"Dəvət yoxdursa, mən də yoxam" - Vitse-prezident ittihamlara sərt cavab verdi!

11 İyul 2021 11:00 Güləş 708
"Dəvət yoxdursa, mən də yoxam" -  Vitse-prezident ittihamlara sərt cavab verdi!

"Ötən ildən etibarən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olaraq Federasiyanın tədbirlərinə dəvət edilmirəm və təbii ki, toplantılara da qatılmıram.

Səbəbi aydındır: Çağrılan yeri ar eləmə, çağrılmayan yeri isə dar eləmə. Dəvət yoxdursa, mən də yoxam".

Sportinfo.az xəbər verir ki, bu barədə "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi, tanınmış mütəxəssis Firdovsi Umudov öz "feysbuk" səhifəsində yazıb.

İdman ustası qeyd edib:

"Amma bu hadisədən sonra nələr baş verdi? Reket jurnalistlər özlərini əxlaq və şərəf kodeksindən məhrum etmiş bəzi şəxslərin sifarişi ilə mediada, hətta müəyyən məbləğdə vəsait ödəyərək feysbuk sosial şəbəkəsinin ödənişli səhifələrində “Firdovsi Umudov Federasiyanın tədbirlərinə qatılmır” başlıqlı yazılar tirajladılar. Bəli, öz peşə dəyərlərinə sadiq, qələmlərini yalnız haqq-ədalət uğrunda işlədən jurnalistlərimiz də az deyil. Və onlar da bu barədə mənə suallar verdilər, amma müəyyən çərçivələri, etik davranış kodekslərini gözləyib danışmadım. İştirakım olmadan verilən qərarlar haqqında nə danışa bilərdim axı? Və onlar da ilin əvvəlində Azərbaycan güləşçilərinin yarışlarda uğursuz çıxışlarına dair müstəqil jurnalist araşdırmaları apardılar, yazılar yazdılar. Amma bəzi şəxslər bu məqalələri mənim “ayağıma” yazmağa cəhd etdilər".

F.Umudov bildirib ki, uğursuzluqla bağlı yazılar dərc olunanda ehtimallar əsasında onun adı hallandırılır:

"Bu isə naxoş təfəkkürün və kəmfürsətçiliyin göstəricisidir. Şübhəsiz ki, belə “məqalələr” buluddan nəm çəkib, heç bir fakta, araşdırmaya söykənməyən ehtimallar, yəqinlər əsasında yazılmışdı və ya yazdırılmışdı. Bununla belə, illərdir üzərlərində əziyyət çəkib yetişdirdiyim idmançılar mənim fəaliyyətimlə bağlı ictimaiyyətə müsbət rəy söyləyəndə həmin idmançılara təzyiqlər göstərdilər. Onların məhz mənim təsirimlə bu cür açıqlamalar verdiklərini iddia etdilər. Eyni zamanda mətbuata ictimai bir xadim, idman ustası kimi dövlətin maraqlarını əks etdirən açıqlamalar verdikdə, buna da qısqanclıqla yanaşıblar və həmin media subyektləri ilə əlaqə saxlayıb çıxışlarımın qarşısını almağa çalışıblar".

Təcrübəli mütəxəssis fikirlərini belə tamamlayıb:

"Yazıqlar olsun sizə! Mən daim bir vətəndaş, müsəlləh əsgər, 2005-ci ildən bu yana məşqçi, böyük məşqçi, baş məşqçi və Federasiyanın birinci vitse-prezidenti və vitse- prezident olaraq daim Azərbaycan dövlətinin maraqlarını bütün maraq və niyyətlərin fövqündə tutmuşam, tuturam və tutacağam. Dövlət, millət və Müzəffər Ali Baş Komandanımız, möhtərəm prezidentimizə daim sadiq qalmışam və qalacağam. Milli Yığma komandamıza da Tokioda keçiriləcək Olimpiya Oyunlarında müvəffəqiyyətlər arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı