"Arxamca çox hədyanlar danışdılar, çirkin iftiralarla üz-üzə qaldım"

7 İyun 2020 14:00 Güləş 1 028
"Arxamca çox hədyanlar danışdılar, çirkin iftiralarla üz-üzə qaldım"

"Haqqımda çox şeylər dedilər, arxamca çox hədyanlar danışdılar, çirkin iftiralarla üz-üzə qaldım.

Daha ağrılısı budur ki, bunu özündən saxta müəllim obrazı yaradıb, cəmiyyətə ictimai xadim kimi sırınmağa çalışan və hətta mənimlə təsadüf məclislərdə çəkilmiş fotoları paylaşmaqla, cəmiyyətdəki nüfuzumdan sui-istifadə edib özünə dividend qazanmağa çalışan, müyəssər olduğum nailiyyətləri heç zaman həzm edə bilməyənlər etdi”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov şəxsi "Facebook" səhifəsində ifadə edib.

“Sonra nə baş verdi? İç üzləri açılanda onlar üçün çox gec oldu və ilahi ədalət əsl simalarını (simasızlıqlarını) ortaya qoydu. Mənim üçün şərəf və vicdan hər zaman həyat devizi olub, bunu yaxın ətrafım kifayət qədər yaxşı bilir.

Sizin qarayaxma kampaniyanızdan sonra, bəlkə də, barmaqla sayılacaq sayda adamlar bu iftiralara inana bilərdilər. Amma sizin son günlər hətta Milli Məclisin vitse-spikeri səviyyəsində belə ifşa olunmağınız mənə qarşı məlum şər-böhtan kampaniyanızı alt-üst etdi.

İndi Azərbaycan ictimaiyyəti sizi sadəcə istifadə edildikdən sonra zibilliyə atılan əşya hesab edir. Mən isə vətənimə, bayrağıma, millətimə, dövlətimə xidmət etməklə, öz şəhidlərimə, qazilərimə daim sayğılı yanaşmaqla daim xalqımın gözündə, qəlbində, yaddaşında taxt qurdum, şəxsiyyətimin yüksək olan əyarını bir daha yüksəldim.

Həqiqətin gözünə daim dik baxdım. Bu gün də xalqımın, vicdanımın qarşısında alnıaçıq, üzüağ, başıucayam. Sosial statusumu və zabit şərəfimi nəzərə alaraq sizinlə mübarizə aparmağı isə ağlımın ucundan belə keçirmədim, çünki sizi buna layiq bilmədim.

Yaxşı bir deyim var: “Arxamca danışanların əvvəlcə özünə baxaram, özü şəxsiyyət deyilsə, şəxsiyyətinə hörmət etmirsə, onun sözünə heç reaksiya vermərəm”, - deyə o bildirib.

F.Umudov daha sonra əlavə edib: “Bu gün adınız hər yerdə qəzəb və söyüşlə anılırsa, bunun səbəbini tutduğunuz əyri yolda, atdığınız iftiralarda görün.

Çünki xalqın gözü tərəzidir və ağı qaradan ayırmağı yaxşı bacarır. Bu xalq özünün şəxsiyyət vəsiqəsinə çevrilmiş insanlarını yaxşı tanıyır və qoruyur.

Necə ki, mənə qarşı aparılan şər-böhtan kampaniyasında yüz minlərlə insan mənə dəstəyini ifadə etdi. Tanrı ölkəmizi və xalqımızı sizin kimi riyakar, yalançı, yaltaq, möhtəkir "vətənpərvərlər”dən qorusun!”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu