Bəlli olduğu kimi, bu gün UEFA-nın İcraiyyə Komitəsi Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin siyahısını yekun olaraq təsdiqləyəcək.
Baknın siyahıdan kənarda qalmayacağı dəqiqdir.
AVRO-2020-nin keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcəyı haqda Azərbaycan höküməti qitə futbol qurumuna rəsmi zəmanət verib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında qərar qəbul olunub.
Qərar çıxarılarkən UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınıb. Azarkeşlər isə oyunlarda COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəklər.
Oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə buraxılacaq. Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.
Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlarla əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 11 iyun - 11 iyul 2021-ci ildə keçirilməsi barədə qərar qəbul olunub.
Bundan əlavə, UEFA-nın qərarında pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcəyi göstərilib.
Avropa çempionatının oyunlarının 11 iyun - 11 iyul tarixlərində Avropanın 12 şəhərində - Sankt-Peterburq, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen və Romada keçirililməsi planlaşdırılır.
Hazırda oyunların Dublin və Münhendə keçirilməsi şübhə altındadır. UEFA bu şəhərlərə salınmış matçların digər paytaxtlar arasında bölüşdürülməsini də müzakirəyə çıxarmağa hazırlaşır.
Həmin alternativ variantlar arasında Bakının da adı keçir. Azərbaycan dövləti UEFA-nın bu yöndəki fəaliyyətinə hər cür dəstək verməyə hazırdır. Bu üzdən, Bakının 4 oyunla kifayətlənməyib, 5, hətta 6 qarşılaşmaya ev sahibliyi etməsi mümkündür.
Təbii ki, UEFA B və C variantlarını da gözdən keçirir. Burada söhbət Dublin və Münhun kimi şəhərlərə son qərarını vermələri üçün əlavə zamanın tanınmasından gedir.
SPORTİNFO.AZ