlaşılır ki, erməni mətbuatı məqsədli şəkildə dezinformasiya yayıb. Üstəlik, "barıt"ını da bir az çox edib. Nəticə isə göz qabağındadır. Oyunu quranlar indi yaxalarını kənara çəkirlər və istifadə etdikləri aləti - erməni mediasını "günah keçisi"nə çevirməyə çalışırlar. Hətta bildirirlər ki, iki ölkə arasında sərhəd xətti müəyyən edildiyindən gələcəkdə də bəzi anlaşılmazlıqların olması normaldır. Və əsas məsələ ondadır ki, bütün bunlar atəşkəs rejiminin pozulmasına səbəb olmasın.

Ancaq Ermənistanda bütün siyasi dairələrin belə düşündüyünə əmin olmaq çox çətindir. Çünki məhz bu məsələni iki ölkə arasında gərginlik səbəbinə çevirməklə, siyasi divident toplamağa can atanlar olmamış deyil. Eyni zamanda, belə gərginliklərin yaradılması ilə Zəngəzur dəhlizi layihəsini dalana dirəmək cəhdləri də sezilir.

Ermənistanın keçmiş prezident və hərbi cinayətkar Robert Köçəryanın bu məsələyə münasibəti də bunu təsdiqləyir. O, iddia edir ki, Zəngəzur Ermənistana qarşı təhlükələrin əsas ağırlıq mərkəzidir. Onun fikrincə, Ermənistanın regional taleyi məhz Zəngəzur böhranının necə həll olunacağından asılıdır. Üstəlik, R.Köçəryan Ermənistana qarşı təhlükənin çox ciddi olduğunu və Zəngəzurun ermənilərin yeni mübarizəsində əsas simvola çevriləcəyini düşünür.

Bütün bunlar onu göstərir ki, Ermənistanda "Zəngəzur xofu" yaşanır. Və bu məsələ bəzi erməni siyasi dairələri tərəfindən məqsədli şəkildə yeni gərginlik mövzusu kimi təqdim edildiyindən real qarşıdurma ehtimalı da olmamış deyil. Bu baxımdan, Ermənistan, daha doğrusu, Paşinyan hakimiyyəti üçün "Zəngəzur böhranı" qaçılmaz ola bilər.

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti