“Çalışacam ki, heç vaxt ermənilərə məğlub olmayım” - VİDEO

2 İyul 2021 17:20 Güləş 466
“Çalışacam ki, heç vaxt ermənilərə məğlub olmayım” - VİDEO

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, 3 qızıl və 1 gümüş medalla komanda hesabında 3-cü yeri tutan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Komandanın böyük məşqçisi Cəbrayıl Həsənov bunları deyib:

"Düzdür, daha yaxşı nəticə göstərə, başqa çəkilərdə də medal qazana bilərdik. Ancaq alınmadı. Bunun da səbəbləri var. Bir-iki ildir ki, bəzi uşaqlar yarışlarda iştirak etməyib. İnşallah, növbəti turnirlərdə ümidləri doğruldarlar. Avropa çempionatında medal qazanan güləşçilərimizə gəlincə, Turan Bayramov rəqiblərinə 1 xal belə vermədi. Kənan Heybətov erməni güləşçiylə final görüşündə elə bir əzmkarlıq göstərdi ki, elə bir vəziyyətdə xal aldı ki, sevincimizdən nə edəcəyimizi bilmirdik. Cəbrayıl Hacıyev də çempion oldu, Aydın Əhmədov isə ikinci yeri tutdu. Komanda hesabında 3-cü olduq. Bundan sonra avqustda keçiriləcək dünya çempionatına hazırlaşacağıq".

Daha sonra Avropa çempionlarından Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) yarışla bağlı təəssüratlarını bölüşüblər.

Turan Bayramov: “Belə yüksək nəticənin qazanılmasının səbəbi yaxşı hazırlıq keçməyimizdir. Cəbrayıl müəllimin rəhbərliyi altında 2 aya yaxın təlim-məşq toplanışı keçdik. Gözəl hazırlıq prosesinin nəticəsi olaraq çətinlik çəkmədən Avropa çempionu oldum. Qələbəmin əsas memarı olan şəxsi məşqçim Abil İbrahimova, həmçinin yığma komandanın məşqçilər heyətinə, federasiya rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu qələbəmi bütün şəhidlərimizə həsr edirəm. 8-ci dəfədir ki, erməni güləşçiyə qalib gəlirəm. Onlarla güləşəndə xüsusi motivasiya olur. Bundan sonra da çalışacağam ki, heç vaxt onlara məğlub olmayım və hər zaman onlar üzərində qələbə qazanım”.

Cəbrayıl Hacıyev: “Çox yaxşı və uğurlu görüşlər keçirdim. Azərbaycan xalqına, azarkeşlərə təşəkkürümü bildirirəm. Federasiya rəhbərliyinə, şəxsi məşqçim Vahid Məmmədova və yığma komandanın bütün məşqçilərinə minnətdaram. Müəyyən səhvlərim var, onların üzərində işləyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti