“Erməniyə dedim ki, dava etmək istəyirsənsə, hazıram, amma burada yox”

5 Dekabr 2021 19:20 Güləş 1 097
“Erməniyə dedim ki, dava etmək istəyirsənsə, hazıram, amma burada yox”

“Erməni rəqiblərlə bağlı sualı mənə tez-tez verirlər.

Mən güləşçiləri milli mənsubiyyətinə görə ayırmaq istəmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan güləşçisi Hacı Əliyev deyib.

Sərbəst güləş üzrə üçqat dünya çempionu vesti.az saytına müsahibə verib. Hacı erməni rəqiblərlə qarşılaşmalar barədə də danışıb:

“Bu, idmandır, burada qələbə və məğlubiyyət var. Ermənistandan olan güləşçi bizim kimi idmançıdır. O da məşq edir, qalib gəlir, uduzur.

Xalçada 10 dəfə ermənilərlə görüşmüşəm. Yalnız bir dəfə uduzmuşam. Amma heç kim – nə jurnalistlər, nə idmançılar, nə məşqçi bir sözlə də olsun qınamayıb.

Əksinə, hamı dəstəkləyib. Bu üzdən də istəmirəm ki, güləşçimiz erməniyə uduzanda onu daşa bassınlar”.

Hacı ermənilərlə qarşılaşmalar zamanı xoşagəlməz hadisələrdən danışıb:

“Əlbəttə, belə hal da yaşanıb. Özü də iki dəfə. Ermənistandan olan idmançı 0:7 hesabı ilə uduzarkən dava saldı. Hakim bizi ayırdı.

Görüş bitəndən sonra ona dedim: “Biz xalçaya ustalıq və gücümüzü göstərməyə çıxmışıq. Əgər dava etmək istəyirsənsə, mən hazıram, amma burada yox. İdmançı təlxəyə çevrilməməlidir.

Digər hadisə 2014-cü ildə Almaniyada yaşandı. Finalda dünya və Avropa çempionu David Safaryanla qarşılaşdım. 66 kq çəkiyə malik rəqib 60 kq olduğumdan məndən ağır idi.

Məndən böyük olduğunu və asanlıqla məğlub edə biləcəyini başa düşdüyümdən onu yormağa başladım. Taktikanı başa düşən David va-banka getdi.

İkinci hissədə gözlənilmədən üzümə vurdu. Hakim ona xəbərdarlıq etdi. Mən də özümü saxladım. Sonra ikinci zərbə gəldi, mən də artıq cavabını qaytardım.

Bizim güləş hakimin müdaxiləsinə qədər küçə davasına çevrildi. Rəqibimi diskvalifikasiya etdilər. Məni çempion elan etmək istəyirdilər. Mənə belə qələbə lazım deyildi.

Xahiş etdim ki, Safaryanı xalçaya qaytarsınlar. Sonra da ona 7:2 hesabı ilə qalib gəldim. Maraqlısı odur ki, yarışda biz dörd nəfər idik.

Mən, Cəbrayıl Həsənov və iki dağıstanlı güləşçi. Ermənilər isə sərbəst və yunan-Roma üslubunda 30 nəfərə yaxın idilər.

Dava düşsəydi, necə olacağını bilmirəm. Amma onlar da başa düşürdü ki, David düz eləməyib. Bu vəziyyətdən layiqli şəkildə çıxa bildik”.

Digər Xəbərlər
Xəbər Lenti