Pərviz Nəsibov Konqresdə yeni hədəfini və kumirinin adını açıqladı - FOTO

17 İyul 2021 17:00 Güləş 1 307
Pərviz Nəsibov Konqresdə yeni hədəfini və kumirinin adını açıqladı - FOTO

Ukraynanı Tokio Olimpiadasında təmsil edəcək azərbaycanlı güləşçi Pərviz Nəsibov və məşqçisi Yaşar Nəsirovla bu ölkədəki ən böyük diaspora təşkilatlarımızdan olan Kiyev Azərbaycanlıları Konqresində (KKA) görüş keçirilib.

Sportinfo.az-ın məlumatına görə, görüşdə Əməkdar idman ustası, SSRİ və Azərbaycanın Əməkdar məşqçisi, veteranlar arasında dünya çempionu, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov və yunan-Roma güləşi üzrə Ukrayna yığmasının baş məşqçisi Yaşar Nəsibov iştirak edib.

Ukrayna Azətbaycanlıları Radasının həmtəsisçisi Hikmət Cavadovun təbrikləri çatdırılıb.

P.Nəsibov mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində Olimpiadaya lisenziya qazanıb.

67 kiloqram çəki dərəcəsində Ukraynanı təmsil edən yunan-Roma güləşçisi 1/4 finalda Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayevə 3:2 qalib gəlməklə Azərbaycan güləş ictimaiyyətinin diqqətini özünə cəlb edib.

2017-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilmiş yeniyetmələr arasında güləş üzrə Avropa çempionatının qalibi Pərviz Nəsibov yeniyetmə və gənclər arasında dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarına da sahibdir.

İndi artıq o, bu uğurunu böyüklərdə təkrarlamaq istəyir. P.Nəsibov görüş iştirakçılarına minnətdarlığını bildirib və Tokio-2020-də öz çəki dərəcəsində onunla yarışacaq rəqiblər barədə məlumat verib.

Deyib ki, 67 kiloqram çəki dərəcəsində rəqabət çox güclüdür. Söyləyib ki, əsas məqsədi Olimpiya çempionu olmaqdır.

Həmyerlimiz vurğulayıb ki, indiyədək ən çətin görüşü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirində Rəsul Çunayevlə olub.

O, Rəsulu özünə kumir hesab etdiyini dilə gətirib. Və əlavə edib ki, Çunayev bu çəli üzrə ən güclülərdən biridir.

Sitat: "Ən çətin görüşüm Rəsul Çunayevə qarşı oldu. O, mənim üçün həmişə kumir olub, bundan sonra da olacaq.

Hər zaman ondan nümunə götürmüşəm. Rəsulun güləşməyini çox bəyənirəm. Şükür Allaha ki, Çunayevlə görüşdə qələbə qazandım".

Pərviz ilk güləş məşqçisini də böyük minnətdarlıq hissi ilə xatırlayıb.

KKA-nın sədri Oleq Krapivin öz çıxışında Pərviz Nəsibova Olimpiya Oyunlarında uğur arzulayıb və Konqres adından güləşçiyə pul mükafatı hədiyyə edib.

Həm Pərvizə, həm də məşqçi Yaşar Nəsirova hər 2 diaspora təşkilatı - KKA və RAU adından fəxri diplom təsdim edilib. Qərara alınb ki, iyulun 25-də Kiyevdə güləş komandasının Tokioya yolasalma mərasimi təşkil edilsin.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!