Paşinyan yenə Kremldə “xalça üzərinə” çəkiləcək: Bütün yollar onu Mockvaya aparır

23 May 2022 19:30 Gündəm 703
Paşinyan yenə Kremldə “xalça üzərinə” çəkiləcək: Bütün yollar onu Mockvaya aparır

Brüssel görüşü sona çatsa da, nəticələri ətrafında müzakirələr davam edir.

Xüsusilə də Ermənistanın bundan sonrakı davranışlarının necə ola biləcəyi böyük maraq doğurur.

Ona görə də, hazırda əsas diqqət məhz rəsmi İrəvanın üzərində cəmləşmiş kimi görünür.

Onu da qeyd edək ki, Brüsseldə keçirilmiş 3-cü görüşün də Ermənistanın ümidlərini doğrultduğunu düşünmək çətindir. Hər halda, müzakirələrdən sonra verilən açıqlamalar rəsmi İrəvanın məmnun qalacağı mövzulara toxunulmadığını təsdiqləyir. Və bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın bu dəfə də Brüsseldən əli boş qayıtmaq məcburiyyətində qaldığını iddia etmək olar.

Məsələ ondadır ki, Brüssel görüşü bu dəfə də rəsmi Bakının müəyyən etdiyi gündəlik əsasında reallaşmış kimi görünür. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, rəsmi Bakının irəli sürdüyü və beynəlxalq hüquq normalarına uyğun olan 5 şərt Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin əsas prinsipləridir. Yəni, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin hazırlanması prosesində rəsmi Bakının 5 şərti baza prinsipləri rolunu oynaya bilər.

887aae0f8927d2e449b293425e55d405.jpg (161 KB)

Təbii ki, rəsmi İrəvanın Azərbaycan tərəfindən irəli sürülən 5 şərtə qarşılıq olaraq, gündəmə gətirməyə çalışdığı “6 şərt”in heç bir yerdə xatırladılmaması Ermənistan cəmiyyətini məyus edə biləcək məqamların sırasına daxildir. Bundan başqa, rəsmi İrəvanın bütün vasitələrlə müzakirə mövzusuna çevirməyə çalışdığı “Dağlıq Qarabağ münaqişəsi” də digər iştirakçılar üçün artıq maraq doğurnur. Və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlamaları da bunu təsdiqləyir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vurğulayıb ki, onun təmsil etdiyi qurum büyövlükdə Cənubi Qafqaz regionu əlaqələrin inkişafında maraqlıdır: “Mən yenidən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdim. Bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifaqının hər iki ölkəylə, eləcə də bütövlükdə regionla əlaqələrinin inkişafına diqqət yetirdik”.

Göründüyü kimi, Avropa Birliyinin Cənubi Qafqazla bağlı konkret hədəfləri mövcuddur. Brüssel prosesi də Avropa Birliyinin hədəflərinin reallaşmasına əngəl törədən faktorların aradan qaldırılmasına yönəldilib. İlk növbədə regionun əsas problemini – Azərbaycan və Ermənistan arasında mövcud olan hərbi münaqişə vəziyyətini nizamlamağa cəhd göstərirlər. Bu səbəbdən də, Azərbaycan-Ermənistan yekun sülh sazişinin hazırlanması prosesinə başlanılmasının vacibliyi hər dəfə xüsusi olaraq, vurğulanır.

Təbii ki, digər önəmli məsələ Cənubi Qafqazda regional nəqliyyat və kommunikasiya xətlərinin ən qısa zamanda açılmasına nail olmaqdır. Brüssel prosesində bütün bu məsələlərə nizamlama paketi kimi yanaşılır. Və son nəticədə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ilə Avropa Birliyinin bu regiona yolunun açıla biləcəyinə böyük ümidlər bəslənilir.

cqafff-unnamed.jpg (26 KB)

Şübhəsiz ki, Brüssel prosesinin belə geopolitik ssenariləri və planlara uyğun nəticələr vəd etməsi Rusiyanın regional maraqlarına qətiyyən cavab vermir. Əksinə, Kreml belə strateji ssenariləri aktuallaşdıra biləcək istənilən prosesi Rusiyanın maraqlarına təhlükə kimi qəbul edir. Və bütün mümkün vasitələrlə həmin prosesi mütləq pozmağa çalışır.

Ona görə də, Kremlin Brüssel prosesinə ifrat qıcıqla yanaşması qətiyyən təəccüblü deyil. Rusiya indiyə qədər keçirilmiş iki Brüssel görüşündə əldə edilmiş anlaşmaların icrasını bloklamağa nail olub. Bundan əvvəlki hər iki Brüssel görüşü Ermənistan baş naziri Nikol Paşinyanın Kreml tərəfindən təzyiqlərə məruz qoyulması ilə diqqəti çəkir. Hətta ötən ayın əvvəllərində keçirilmiş Brüssel görüşündən sonra erməni baş nazir Kremlə çağırılıb, təhdid edilmişdi. Və nəticədə rəsmi İrəvan həmin görüşdə əldə olunmuş anlaşmaların icrasından çəkilmişdi.

Böyük ehtimalla bu dəfə də eyni prosesin təkrar edilə biləcəyi qətiyyən istisna deyil. Belə ki, baş nazir Nikol Paşinyanın Brüsseldən qayıtdıqdan bir qədər sonra yenidən Moskvaya çağırıla biləcəyi qətiyyən istisna deyil. Yəqin ki, növbəti dəfə Kremldə ciddi xəbərdarlıq mesajları ilə üzləşməli olacaq erməni baş nazir yenə də Brüssel anlaşmalarının icrasından yayınmağa çalışacaq.

tahirirvankreml.jpg (29 KB)

Maraqlıdır ki, Kreml Ermənistan baş nazirinə sərt xəbərdarlıq mesajlarını hətta N.Paşinyan Brüsselə yola düşməzdən əvvəl dövriyyəyə buraxmağa başlamışdı. Belə ki, rəsmi İrəvana Ermənistanda ABŞ-ın gizli bioloji laboratoriyalarının mövcudluğu xatırladılmışdı. Rusiyanın Səhiyyə Nazirliyi bəyan etmişdi ki, dünyada yayılmaqda olan “meymun çiçəyi” virusu məhz Ermənistandakı həmin laboratoriyalarda hazırlanıb.

Belə anlaşılır ki, Kreml Ermənistanı öz nəzarət dairəsindən və təzyiq dalğaslndan kənara buraxmaq niyyətindən çox uzaqdır. Ona görə də, yaxın günlərdə baş nazir N.Paşinyanın yenidən Rusiyaya gedərək, bu dəfəki Brüssel görüşünün nəticələrini də pozmaq üçün Kremldən təlimat alması qətiyyən gözlənilməz hadisə olmayacaq. Hətta Brüsseldə Ermənistan üçün heç bir müsbət nəticəyə nail olmayan erməni baş nazirin könüllü şəkildə Kremldəki ağalarına dəstək xahişi ilə müraciət edə biləcəyi də istisna deyil.

Bütün bunlar onu göstərir ki, baş nazir N.Paşinyan üçün Brüsseldən dönüş marşrutu istənilə halda, Moskva istiqamətlidir. Yəni, erməni baş naziri növbəti dəfə Kremldə “xalça üzərinə” çəkə bilərlər. Ona görə də, rəsmi İrəvanın Brüsseldə keçirilmiş üçüncü görüşün nəticələrinə də sadiq qalacağı o qədər də inandırıcı görünmür. Yəqin ki, Paşinyan hakimiyyəti Rusiyanın Cənubi Qafqazdan çəkilməyə məcbur qalacağına əmin olana qədər regional sülh prosesini mümkün qədər uzatmağa çalışacaq (musavat.com).

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti