Bəxt Almaniya və Portuqaliyanın üzünə güldü - VİDEOLAR

24 İyun 2021 00:55 Gündəm 1 278
Bəxt Almaniya və Portuqaliyanın üzünə güldü - VİDEOLAR

Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, F qrupunda keçirilən 2 oyundan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.

Almaniya millisi Münhen şəhərindəki eyniadlı stadionda Macarıstan yığması ilə qarşılaşıb. Rusiyalı referi Sergey Karasyov idarə etdiyi görüş 2:2 hesabı ilə başa çatıb.

Oyunda ilk qolu macarlar vurublar. Adam Salai 11-ci dəqiqədə fərqlənib. Meydan sahibləri 66-cı dəqiqədə Kay Havertsin qolu ilə hesabı bərabərləşdirsə də, 2 dəqiqə sonra Andraş Şafer Macarıstanı yenidən önə çıxarıb.

Matçda son nöqtəni isə 84-cü dəqiqədə Leon Qoretska qoyub. Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Bundestim 2-ci yerin sahibi kimi pley-offa yüksəlib. Macarıstan isə 2 xalla qrupda qalıb.

Növbəti mərhələyə vəsiqəni daha əvvəl təmin etmiş Fransa isə son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Oyunda hesabı 31-ci dəqiqədə penaltidən Kriştianu Ronaldu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kərim Benzema tarazlığı bərpa edib.

"Real Madrid"in hücumçusu 47-ci dəqiqə dubl edib. Ronaldunun 60-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra Fransa qrupu 5 xalla zirvədə tamamlayıb. 4-cü xalını qazanan Portuqaliya isə ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri kimi qrupdan çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti