Güləş hər zaman Azərbaycanın şah idman növü olub.
Hər zaman təcrübəlilərlə yanaşı, zirvlərə yol almaqda olan gənc idmançı sözünü deyib və zirvələrə yol alıb.
Ən maraqlısı da budu ki, pəhləvanlar, əsasən, karyerasını başa vurana qədər öz ritmlərində qalırlar. Çünki rəqabətlə yanaşı, irs, ənənə və tarix bunu tələb edir.
Hər güləşçi qazandığı uğurun davamlı olmasının məsluiyyətini dərk edir.
Azərbaycan güləşi peşəyə çevrilib, peşəkarlıq statusu alandan formalaşmış məktəbin təməli belə qoyulub və irsiyyət qanunları qorunur. İkinci Avropa Oyunları da böyük məktəbin növbəti yürüşünə şahidlik etdi.
Güləşimizin qızıl medalları komandamızın tarixin ikinci Oyunlarında simasını müəyyən edərək, Azərbaycanın idman ölkəsi kimi statusunu təsdiqlədi.
Çoxnövlü idman yarışlarının da ən mühüm xüsusiyyəti məhz bu idmançıların parlaması üçün meydan olmasıdır.
Oyunlar Mahir Əmiraslanovu daha da mətinləşmiş ümidverici pəhləvan kimi ölkə ictimaiyyətinə daha geniş tanıtdı.
Yeniyetmə və gənclərin yarışlarında perspektiv vəd edən, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında zirvəyə qalxanda, bunu təsdiqləyən bahadır ötən qitə çempionatındakı bürüncü ilə yeni miqyasa hazır olduğunu göstərmişdi.
"Sərbəstlər"in çıxışları ilə başlayan güləş turnirində, təbii ki, köhnə-yeni qaydalara görə, medallar uğrunda yarışlar əsas təsnifat görüşlərinin ertəsi gün baş verir.
Bu isə həlledici mübarizəyə qoşulan idmançılara əsl potensialı göstərmək imkanı verir.
İyunun 25-də 57 kq çəki dərəcəsində mübarizəyə başlayan Mahir bolqar Georgi Vangelova qalib gəldi. İlk hissədə hərəyə bir xal qazanaan tərəflər üçün ikinci bölüm daha maraqlı mubarizədə keçdi.
Qüvvələr nisbətini doğru ölçüb biçən Mahir ikixallıq fəndlə rəqibi təzyiq altına saldı və bununla yekun 6:5 hesabına çatan qələbənin təməlini qoydu.
Onun makedoniyalı Vladimir Yeqorovla görüşünün aqibəti elə ilk hissədə həllini tapdı. İki ikixallıq fənd məsələni tam çözdü və rəqib bununla barışdı.
Yarımfinalda Mahir rusiyalı Zavur Uquyevlə görüşünə ehtiyatlı başlayaraq, birinci hissəni 0:1 hesabı ilə uduzdu.
Əsgərxan Novruzovun yetirməsi ikinci hissədə xalları ard-arda düzərək, bu yarışda ən mühüm qələbəsini əldə etdi.
Bir gün sonra keçirilən final qarşılaşmasında isə idmançımızın qalib gələcəyi hələ döşək üzərinə yaxınlaşma zamanı özünü əyani hiss etdirdi.
Rahat dincəlib planlama aparmış və özünə güvənən pəhləvanın psixoloji qətiyyəti 4 xallıq fəndində əksini tapdı.
Rəqibi, 2018-ci il qitə çempionatının bürünc medalçısı olan serb Stevan Miçiçin cəhdləri boşa çıxdı və hər cəhdində Mahirin fəndlərinə düşdü - 9:1 final üçün parlaq nəticədir.
Həmin gün 74 kq-dək çəki dərəcəsində Hacımurad Hacıyev ilk görüşündə 3-qat Avropa çempionu Sönər Dəmirdaşa məğlub oldu.
Rəqibin titullu olması deyil, təcrübəsi ona yekun qələbədə kömək oldu və ilk hissəsi hərəyə bir fəndlə heç-heçə başa çatan gərgin rəqabətdə cəmi bir texniki imkan türkiyəlinin qələbəsini təmin etdi.
Beləcə, Sönərin finala adlamasını gözləyən idmançımız üçün meydan ertəsi gün açıldı.
Sönərin sıra ilə qalib gəldiyi pəhləvanlar təsəlliverici görüşlərdə qüvvələrini sınadılar və Hacımurad Kirillos Binenmpauma ilk hissədəki minimal üstünlüyünü sonrakı hissədə 4 ikixallıq fəndlər seriyasına çevirib 10:3 hesabı ilə qalib gəldi.
Bürünc görüşündə idmançımız, obyektiv olaraq, ukraynalı Vasıl Mixaylovdan güclü idi və ilk hissədə qələbənin təməlini qoyub (3:0), ikincidə ikixallıq fəndlərlə böyük hesaba yol açdı – 9:1.
Eyni gündə 125 kq-dək çəki dərəcəsində mübarizəyə başlayan Cəmaləddin Məhəmmədov medala doğru fərqli yol keçdi.
Yarımfinala qədər o, ev sahibi Vitali Pyasnyakı birinci hissədə 1, ikincidə iki ikixallıq fəndlərlə mübarizədən kənar qoydu.
Sonra daha gərgin, lakin nəzarətdə saxladığı rəqabətdə o, macarıstanlı Daniel Ligetiyə qalib gəldi (6:5).
Yarımfinalda Cəmaləddinin gürcüstanlı Givi Matçaraşvili ilə raqəbətin taleyini texniki şərtlər həll etdi – 2:4.
Bürünc medal uğrunda Cəmaləddin rumıniyalı Rares Çintoana yaxasını vermədən ikinci hissəsinin 48-ci saniyəsində böyük üstünlüklə (12:2) qalib elan edildi.
Sonrakı medal günü də sərbəst üsul qəhrəmanlarımızın medal soraqları ilə davam etdi. Əlbəttə, böyük ümid bəslənilən titullu çempion Hacı Əliyevin qələbə sorağını hər kəs gözləyirdi.
Pəhləvanımız bu Oyunlarda əyani dərslik nümunələri göstərib zirvəyə qalxdı. Ermənistanlı Volodya Franqulyanı elə ilk hissənin 3 ikixallıq fəndi ilə sıradan çıxaran Hacı sonralı görüşlərində əzmkarlıq, iradə gücünü göstərdi.
İlk hissədə fəndlərə düşüb bolqarıstanlı George Kolevə 2:5 hesabı ilə uduzanda, elə görünürdü ki, idmançımız tükənib.
Lakin ikinci hissənin əvvəlində düzdürdüyü qoşa xallar hesabına 5 xal qazanıb effektli qələbə qazandı.
Yarımfinalda da o, Ukrayna təmsilçisi Hor Ohannesyana ilk hissədə 3 xalla uduzdu. Amma ikincidə iki ikixallıq fəndlə yekunda bərabər hesab şəraitində qalib gəldi.
Ertəsi gün tam fərqli ssenari oldu, cəmi bir görüş hər şeyi həll edəcəkdi. Rəqib ona yaxşı tanış gürcüstanlı üçqat qitə, dünya və olimpiya çempionu Vladimer Xinçeqaşvili idi.
Ötən dövrdəki məğlubiyyətlərin əvəzini düşünən Hacının görüşə qətiyyətlə başlaması sözünü dedi və rəqib elə əvvəldən düşdüyü fəndlərdən sonra bunu anqladı.
İkinci hissədə iki xala bərabər çabalaması da effekt vermədi – 10:2 hesabı hər şeyi aydın göstərir.
97 kq-dək çəki dərəcəsində Nurməhəmməd Hacıyev tamamilə fərqli yolla finala qədər getdi. Polşalı Radoslav Baranın (8:0), gürcüstanlı Elizbar Odikadzenin (7:3), yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzenin (7:0) heç bir fərqlənmək şansı olmadı.
Onun finaldakı rəqibindən çox söz deməyin də mənası yoxdur. Üçqat qitə, bir o qədər də dünya, eləcə də olimpiya çempionu.
Doğrudu yeni çəkidə, amma burda da parlayan Əbdülrəşid Sadulayevlə final görüşü bəlkə də turnirin ən maraqlı tutaşması olacaqdı.
Lakin idmançımızın aldığı zədə döşək üzərinə əl sıxılması ilə nəticələndi. Bununla sərbəst üsul pəhləvanları Oyunları 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdular.
Qadın güləşi: Saralmayan ümidlərin inamlı yolu
Sərbəst üsul pəhləvanları medallar üçün fəxri kürsüyə yüksəldiyi günün ertəsi növbəti qəhrəmanların fəxri kürsüdə olacağı qətiləşmişdi.
Estafeti qəbul edən qadınlar iyunun 27-də mübarizəyə qoşuldular. 50 kq çəki dərəcəsində Mariya Stadnik polşalı Anna Lukasyak üzərində 51 saniyəyə düzülən xalların 10-a çatması ilə yürüşə çıxdı.
Türkiyəli Evin Dəmirxanla görüşdə o, qüvvəsini ikinci hissəyə saxladı və 6:1 hesablı qələbə qazandı.
Nəhayət, ertəsi gün finalda Mariya sonraya heç nə saxlamadan elə ilk dəqiqələrdən fəallığı ilə 5 xalı qazanıb, sonrakı taktiki mübarizədə ukraynalı Oksana Lıvaça şans vermədi – 7:1.
62 kq-da Elmira Qəmbərova da eyni ruhda finala yüksəldi. Almaniyalı Lüzi Mantske ilə görüşün birinci hissəsini 1 xalla başa vurub, ikincidə 3 xalı da əlavə etdi.
Polşalı Katarjına Madrovskaya isə əvvəldən heç şans ala bilmədi və yekun 9 xalla idmançımız yarımfinala yollandı.
Rumıniyalı Krışta İnçe ilə görüşün hər hissəsində ikixallıq fəndlə üstünlük əldə edib, taktiki mübarizəyə keçdi – 4:1.
Finalda Elmiranı titullu rəqibi, elə "Bakı-2015"də finalda olmuş ukraynalı Yuliya Tkaç gözləyirdi. Təcrübəli rəqib hər hissədə qazandığı iki xalla üstünlüyünü əldən vermədi.
Buna qədər İslam Oyunları və qitə çempionatında bürünc medallarla fərqlənmiş Elmira üçün bu medalın əhəmiyyəti qarşıdakı yarışlar prizmasından olduqca vacibdir.
57 kq-dək çəkidə mübarizəyə gurultu ilə başlayan Alyona Kolesnik macarıstanlı Ramona Qalamboşu ikinci hissənin 70-ci saniyəsində 10 xal üstünlüklə məğlub etdi.
Lakin onun bolqar Mimi Xristova ilə mübarizəsi alınmadı. Xal qazanan rəqib hər dəfə təmsilçimizin həmlələrinin qarşısını aldı və birincidə iki, sonrakında 4 xalla qalib gəldi.
Ertəsi gün təsəlliverici görüşdə Alyona italiyalı Françeska İndelikatonu ikinci hissənin 54-cü saniyəsində böyük xal fərqi ilə mübarizəni dayandırmağa məcbur etdi.
Türkiyəli Bədiha Günlə onun bürünc medal uğrunda güləşi ikinci hissədə parlaqlığı ilə göz oxşadı.
Birincidə rəqib 1 xalla qalib gəldi. İkincidə isə Alyona fəndləri, xüsusən iki 4 xallığı ilə yekun 9:4-lük qələbəni qeyd etdi.
Yunan-Roma güləşi: gözlənilən iki medal və vəzifələr dərsi
Qadın güləşçilərdən estafeti qəbul edən yunan-Roma pəhləvanları Avropa Oyunlarını yarışların sonuncu günü gözlənilən medal soraqları ilə başa vurdular.
İyunun 29-da 87 kq-dək çəki dərəcəsində mübarizəyə başlayan İslam Abbasov finala qədər eyni üslubda yarışaraq, inamlı qələbələr qazandı.
Hər görüşündə o, birinci hissələri daha çox üstünlüyü əldə edərək, ehtiyatı əldən vermədən və rəqibi öyrənərək keçirdi.
İkinci hissələrdə isə qələbə nöqtəsini qoydu. 1/8 finalda serbiyalı Nikolay Dobrevin (8:0), sonra macarıstanlı Viktor Lorinçin (3:0), yarımfinalda isə xorvatiyalı İvan Huklekin (5:0) finala yolunu belə bağladı.
Oyunların sonuncu günü o, ukraynalı üçqat Avropa, dünya və olimpiya çempionu Jan Belenyukla üz-üzə gəldi.
Bu dəfə taktiki planlar rəqibin qazandığı 3 xalla pozuldu. İkinci hissədə təcrübəli ukraynalı idmançımıza geniş meydan vermədən qələbəyə yetişdi.
130 kq-dək çəki dərəcəsində Sabah Şəriəti 1/8 finalda xorvatiyalı Ante Mikloviçi 2 dəqiqə ərzində təmiz qələbə ilə sıradan çıxardı.
Lakin sonrakı mərhələdə o, gürcüstanlı Yakobi Kajaya ilə mübarizədə elə ilk hissədə 7 xal fərqilə geri düşdü.
İkinci yarıda onun bütün həmlələri qarşılıqlı fəndlərlə nəticələndi və yekun 10:4 hesabı ilə qalib gələn gürcü pəhləvan sonradan finala adladığı üçün, təmsilçimiz təsəlliverici görüşə yollandı.
Oyunların sonuncu günü litvalı Romas Fridrikasa ilk hissədə uduzan Sabah ikincidə fəallaşıb, obyektiv üstünlüyünü sübut etdi – 3:1.
3-cü yer uğrunda güləşdə o, ilk hissədə norveçli Oskar Marvikdən xal aldı və yekun hesabda (3:2) bürünc medalın sahibi oldu.
Bununla "klassik" üsul bahadırlarının da əldə etdiyi gümüş və burunc medal da daxil olmaqla güləş komandamız oyunları 10 mükafatla başa vurdular.
SPORTİNFO.AZ

