Bu gün Avropa və Konfrans Liqalarında 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmaları oynanılacaq.
Avrokuboklarda mübarizəni davam etdirən 3 klubumuz ilk matçlarını Bakıda keçirəcək.
Bir sözlə, Bakıda əsl futbol bayramı yaşanacaq.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov hər üç komandamızın matçöncəsi durumlarını dəyərləndirib, qarşılaşmalar ətrafında maraqlı fikirlər səsləndirib:
“Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Finlandiya HİK-ini sınağa çəkəcək.
Tərəflərin mövcud performansını təhlil etdikdə, ağdamlıların rəqibindən öndə olduğunu deyə bilərik. Qonaqların daha çox müdafiə futbolu nümayiş etdirib, əks-hücum taktikası seçəcəyi gözlənilir.
Komandamız oyuna nəzarəti ələ almaq üçün ilk dəqiqələrdən etibarən həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmalıdır.
Ağdamlılar hücumlar zamanı 6-7 nəfərlə çoxala bilsələr, rəqibin müdafiəsində boş zonalar tapmaqda çətinlik çəkməzlər.
Çünki sürətli oyunda qonaqlar mövqe seçimlərində ciddi səhvlərə yol verirlər.
Meydanda ikinci və üçüncü zonaya keçid oyununda daha sürətli və texnikalı futbolçularımız sayəsində çox fərqli qalibiyyət də əldə edə bilərik”.
Tanınmış yazar Konfrans Liqasında mübarizəni davam etdirən təmsilçilərimizdən “Neftçi”nin “Beşiktaş”a qarşı keçirəcəyi oyunla da bağlı maraqlı fikirlər səsləndirib:
“Qonaqlar kağız üzərində favoritdirlər. Yarımmüdafiə xəttinin əsas fiqurlarından Qedson Fernandes-Amir Hadcıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda, rəqibdən top almalarda ən önəmli qüvvədirlər.
Əsas şərt Fernandeslə bu futbolçuların bağlantısını kəsməkdir. Eddi İsrafilovun, Emin Mahmudovun və Ataa Caberin üzərinə böyük iş düşəcək.
Fernandes çox sürətlidir, onu saxlamaq üçün də Eddi ilə Ataa gərək indiyəcən göstərdikləri performansdan daha artığını nümayiş etdirsinlər.
"Beşiktaş"ın heyətində ən önəmli simalardan biri Vinsent Abubakardır. Burada da "Neftçi"də müdafiəçilər Matiasla Tamasın işi asan olmayacaq.
Qonaq komandaya qarşı oynayarkən hücumları sol cinahından təşkil etməyimiz daha yaxşı olardı.
Çünki Artur Masuaku qırmızı vərəqə aldığına görə bu mövqedə Umut Meraş çıxış edəcək və bu, həmin bölgədə ciddi problem yaşadacaq”.
Elçin Cəfərov Konfrans Liqasındakı digər təmsilçimiz “Sabah”ın evdə Serbiya “Partizan”ını sınağa çəkəcəyi qarşılaşma barəsində isə bildirib ki, avrokuboklar təcrübəsinə əsasən favorit qonaqlardır:
“Komandamız topu rəqibə verdib, daha çox topsuz oyunda iştirak etmək planı seçərsə işimiz çox çətin olacaq.
Çünki “Sabah”da mərkəz müdafiəçiləri ilə cinahlar arasında mövqe sığortalamasında problem var.
Ona görə də rəqibin kimliyindən asılı olmayaraq öz oyununu oynamalı, topun daha çox meydançanın rəqibə aid hissəsində qalmağına çalışılmalıdır. Xüsusilə, standart vəziyyətlər zamanı çox diqqətli olmaq lazımdır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

