"Birdən-birə klub dağıldı - “Neftçi”dən təklif gəldi, getdim"

27 Mart 2020 12:30 Futzal 1 320
"Birdən-birə klub dağıldı - “Neftçi”dən təklif gəldi, getdim"

Sportinfo.az xəbər verir ki, “Premier Quba”n fəaliyyətini dayandırıb, AFFA İntizam Komitəsinin son iclasında 3 oyunda iştirak etmədiyinə görə çempionatdan kənarlaşdırılıb.

Son başverənlər, futzalın ümumi durumu və başqa məsələlər ilə bağlı komandanın sabiq bombardiri Firudin Ağalarovla söhbətləşdik.

- Öncə komanda haqqında danışaq. “Premier Quba” gözlənilmədən fəaliyyətini dayandırdığını açıqladı, İntizam Komitəsinin son iclasında da yüksək liqadan kənarlaşdırıldı.
- İlk dövrədə, mən komandada oynayanda hər şey çox yaxşı idi. Maddi baxımdan da heç bir problemimiz yox idi. Oyunlara gedib-gəlirdik. Amma ikinci dövrə başlayanda komandadan ayrılmağa qərar verdim, orda qalmaq istəmirdim. O zaman vəziyyət heç də pis deyildi. İkinci dövrədə orda nə baş verdi, nə oldu, dəqiq bilmirəm. Birdən-birə klub dağıldı, oyunlara gəlmədilər. Orda dostum oynayır, ondan da vəziyyətlə bağlı soruşdum, heç özü də bilmirdi. Deyirdi, oyunlara gah gedirik, gah getmirik. İkinci dövrə başlayandan sonra onlarla əlaqəm kəsilmişdi, buna görə də orda başverənlər mənə də qaranlıq qaldı.

- “Premier Quba”dan niyə ayrıldın?
- “Araz”la Qubada keçirilən oyundan sonra komandadan ayrılmağa qərar verdim. Çünki “Neftçi”dən təklif gəlmişdi. “Neftçi”yə keçmək məqsədilə “Premier Quba”dan ayrıldım. Amma həmin vaxt komandada hər şey qaydasında idi. Ağaseyid Qasımovla birlikdə ayrıldıq. Daha sonra nələrin baş verdiyini bilmirəm.

- “Premier Quba”da əsas məqsədin nə idi?
- Komanda yaranarkən təklif göndərdilər, mən də qəbul etdim. Özümü futzalda da sınamaq istədim. “Premier Quba”dan ayrıldıqdan sonra böyük futbola qayıtdım.
- Özünü futzalda sınamaq istədiyini dedin. “Premier Quba”ya bağlı karyeranı necə dəyərləndirirsən?
- İlk oyunlar çox çətin oldu, o ab-havaya uyğunlaşmaqda çətinlik çəkdim. Futzal böyük futbola nisbətən həqiqətən çox çətindi. Oyunlar keçdikcə insan tempi tutur, mən də uyğunlaşdım. “Neftçi”dən təklif gəlmişdi, ora getdim, amma keçidim alınmadı. Ordan qayıdanda söz vermişdim ki, futzal oynamayacam. “Xızı”dan təklif gələndə isə qəbul etdim. Öz üzərimdə çalışıram, irəli getməyi hədəfləmişəm. “Premier Quba” rəhbərliyinə də təşəkkür edirəm, məni futzal aləminə tanıtdılar.
- “Neftçi”yə keçidin niyə alınmadı?
- “Neftçi”dən təklif gəldi, 14 gün orda məşq etdim. Sonra mənə komandada yaş məsələsinin olduğunu dedilər. Klub prezidenti deyibmiş ki, gənclərdən ibarət komanda yığıram. Mən də onlara uğur arzulayıb, ayrıldım. Daha futzal oynamaq istəmirdim, “Neftçi”nin məni qəbul etməməsindən sonra marağım azalmışdı. “Premier Quba”da da oynamaq istəmirdim, çünki ordakılarla halallaşıb çıxmışdım, qayıtmağı düşünmürdüm. Sonra “transfer pəncərəsi”nin bitməsinə bir neçə saat qalmış “Xızı”dan təklif gəldi, mən də qəbul etdim. Artıq komandaya uyğunlaşmışam. Çempionatı bombardir kimi başa vurmaq istəyirəm.
- Həm “Premier Quba”nın heyətində, həm də uzun müddət çempionatda bombardir oldun.
- Bəli. 18 tur bombardir oldum, sonra 2 tur buraxdım. Ona görə hazırda bombardirlik yarışında ikinci pilləyə düşmüşəm.
- Ölkədə futzalın hazırkı durumunu necə dəyərləndirirsən?
- Futzal oynamağı sevirəm, karyeramı da burda davam etdirmək istəyirəm. Futzal oynamaq mənim üçün çətin oldu, qaydaları, taktikaları yaxşı bilmirdim. Millinin oyunlarını izləyirəm, çıxışını bəyənirəm. Qismət olsa, milliyə də dəvət almaq istəyirəm. Görək gələcəkdə nələr olacaq.
- Yüksək liqada xüsusilə son zamanlarda hakim səhvlərinin, haqsızlıqların olduğu deyilir. Hətta “Araz”ın çempion edilməsi haqda da fikirlər var. Buna münasibətin necədi?
- Belə məsələlərə qarışa bilmərəm. Çünki neçə ildi ki, “Araz” çempion olur. Digər tərəfdən, millidə daha çox “Araz”ın futbolçuları oynayır. Bunu bir tərəfdən haqsızlıq kimi görürəm. Heç özümü nəzərdə tutmuram, EKOL-da, “Marafon”da məndən güclü oyunçular var. Bu komandalardan kifayət qədər dəvət alan futzalçılar yoxdu. Ən çox “Araz”ın oyunçularına dəvət göndərilir. “Araz”ın “Marafon”la oyununa da baxdım, “Marafon”a qarşı haqsızlıq vardı. Çox gözəl oyun gedirdi, “Marafon” yaxşı çıxış edirdi. “Araz”a köməyin edilib-edilmədiyini deyə bilmərəm, amma göz qabağındadı ki, komanda neçə ildi çempion olur. Ötən il “Xəzər Cənub” - “Araz” oyununu da hakimlərin haqsızlığına nümunə göstərmək olar. “Xəzər Cənub” çempion olmalı komanda idi, sadəcə, haqsızlıqlar oldu və uduzdular.
- Yığmanın hazırkı durumu haqda nə deyə bilərsən?
- Millinin hazırkı vəziyyəti göz önündədi. Komanda hələ ki heç nəyə qadir deyil. Rusiyaya qarşı yaxşı oynadıq. Amma azərbaycanlı futbolçularımız var ki, bəzi legionerlərdən qat-qat güclü çıxış edirlər. İsa Atayev, Xətai Bağırov kimi futzalçılarımız çox yaxşı çıxış etdilər. Onlara sonrakı oyunda o qədər də üstünlük verilmədi. Legionerləri daha çox oynadırlar. Halbuki yerlilərin əksəriyyəti daha yaxşı çıxış edirlər.
- Böyük futbolu necə, izləyirsən?
- Hazırda Region Liqasında mübarizə aparan “Şahdağ”da çıxış edirəm. Vəziyyətimiz pis deyil, ilk pillədəyik. Bu mövqeyimizi qoruyacağımıza ümid edirik. Əsas məqsədimiz çempionluqdu. Ötən mövsüm finalda “Uğur”a məğlub olmuşduq. Bu il isə finalda qalib gəlmək istəyirik (Futbol+).

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu