"Sürpizlərimiz çox olacaq" - VİDEO

25 İyul 09:20 Güləş 437
"Sürpizlərimiz çox olacaq" - VİDEO

Sportinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, Şöhrət ordenli Əməkdar məşqçi, tanınmış mütəxəssis Firdovsi Umudov “Xəzər” TV-nin “Birinci Studiya” verilişində Tokio Yay Olimpiya oyunlarından danışıb.

Əməkdar məşqçi qeyd edib ki, indi Azərbaycan Olimpiya yığması qalib ölkənin komandası kimi çıxış edir:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı qələbə idmançılarımız üçün bir motivasiyadır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhid ailələrinə səbir diləyirik, qarşılarında baş əyirik.

İdmançılarımıza uğurlar arzu edirəm. Qalib ölkənin komandasına qələbə yaraşır. Gərək idmançılarımız da inamla çıxış edib, ümidləri doğrultsunlar.

Açılış mərasimini izlədim. Mən 2008, 2012, 2016-cı illərdə baş tutan Olimpiya Oyunlarında iştirak etmişəm. Bu oyunlar Avropa, dünya çempionatı və digər beynəlxalq yarışlardan çox fərqlənir.

Orada təcrübəli güləşçilər, idmançılar da məğlub ola bilərlər. Çünki sürprizlər çoxdur. Bununla yanaşı, hesab edirəm ki, idmançılarımız psixoloji, texniki-taktiki və fiziki cəhətdən hazır olmalıdırlar.

Koronavirus bütün sektorlara olduğu kimi, idman sahəsinə də təsir göstərib. Ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana və idmançılara hər zaman xüsusi diqqət göstərilib, göstərilir.

Olimpiya yığma komandamız çox qısa müddət məşqdən uzaq düşdü. Bununla belə, nəzarət altında onlara şərait yaradıldı. Fikrimcə, komandamız yarışlara hazırdır”.

F.Umudov söyləyib ki, idmanda proqnoz vermək olduqca çətindir:

“Otuz ildir Qarabağın qurtuluşunu həsrətlə gözləyirdik. Deyirdik, qələbəmizi Qarabağda qeyd edəcəyik.

Bir mütəxəssis, azərbaycanlı kimi arzu edirəm ki, idmançılarımız uğur əldə etsinlər və biz də bu qələbə sevincini işğaldan azad olunan torpaqlarımızda qeyd edək. Olimpiya oyunlarında iştirak etmək böyük fəxrdir. Güləş ənənəvi idman növüdür.

Güləşçilərimiz bir çox oyunda medallar qazanıblar. Bundan başqa, karate idman növü isə Olimpiya Oyunlarına yeni daxil edilib. Sürpizlərimiz çox olacaq.

Məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür, idmançılarımızı qələbəyə ruhlandırmalıdırlar. Taekvondo, boks, güləş, karate, cudo kimi idman növlərində medallar gözlənilir. Amma velosiped idman növü bizim üçün yenidir. Bu istiqamətdə iştirak etmək də bir qələbədir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, 3 qat, 4 qat dünya çempionlarımız var, onlar özləri-özlərini hazırlamalıdırlar. Məşqçilər də onlara dəstək verməlidirlər.

Ümid edirəm ki, Tokio Yay Olimpiya Oyunlarında da idmançılarımız uğurla çıxış edib, xalqımıza qələbə sevinci bəxş edəcəklər. Hər birimiz bunu arzulayırıq”.

Digər Xəbərlər
Xəbər Lenti