"Rəvan" indi "Dalğa"da batdı

27 Yanvar 2019 11:48 Futzal 731
"Rəvan" indi "Dalğa"da batdı

Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub.

Birinci Liqanın lideri ilə İkinci Liqanın autsayderlərindən hesab edilən “Gənclik” qarşılaşıb. “Baku Fire”in rahat qələbə qazanacağı gözlənilsə də, birinci hissədə rəqib buna imkan verməyib.

Düzdü, Teymur Eyvazovun yetirmələri fasiləyə 1 top üstünlüklə yollanıb. Ancaq “Gənclik” son dəqiqədə 2 real qol epizodunu qaçırmaqla hesabı bərabərləşdirmək imkanını da əldən verib.

İkinci hissədə fərq artsa da, “Gənclik” komandasının mübarizədən qopmadığını xüsusi qeyd etməyə dəyər.

İkinci oyun dramatikliyi ilə yadda qalıb. Ardıcıl 4 qol vuran “Rəvan”ın mərhələ adlayacağı gözlənilirdi ki, “Dalğa” Cəmşid Məhərrəmovun yoxluğunda belə hesabı bərabərləşdirməyi bacarıb.

Nəticədə komandalar hərəsi 5 dəqiqədən ibarət əlavə 2 hissədə mübarizə aparmalı olub. Əlavə vaxtın birinci hissəsində “Dalğa” iki qol vurmaqla hesabı lehinə çevirib.

İkinci əlavə vaxtın əvvəlində “Rəvan” qapıçının birbaşa qırmızı vərəqə alması üzündən 2 dəqiqəni azlıqda keçirib.

Sona yaxın “Dalğa” daha 2 qol vurmaqla fərqi 4 topa çatdırıb və mübarizəni davam etdirən tərəf olub. Yeri gəlmişkən, bu görüş 1/16 final mərhələsində əlavə vaxta daşınan ilk qarşılaşma olub.

İkinci Liqanın iki təmsilçisinin duelində lider “Obolon”un qalib gələcəyi şübhə doğurmurdu ki, nəticə də bunu göstərib.

Növbəti dueldə də eyni liqanın iştirakçıları üz-üzə gəlib. Birinci hissədə 2 qol vuran “Hövsan” üstünlüyünü fasilədən sonra da davam etdirib.

Mərhələnin son oyunu qol sıralaması ilə başlayıb. Əvvəlcə iki dəfə nominal meydan sahibləri hesabda önə keçib.

Ancaq “Mübariz” mübarizəni əldən verməyib və fasiləyə hesabda öndə yollanıb. İkinci hissənin əvvəlində “Gilan Construction” status-kvonu bərpa edib.

“Mübariz” vəziyyəti yenidən xeyrinə dəyişsə də, fasilədə kifayət qədər güclənən “Gilan Construction” cavab verməkdə gecikməyib. Yekunda duelin qalibi olan şirkət komandası mübarizəni davam etdirmək hüququ qazanıb.

Beləliklə “Advokat”, “Green Log”, “Standard” və “Təbriz”dən sonra “Baku Fire”, “Dalğa”, “Obolon”, “Hövsan” və “Gilan Construction” komandaları da 1/8 finala yüksəlib.

Yüksək Liqada mübarizə aparan komandalar da mübarizəyə bu mərhələdən qatılacaq.

Gənclik İK – Baku Fire 2:6
Qol: P. Mirzəzadə, 10:11, T. Bilallı, 21:14 – R. Abdullayev, 03:22, R. Səfiyarov, 13:05, 27:53, İ. Zeynalov,15:45, E. Zərbəliyev, 17:53, S. Vəliyev, 26:32.
Hakimlər: Rahin Heybətov, Azad Hüseynov, Elman Musayev.
26 yanvar. Bakı İdman Sarayı. Saat 18:00.

Dalğa – Rəvan 8:4
Qol: N. Cəfərov, 23:18, 26:30, N. Əliyev, 24:41, 28:19, İ. İsayev, 33:49, 34:13, 37:53, T. Mikayılov, 37:27 – A. Əliyev, 03:04, 16:50, P. Qaraxanov, 06:22, 17:31.
Hakimlər: Azər Əsgərov, Elman Musayev, Azad Hüseynov.
26 yanvar. Bakı İdman Sarayı. Saat 19:00.

Bibi-Heybət – Obolon 1:9
Qol: F. Bünyatov, 03:45 – N. Qafarlı, 04:17, T. Kərimov, 07:49, 16:33, İ. Rzabəyli, 08:40 (ö/q), E. Abbaszadə, 09:22, 13:24, E. Tağıyev, 11:28, 12:24, Y. Qasımov, 18:36.
Hakimlər: Kənan Məlikov, Vaqif Musayev, Elvin Ağayev.
26 yanvar. Bakı İdman Sarayı. Saat 20:00.

Avanqard – Hövsan 0:3
Qol: H. Əliyev, 08:26, M. Həsənov, 12:34, 23:37.
Hakimlər: Ramil Namazov, Elmir Quluzadə, Elvin Ağayev.
26 yanvar. Bakı İdman Sarayı. Saat 21:00.

Gilan Construction – Mübariz 6:4
Qol: E. Məmmədov, 0:50, F. Hüseynov, 04:21, 18:24, 22:51, 24:37, 28:01 – E. Tağıyev, 01:57, 12:22, T. Hüseynov, 07:06 (ö/q), N. İsmayılov, 20:39.
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Elmir Quluzadə.
26 yanvar. Bakı İdman Sarayı. Saat 22:00.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti