"Mənə Azərbaycan millisinə gəlməyi təklif etdilər, dedim ki…"

5 Sentyabr 2021 14:00 Güləş 3 662
"Mənə Azərbaycan millisinə gəlməyi təklif etdilər, dedim ki…"

«Mənə bir neçə dəfə Azərbaycandan təklif gəlib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynaya yunan-Roma güləşində gümüş medal qazandırmış Pərviz Nəsibov deyib.

67 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yığmamızın heyətində çıxış etməyə hazırlaşmadığını bildirib:

«Mən 6 yaşından Ukraynada yaşayıram. Güləşdə ilk ciddi adımlarımı burada atmağa başlamışam. Ukrayna mənim ikinci vətənimdir.

Əldə etdiyim uğurlara görə məşqçilərimə, bu ölkəyə borcluyam. Mənə görə çəkilən əziyyəti yerə vura, unuda bilmərəm.

Bir neçə il öncə Azərbaycandan zəng vurub, milliyə dəvət etmişdilər. Hələ onda ciddi nəticələrim yox idi.

Bununla belə, dedim ki, Ukraynada qalmaq, bu ölkənin adından çııxış etmək istəyirdim.

Baxmayaraq ki, mənə müəyyən vədlər verilmiş, yaxşı şərait yaradılacağı deyilmişdi. İndi də fikirləşirəm ki, gerit qayıtmamaqla düzgün addım atmışam».

Ağstafa rayonunun Muğanlı kəndində anadan olan Pərviz altı yaşından sonra ailəsi ilə Ukraynanın Nikolayev şəhərinə köçüb.

O, mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən lisenziya turnirində 67 kq çəki dərəcəsində Rəsul Çunayevə 1/4 finalda rəqib olub. Məhz Rəsulun Olimpiadaya vəsiqə qazanmamasının səbəbi Pərvizə 2:3 uduzması olub.

67 kq çəki dərəcəsində yunan-Roma güləşində Azərbaycan təmsilçisi olmasa da, ölkəmiz Pərvizin qələbəsi üçün dua edib.

Hazırda Ukraynanın Zaporojye şəhərində yaşayan 22 yaşlı Pərviz ilk dəfə qatıldığı Olimpiadadan gümüş medalla qayıdıb.

O, ABŞ, Rusiya və Misirdən olan rəqiblərini məğlub etsə də, finalda İranı təmsil edən Qaşqay türkü Məhəmməd Rza Gərayiyə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti