Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin müsahibəsini təqdim edirik:
- Çingiz müəllim, Ermənistan hökuməti üç aylıq hərbi toplanış elan edib. Ehtiyatda olan zabitləri və keçmiş döyüşçüləri hərbi toplanışlara cəlb edir. Sizcə, İrəvan bu kimi addımlarLa nəyə hazırlaşır?
- Ermənistanın bu cür hərbi toplanışları mütəmadi olacaq. Çünki Ermənistanın ordusu dağılıb. Yəqin ki, bu toplanış özlərinin baş verən hadisələrə atacağı addımlara hesablanıb. 44 günlük müharibədə Ermənistan ordusu darmadağın edilib. Fikrimcə, Ermənistandakı üç aylıq hərbi toplanışla bağlı atılan son addım ordunun gücləndirilməsi məqsədi daşıyır. Bu, daxili prosesdir. Hər bir ölkədə bu cür toplanışlar olur. Amma uduzmuş, müəyyən tələblər və şərtlər qarşısında üzərinə öhdəlik götürüb fəaliyyət göstərməli olan bir ölkə müqavilənin şərtlərinə uyğun addım atmaqdansa, daha çox revanşist addımlar atmaq niyyətindədir. Bununla bağlı çağırışlar da etmək istəyirlər. Artıq buna başqa bir prizmadan baxmaq lazımdır. Fikrimcə, Ermənistan 2 illik zaman kəsiyində ağıllanmadı. Biz müəyyən səbəblərdən Xankəndinə daxil ola bilmədik. Ermənilərin orada qalması məqsədəuyğun sayıldı. Çünki bu baş versəydi, Azərbaycan dövləti torpaqlarını azad edən dövlət imicindən “etnik təmizləmə aparani dövlət” imici qazanmış olardı. Bu halda, həm ölkə rəhbərliyinin, həm də Azərbaycanın imicinə böyük zərbə olardı. Biz yenə də çox böyük humanistlik etdik. Amma onlar bundan nəticə çıxarmadılar. Əksinə, separatizmə meyilliliyi artırmağa çalışdılar. Separatçılar sülhməramlıların “xeyir-duası ilə” yenə də Qarabağın dağlıq hissəsində qanuna zidd hərəkətlər edirlər. Bu baxımdan, hesab edirəm ki, Ermənistan nə qədər ki, sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya və demarkasiya edilməyib, deməli, onlara havadar olanlar, həmin separatçıları arxayın salanlar var. Düşünürəm ki, proseslər bu cür davam edərsə, Azərbaycan anti-terror əməliyyatına başlamalıdır. Qarabağdakı separatçı erməni birləşmələrini darmadağın etməlidir. Doğrudur, Ermənistan rəhbərliyi elan etdi ki, Qarabağdakı silahlı birləşmələrini geri çağırır. O zaman sual olunmalı idi ki, onlar niyə indi geri çağrılır?! Axı 2020-ci ilin 10 noyabr sazişinin 4-cü bəndində qeyd olunurdu ki, rusiyalı sülhməramlıların bölgəyə daxil olduğu andan qanunsuz erməni silahlı birləşmələri oradan çıxacaq. Amma ilyarımdan çox vaxt keçib. İrəvan Qarabağdakı erməni silahlı birləşmələrini hələ indi çıxarmaq niyyətinə düşüblər. Bütün bunlar onu göstərir ki, ermənilər yenə də öz oyunbazlıqlarından əl çəkmirlər. Onlar nələrsə arxayındırlar. Müəyyən güc-qüvvə toplamağa çalışırlar. Üstəlik, Azərbaycanla sülh yaratmaq arzusunda deyillər. Yəqin ki, gələcəkdə baş verəcək situasiyalara uyğun şəkildə Azərbaycan dövləti də özünün müəyyən addımlarını atmalı olacaq.

- Sizcə, Ermənistan Zəngəzur dəhlizinin açılmasını niyə yubadır və bunun hansı pərdəarxası məqamları var?
