Azərbaycanda bir oyun yarıda qaldı, 9 klub işini gördü

20 Yanvar 2020 09:42 Futzal 1 474
Azərbaycanda bir oyun yarıda qaldı, 9 klub işini gördü

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin ölməz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub.

Qarşılaşmalara gəldikdə, “Gənclik” cavab oyununda da qələbə qazanıb. Düzdü, U-19 oyuna daha istəklə və inamla başlayıb. Ancaq Şahmar Cəfərovun qırmızı vərəqə alması vəziyyəti gərginləşdirib. Ridan Babayev də meydanı erkən tərk edənlərdən olub. Nəticədə üstünlüyünü artıran “Gənclik” İK bu dəfə böyükhesablı qələbə qazanıb.

İkinci oyun daha gərgin və dramatik alınıb. “Xızı Yasamal” birinci hissənin ortalarında hesabı 5:0-a çatdırsa da, “Bibi-Heybət”in geridönüş etməsinə mane ola bilməyib. Yekunda 5:5 hesabı qeydə alınıb. Rəqib meydanında daha çox qol vurduğuna görə, İkinci Liqa təmsilçisi mərhələ adlayan tərəf olub.

“Borçalı” isə cavab oyununda daha çox qol vurmaqla ümumilikdə 26:3 hesablı qələbəyə sevinib. AzMİU – “Baker Hughes” dueli isə sona 4 saniyə qalmış dayandırılıb. Buna universitet komandasının heyətində yetərsayın olmaması səbəb olub.

Belə ki, AzMİU komandasının 3 oyunçusu qırmızı vərəqə aldığına görə, hakimlər görüşü dayandırıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Günün maraqlı qarşılaşmalarından biri ADBTİA və “Baker Tilly” komandaları arasında keçirilib. İlk oyunda İkinci Liqa komandası 4:1 hesablı qələbə qazanmışdı. Buna görə də Birinci Liqa klubuna 3:0 hesablı qələbə lazım idi ki, elə ilk qolu da Namiq Quliyevin yetirmələri vurub.

Ancaq rəqibin səhvlərini bağışlamayan “Baker Tilly” fasiləyə qədər ardıcıl 2 qol vurub. Bundan sonrakı dəqiqlərdə ADBTİA-ya mərhələ adlamaq üçün ən azı 5 qol vurmaq və ya 4 top fərqi ilə qələbə qazanmaq gərəkirdi ki, “idmançılar” bunu nəinki bacarıb, əksinə, “Baker Tilly”in fərqi artırmasına mane ola bilməyib. Onu da qeyd edək ki, ADBTİA-nın əsas oyunçularından Comərd Baxşəliyev zədələnərək görüşü yarımçıq tərk edib.

Maraqla gözlənilən öz liqalarının liderlərinin duelinə “AjaxBaku” itiki ilə çıxıb. Kapitan Eşqin Tağıyev ilk oyunda qırmızı vərəqə aldığına görə, bu dəfə meydana çıxmayıb. Hesabı Nicat Qafarlı açıb. Ancaq “AjaxBaku” tezliklə status-kvonu bərpa edib. Əsgər Hümbətov fərqlənib. NTD növbəti dəfə hesabı lehinə dəyişib. Bu dəfə Zakir Kərimov adını tabloya yazdırıb. Təmraz Əmircanov 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə yenidən hesaba tarazlıq gətirib. “AjaxBaku”nu oyunda ilk dəfə önə keçirən qolu da Əmircanov vurub. Di gəl, Mirmehdi Rzayev tezliklə bərabərliyi təmin edib. Sonrakı dəqiqlərdə NTD 3 qol vuraraq mərhələ adlayan tərəf olub.

İlk oyunda hərəyə 8 qol vuran komandaların duelində isə “Zəngilan” sevinib. Fasiləyə qədər avtoqol sayəsində hesabda önə keçən Birinci Liqa iştirakçısı ikinci hissədə üstünlüyünü artırmağı bacarıb.

3:3 hesablı heç-heçənin revanşında isə “Forza Neftçi” qələbə qazanıb. “Advokat” da çətinliklə üzləşməyib və ötən mövsümün finalçısı mübarizəni davam etdirmək hüququ qazanıb. Bu mərhələnin son matçında qələbə sevincini “Standard” yaşayıb. Birinci Liqanın iddialı təmsilçisi birinci oyundakı üstünlüyünü bu dəfə də davam etdirib.

Beləliklə, “Dalğa”, “Yurd” MFK, “Hövsan”, “Altay”, “Baku Fans”, “Yasamal” İSK-2, “Star karqo”, “Atletiko Baku”, “Star karqo-2”, “Red Line”, “Gənclik” İK, “Bibi-Heybət”, “Borçalı”, “Baker Tilly”, NTD, “Zəngilan, “Forza Neftçi”, “Advokat” və “Standard” komandası 1/16 finala vəsiqə qazanıb. AzMİU – Baker Hughes görüşü ilə bağlı İntizam komitəsi qərar qəbul edəcək. Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Baker Hughes” 5:3 hesabı ilə qalib gəlib.

U-19 – Gənclik İK 2:7

İlk oyun: 2:4

Xızı Yasamal – Bibi-Heybət 5:5

İlk oyun: 3:3

Çinar Cəbrayıl – Borçalı 2:14

İlk oyun: 1:12

AzMİU – Baker Hughes 4:4 (oyun başa çatmayıb)

İlk oyun: 3:5

ADBTİA – Baker Tilly 1:4

İlk oyun: 1:4

AjaxBaku – NTD 3:6

İlk oyun: 4:2

Zəngilan – Bədr FK Xocalı 3:2

İlk oyun: 8:8

Forza Neftçi – Təbriz 4:2

İlk oyun: 3:3

Rayyan MFC – Advokat 5:8

İlk oyun: 3:8

Standard – AZZERS 5:2

İlk oyun: 6:2

Xəbər Lenti