YALANÇI MİLLİ: AFFA-nın seçkisindən sonra ümidlər varmı?

12 Fevral 2020 10:24 Futzal 1 322
YALANÇI MİLLİ: AFFA-nın seçkisindən sonra ümidlər varmı?

Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-yə yollanmaq istəyi baş tutmadı.

Hər şeyə qrupun sonuncu oyununda, Rusiya - Xorvatiya matçında aydınlıq gəldi. DÇ şansımızın qalması üçün rusların bu matçda qələbə qazanmaması lazım idi.

Lakin şimal qonşularımız ev sahibləri ilə dueldən 4:3 hesabıyla qalib ayrılmaqla qrupda 1-ci oldu, Xorvatiya isə 2-ci yeri tutdu. Bu isə 3-cü pilləyə düşən millimizin final mərhələsindən kənarda qalmasını rəsmiləşdirdi.

Azərbaycan millisi indiyə qədər bir dəfə - 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının iştirakçısı olub və həmin mundialda mübarizəni 1/4 finalda dayandırıb.

Joze Alessiu da Silvanın başçılıq etdiyi komandanın Xorvatiyadakı mübarizəsi bunaqədərki matçları ilə müqayisədə, açığı, daha gözoxşayan, forma və məzmun baxımından daha mütəşəkkilləşmiş göründü.

Lakin bunun nə qədər davamlı olacağı bəlli deyil. Çünki futzalımızda infrastruktur, uzunmüddətli layihələr bir kənara, cari plan və proqram belə, yoxdur.

Qeyd edilənlər olmayanda, hansısa perspektivdən bəhs etmək də mümkün deyil. Sadəcə, futzalımız mövcuddur, meydana çıxırlar və bacardıqlarını göstərməyə çalışırlar.

AFFA-nın növbəti hesabatlı-seçkili konfransından sonra buna ümidlər varmı? Söyləmək və demək çətindir. Çünki hələ qarşıda futbol mövzusu qalan sözləri, söhbətləri kənarda saxlayır.

Hərçənd unudulur ki, futzalın ciddi inkişaf proqramı özü də futbola xüsusi təkan vasitələrindən biridir. Hər halda dəfələrlə yazıb-pozduğumuz, hələ millinin Avropa çempionatının final mərhələsinə ilk dəfə vəsiqə əldə edərək, 4-cü nəticə göstərdiyi vaxt dediklərimiz, illər keçsə də, qüvvədə qalır.

4 qrupda başa çatan mübarizənin yekununda qaliblər birbaş final mərhələsinə vəsiqə əldə ediblər. İkinci yerlərin sahibləri seçmə pley-offda qüvvələrini sınayacaqlar.

Avropa zonasında seçmələrin elit-raundunun Rusiya ilə yanaşı, digər qrup qalibləri İspaniya, Qazaxıstan, Portuqaliya olub. Pley-off cütləri belə formalaşıb: Xorvatiya - Çex Respublikası, Serbiya – Finlandiya. "Evdə-səfərdə" prinsipi ilə oyunlar aprelin 9-u və 12-də keçiriləcək.

Cari il sentyabrın 12-dən oktyabrın 4-dək Litvanın Vilnüs, Kaunas və Klaypeda şəhərlərində keçiriləcək final mərhələsində Asiyadan 5, Şimali Amerikadan 4 komanda seçiləcək. Afrikadan 3 vəsiqədən ikisinin sahibi məlumdur:

Misir və Mərakeş. Cənubi Amerikanı Argentina, Braziliya, Paraqvay və ilk dəfə mundiala vəsiqə əldə edən Venesuela təmsil edəcək. Okeaniyanın iştirakçısı isə Solomom adalarıdır.

Artıq komandaların yeni reytinq siyahısı açıqlanıb. Azərbaycan bundan əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. Millimiz 1407 xalla 14-cü pillədə qərarlaşıb. Siyahıya 1843 xalla Braziliya başçılıq edir. İspaniya 2-ci (1801), Argentina 3-cüdür (1648).

SPORTİNFO.AZ

Xəbər Lenti