Vətənə dönən iranlı futbolçuları nə gözləyir?

5 Dekabr 2022 02:50 Gündəm 453
Vətənə dönən iranlı futbolçuları nə gözləyir?

Sportinfo.az xəbər verir ki, Qətərdə keçirilən 22-ci dünya çempionatının B qrupunda yer almış və noyabrın 29-u mərhələnin son turunda ABŞ yığmasına uduzaraq (0:1) çempionatdan ələnmiş İran milli komandası vətənə dönüb.

“Associated Press” agentliyinin məlumatına görə, ABŞ-la oyundan bir gün sonra gecə İrana qayıdan futbolçuları Tehranın beynəlxalq aeroportunda onlarca azarkeş qarşılayıb.

Onlar əllərində İranın dövlət bayraqlarını tutaraq futbolçuları alqışlayıblar.

“Associated Press” qeyd edir ki, indiki həssas dövrdə belə alqışlar bir qədər ikimənalı təsir bağışlayır.

İran millisi dünya çempionatında üç görüş keçirib. Noyabrın 21-i İngiltərə yığması ilə qarşılaşarkən (2:6) iranlı futbolçular dövlət himninin musiqisini səssizcə dinləyib, himnin sözlərini oxumayıblar.

Media quruluşları, sosial şəbəkə istifadəçiləri bunu futbolçuların İranda keçirilən aksiyalara dəstək verməsi, nümayişləri amansızlıqla yatırtmağa çalışan hökumətə etirazı kimi yozub.

Amma noyabrın 25-i Uels millisi ilə görüşdə (2:0) İran yığmasının himni oxuduğu müşahidə olunub. ABŞ-ın CNN kanalı iddia edir ki, bunun kökündə İran hakimiyyətinin ciddi təhdidləri durur.

Kanalın özəl mənbələrdən əldə etdiyi bilgiyə görə, İngiltərə yığması ilə görüşdən sonra iranlı futbolçular İran rejiminin əsas dayağı sayılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ilə görüşə çağırılıblar.

Görüşdə futbolçulara deyiblər ki, onlar növbəti oyunlarda himni oxumasalar, yaxud İrandakı etirazlara hansısa başqa formada dəstək versələr, ailə üzvləri ağır problemlərlə üzləşəcək. Futbolçular ailə üzvlərinin işgəncəyə məruz qalacağı ilə hədələniblər.

Məlumata görə, İran millisinin portuqaliyalı baş məşqçisi Karluş Keyruş (noyabrın 30-da istefa verib) bu hədələrdən sonra SEPAH rəsmiləri ilə ayrıca görüş keçirib və onlara bildirib ki, futbolçuların çempionatda FİFA-nın prinsiplərini pozmamaq şərti ilə etirazlarını ifadə etmək hüququ var.

CNN kanalı baş məşqçi ilə SEPAH zabitlərinin görüşünün nə ilə nəticələndiyini dəqiqləşdirə bilməyib.

ABŞ millisi ilə görüşə gəlincə, İran millisinin üzvləri bu görüşdə dövlət himnini, şövqlə olmasa da, oxuyublar.

“Associated Press” agentliyi həmin oyunda məğlubiyyəti, komandanın çempionatdan ələnməsini İrandakı bəzi rejim əleyhdarlarının sevinclə – alqışlarla qarşıladığını, hətta göyə fişəng atdığını da qeyd edir.

Agentlik vurğulayır ki, noyabrın 21-i İngiltərə yığması ilə görüşdə dövlət himnini oxumadıqlarına görə Tehran rejiminin iranlı futbolçularla vətəndə necə davranacağı həm maraq, həm də narahatlıq doğurur.

Bu baxımdan “Associated Press” İran milli komandası üzvlərinin indən belə də dünya mediasının diqqət mərkəzində olacağını bildirir.

Sentyabrın 18-dən İranda davamlı etiraz aksiyaları keçirilir. Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb.

Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

Aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 400 nəfərə yaxın adamın ölümü, 15 min nəfərin həbsi ilə nəticələndiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti