Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
bu gün yunan-Roma güləşçiləri mübarizəyə start verəcəklər.
Azərbaycanı ilk olaraq iki çəki dərəcəsində güləşçilər təmsil edəcəklər. Hər iki təmsilçimiz yarışa 1/8 finaldan start verəcək.
Yunan-Roma güləşi
60 kq
Bu çəkidəki təmsilçimiz Sakit Quliyev yarışa İvan Lizatoviçlə (Xorvatiya) başlayacaq.
67 kq
Kərim Cəfərov isə əvvəlcə Haavard Yorgenseni (Norveç) yolundan kənarlaşdırmalıdır.
Bundan əlavə, ötən gün yarışa start verən xanım güləşçilərimiz medal qazanmaq üçün döşək üzərinə çıxacaqlar.
Qadın güləşi
50 kq
Komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, polşalı Anna Lukasiakı döşək üzərinə çıxmağına peşman edib - 10:0. Stadnik yarımfinalda Evin Dəmirhanla (Türkiyə) güləşib. Türk rəqibini mübarizədən kənarlaşdıran Mariya finala adlayıb. Qızıl yolunda onun son rəqibi ukraynalı Oksana Livaç olacaq.
57 kq
Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finaldan başladığı Oyunlarda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib - 10:0. Lakin güləşçimiz 1/4 finalda bolqar rəqibi Mimi Xristova ilə bacarmayıb (0:6). Amma rəqibi finala yüksəldiyi üçün Alyona üçün "bürünc" medal şansı yaranıb. Bunun üçünsə ilk olaraq təsəlliverici görüşdə italiyalı Franseska İndelikatoya qalib gəlmək lazımdı.
62 kq
Elmira Qəmbərova da ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) təmsilçimiz önündə tab gətirə bilməyib. Rəqibini 4:0 hesabı ilə üstələyən Qəmbərovanın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşalı rəqibinə 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın final yolundakı son maneəsi Krişta İnçze (Rumıniya) olub. Rəqibindən üstün olan Elmira finalda finalda Yuliya Tkaçla üz-üzə gələcək.
76 kq
Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib - 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) da idmançımızla bacarmayıb. Bu dəfə hesab 8:2 olub. Əliyeva yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşıb. Məğlub olan Səbirə şansını bürünc medal uğrunda sınayacaq. Onun rəqibinin adına bu gün aydınlıq gələcək.