- Görünən odur ki, Ermənistan Zəngəzur dəhlizini açmaqda maraqlı deyil. Bu məsələdə də İrəvana havadar olan qüvvələr, qonşular var. İranın da bu məsələdə ayrı-ayrı ziddiyyətli fikirlərini görürük. Düşünürəm ki, yaxın vaxtlarda biz bu dəhlizin açılmasının şahidi ola bilməyəcəyik. Cənab prezident də bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan öz üzərinə öhdəlik götürsə də, heç onun layihəsi, smetası da hazır deyil. Söhbət Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsindən gedir. Buna hələ bir neçə ay lazımdır. Buna görə də hesab edirəm ki, biz yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfindən hər hansı bir addımın atılmasını görməyəcəyik. İrəvan bu istiqamətdə bütün məsələləri dalana dirəməyə çalışır. Ermənistan başa düşməlidir ki, onların bu addımı özləri üçün böyük zərbə olacaq. Zəngəzur dəhlizini açmamaqla, sərhədlərin delimitasiya və demarkasiya prosesini ləngitməklə və böyük sülh sazişinə hazırlaşmamaqla Ermənistan bir daha göstərir ki, nə üçtərəfli sazişin tələblərini yerinə yetirmək niyyətindədir, nə də Avropa İttaqı ilə görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlıdırlar. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaq, sərhədlərin delimitasiya və demarkasiya prosesini ləngitmək, Qarabağdakı separatçıların yenidən dirçəldilməsi, onların səngərlər qazması, döyüşə hazırlaşması, özlərinin “müdafiə qabiliyyətini” gücləndirmək üçün “səfərbərliklər” elan etməsi və sair bu kimi addımlar onu göstərir ki, proseslər yaxşılığa doğru getmir. Bu cür cığallıqlar, öhdəliklərdən boyun qaçırmaq məsələlərin sülh yolu ilə həllini şübhə altına qoyur.
- Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü nəzərdə tutulur. Sizcə, bu görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hansısa səs-küylü sənəd imzalana bilərmi?
- Əliyev-Paşinyan görüşündə hər hansı sənədin imzalanacağına inanmıram. Hesab edirəm ki, Azərbaycan yenə də beynəlxalq hüquqa söykənən mövqeyində qalacaq. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın və digər görüşlərdə əldə edilən razılaşmaların həyata keçirilməsi Ermənistandan tələb ediləcək. Amma Paşinyan yenə də görüşmək xatirinə görüşə gedəcək. Bu görüşdə də hər hansı ciddi nəticə əldə olunacağına inanmıram. O vaxt ciddi nəticələr olacaq ki, Rusiya bunu ürəkdən istəsin, Avropa İttifaqı isə sözdən daha ciddi işə keçsin.
- Çingiz müəllim, ötən həftənin əsas gündəm mövzularından biri də reket jurnalistika, ondan sığortalanmaq və qurtulmaq üçün medianın, ictimaiyyətin üzərinə düşən vəzifələrlə bağlı müzakirələr idi. Sizcə, reket jurnalistikanı ölkəmizdə neytrallaşdırmaq üçün hansı addımları atmaq lazımdır?
- Reket jurnalistika Azərbaycanın bəlasıdır. Belə hesab edirəm ki, Azərbaycanda əsl jurnalistika, peşəkar jurnalistlər təşəbbüsü ələ almalıdırlar. Reket jurnalistlərə və bu cür “jurnalistikaya” yox deməyin zamanıdır. Cəmiyyət də onlara qarşı ciddi addımlar atmalıdır. Hər hansı böhtan və şantaj xarakterli məsələlərdə cəmiyyətin üzvləri də onların qanun qarşısında cəzalanmaları üçün addımlar atmalıdırlar. Dövlət bu məsələdə daha ciddi addımlar atmalıdır. Son günlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən atılan addımları ürəkdən dəstəkləyirəm. Belə hesab edirəm ki, hər bir vətəndaş Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında olmalıdır. Bu təşəbbüsün, addımların daha da genişlənməsi istiqamətində hüquq-mühafizə orqanlarına heç olmasa, söz, fikir baxımından dəstək olmalıyıq (publika.az).

