2003-cü ildən fəaliyyət göstərən “Baku Fire” futzal klubu artıq kifayət qədər böyük nüfuza malik olduğunu dəfələrlə sübuta yetirib.
Klubun düzgün idarəçiliyi və sağlam strategiyasının nəticəsidi ki, futzal çempionatımızda hər mövsüm yaranmasıyla dağılması bir olan komandalardan fərqli, 8-ci ildi ki, fəaliyyət göstərir və zərbaycan çempionatında ara vermədən çıxış edir.
“Baku Fire” özünün inkişafı ilə yanaşı, həm də məşqçilərin inkişafında maraqlı olduğunu əməli şəkildə göstərərək, bugünlərdə baş məşqçi Teymur Eyvazovu futzal üzrə beynəlxalq seminarda iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə göndərib.
Sportinfo.az-ın qonağı olan Teymur müəllim səfər barədə öz fikirlərini bizimlə bölüşdü:
"Ilk əvvəl onu demək istərdim ki, seminar yüksək səviyyədə təşkil edilmişdi. Seminarın təşkilatçısı Qazaxıstan Futzal Federasiyası idi və məşğələlər futzal millisinə məxsus bazada keçirilirdi.
Seminar futzal fanatı, Azərbaycan futzal millisinin sabiq üzvü, hal-hazırda Qazaxıstan millisinin və “Kayrat”ın baş məşqçisi Paulu Rikardu Fiqeyra Silva (Kaka) tərəfindən keçirilirdi.
5 ölkədən toplanmış 87 məşqçi, 14 saat nəzəri, 8 saat praktiki məşqlər, Qazaxıstan - Xorvatiya oyunun hazırlığı və ən xırda detallara qədər analizi...
Bütün bu yükün öhdəsindən Kaka və onun köməkçiləri – Sergey Koridze, Luis Enrike de Souza Karilyo Kruz və Tiago Duarte Viera layiqincə gəldilər.
Azərbaycandan seminara məndən başqa, dəvət edilənlərdən bir digəri isə SAB futzal klubunun oynayan məşqçisi, Azərbaycan futzal və çimərlik yığmalarının sabiq üzvü Elvin Quliyev idi.
Seminarda bəhs edilən nəzəri təlimləri canlı olaraq Qazaxıstan millisinin oyuna hazırlığı prossesində gördük.
Müdafiə prinsipləri, futzal qapıçılarının hazırlıq xüsusiyyətləri, idman fizioterapiyası, hücum və onun prinsiplərinin oyunçulara aşılanması, standart vəziyyətlər, meydançada özünü aparmaq və etikaya qədər bütün mövzulara toxunuldu.
Qısaca desəm, bu seminardan sonra futzala baxışımız dəyişdi. Həmkarım və öz adıma birmənalı olaraq böyük təcrübə ilə qayıtdığımızı deyə bilərəm.
Oyuna hazırlıq, rəqibin üstün və zəif cəhətlərinin araşdırılmasının tamamilə fərqli formada aparılması, hətta futzalın şahmat səviyyəsində ən xırdalıqlara qədər analizini görmək bizi heyrətləndirirdi.
Bir digər məqamı da qeyd etmək istərdim. Söhbətimin əvvəlində qeyd etdiyim kimi, futzal üzrə milli komandanın öz bazası olmaqla bərabər, Kaka Qazaxıstanda çox böyük işlər görərək Futzal Akademiyasının yaranmasına nail olub.
Xorvatiya millisi ilə oyundan əvvəl “Kayrat”ın gənc futzalçıları ilə görüşdə məlum oldu ki, bu klubun uşaq futzal dərnəkləri fəaliyyət göstərir.
Şübhəsiz ki, bu addım yerli futzalçıların yetişməsinə xidmət edəcək və bu uşaqlar zaman keçdikcə “Kairat”ın və milli komandanın aparıcı oyunçularına çevriləcək.
Bu ölkədə konkret olaraq futzala böyük maraq hiss olunur. Yerli çempionatın oyunlarına xeyli azarkeş toplaşır.
Seminarın sonunda Kaka və Qazaxıstan Futzal Federasiyasının departament rəhbəri Askar Abildayev bizə yaxınlaşıb, iştirakımıza görə təşəkkürlərini bildirdilər.
Xüsusilə də Kakanın Azərbaycan sevgisi özünü açıq büruzə verirdi.
Onunla Bakıda belə bir seminarda görüşmək arzumu bildirəndə, millimizin baş məşqçisi Xose Alesio da Silva ilə bu barədə söhbət etdiyini bildirdi.
Yaxın vaxtlarda Bakıda yüksək səviyyəli futzal seminarında görüşmək ümidi ilə sağollaşdıq».

