Millimizin tanınmış siması onu məğlub edən həmyerlimizə zəng vurdu və...

11 Sentyabr 2021 17:40 Güləş 849
Millimizin tanınmış siması onu məğlub edən həmyerlimizə zəng vurdu və...

"O, mənim ən çox hörmət bəslədiyim həmkarlarımdan biridir”.

Bu sözləri Sportinfo.az-a aşıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşində gümüş medal qazanmış Pərviz Nəsibov deyib.

Hazırda Ukrayna yığmasının şərəfini qoruyan həmyerlimiz Rəsul Çunayev haqda danışıb.

Ağstafa rayonunun Muğanlı kəndində anadan olan Pərviz altı yaşından sonra ailəsi ilə Ukraynanın Nikolayev şəhərinə köçüb.

O, mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən lisenziya turnirində 67 kq çəki dərəcəsində Rəsul Çunayevə 1/4 finalda rəqib olub. Məhz Rəsulun Olimpiadaya vəsiqə qazanmamasının səbəbi Pərvizə 2:3 uduzması olub.

Hazırda Ukraynanın Zaporojye şəhərində yaşayan 22 yaşlı Pərviz ilk dəfə qatıldığı Olimpiadadan gümüş medalla qayıdıb. O, ABŞ, Rusiya və Misirdən olan rəqiblərini məğlub etsə də, finalda İranı təmsil edən Qaşqay türkü Məhəmməd Rza Gərayiyə uduzub.

Pərviz Tokioda qazandığı uğur münasibətilə Rəsulun onu təbrik etdiyini bildirib: “Mənə zəng vurdu, xoş sözlər dedi, gələcək karyeramda uğurlar arzuladı.

Dedi ki, sənin görüşlərini izləyirəm və nəticələrindən xəbərdaram. Ondan bu cür münasibət görmək mənə xoş oldu.

Çünki Rəsul güclü güləşçidir, mən hələ balaca olanda onun güləşmək tərzinə heyran idim. Həmişə onun yarışlarına baxırdım, üslubuna bələd idim.

Rəsulun pərəstişkarı olduğumu heç vaxt gizlətməmişəm. İndi də ona böyük simpatıyam var”.

Digər Xəbərlər
Xəbər Lenti