Zaur Axundovu hələ belə "sancan" məşqçi olmamışdı - QAL

13 Dekabr 2018 15:36 Futzal 1 013
Zaur Axundovu hələ belə "sancan" məşqçi olmamışdı - QAL

Futzal üzrə yüksək liqada 2-ci turun oyunları keçirildi.

Sportinfo.az xəbər verir ki, turun açılış oyununda “Neftçi” ilə “Yasamal” İSK qarşılaşdı.

Bəribaşdan qeyd edək ki, “Neftçi”nin üzvü Məhəmməd Katebi turu buraxırdı. İranlı legioner “Xəzər Cənub”la oyunda ikinci sarı - qırmızı vərəqə aldığına görə meydana çıxmadı.

İntizam Komitəsi onu 1 oyunluq cəzalandırıb. Hərçənd İlqar Aslanovun komandası Katebisiz də rəqibdən bir baş üstün idi.

Dövrünün ən yaxşı futzalçılarından olan Mahir Eyniyevin baş məşqçisi olduğu “Yasamal” İSK yarımhəvəskar komanda təsiri bağışlayır. Veteran futzalçının oğlunda isə qeyri-adi bacarıq müşahidə etmədik.

Sürəti var, oyunu hiss edə bilir, amma ikili mübarizələrdə zəifdi. İstənilən halda, komandanın sırf yerli gənclərə güvənməsi alqışlanası addımdı. Darmadağınlar rəhbərliyi ruhdan salmasa, gələcəkdə bu uşaqlardan milli səviyyəsində futzalçı çıxa bilər.

Qarşılaşmaya gəlincə, artıq dəqiqəyarım sonra tablodakı “0”-lardan biri dəyişdi. “Neftçi” erkən qolla darmadağına start verdi. Ümumiyyətlə, ilk iki qolun müəllifi millinin üzvü Vitali Borisov oldu.

Hər dəfə qol buraxdıqca kor-koranə irəli atılan və belədə rəqibin “toruna düşən” debütantın ilk yarıda buraxdığı qolların əksəriyyəti əks-hücumlardan sonra vuruldu.

Matçı oturduğu yerdən sakitcə izləyən və müdaxiləyə ehtiyac duymayan Eyniyev, görünür, fasiləni gözləyirdi. “Qonq” səsi eşidiləndə artıq hesab 8:0 idi.

İkinci yarıda fərqli “Yasamal” İSK gördük. Artıq oyunu müdafiədən quran Eyniyevin yetirmələri ikinci hissədə 13 dəqiqə qapısını toxunulmaz saxladı. “Sükut”u yenə Vitali pozdu.

Bundan sonra Eyniyevin yetirmələri 2 qol vurmağı bacardı. Vüsal Cəfərov dubl müəllifi oldu. Matçda son nöqtəni “Neftçi”dən Tural İsmayılov qoydu. Beləliklə, turun açılış matçında “Liman”a 3:12 uduzan “Yasamal” İSK bu dəfə 2:10 hesabıyla məğlub oldu.

Günün ikinci qarşılaşması “CBC Sport” tərəfindən canlı yayınlanırdı. Zalda isə təxminən 150 tamaşaçı var idi ki, bunun da üçdəbiri futzalçılar, digər komandaların üzvləri idi.

Bu oyunun səviyyəsi də fərqliydi. Meydanda eyni gücdə iki komanda mübarizə aparırdı. Baxmayaraq ki, bir tərəfdə tam iranlılardan təşkil olunan komanda, digərində sırf yerlilərdən ibarət rəqib var idi.

Hesabı “Yasamal” açsa da, “Ekol” fasiləyə qədər üstünlüyü ələ keçirdi. Əvvəlcə baxımlı qola imza atan Namiq Məmmədkərimov hesabı bərabərləşdirdi, ardınca Radik Əhmədov penaltidən 2-ci topu vurdu.

“Ekol”un oynayan məşqçisi fasilə ərəfəsində 6-cı cəriməyə görə təyin olunan növbəti “10 metrə”ni dəqiq yerinə yetirsəydi, bəlkə də 2-ci hissə bu qədər dramatik alınmayacaqdı.

İkinci yarıda da ilk qolu “Yasamal” vurdu. Sadiq Cavid 25-ci dəqiqədə tarazlığı bərpa etdi. “Qol yarışı” 34-cü dəqiqəyə kimi davam etdi. Hər dəfə “Ekol” önə keçdi, rəqibi “status-kvo”nu bərpa etdi.

Belə ki, 31-ci dəqiqədə fərqlənən Namiqin qoluna 3 dəqiqə sonra Jamali cavab verdi – 3:3. Ancaq “şirkət təmsilçisi” sona 2 dəqiqə qalmış qələbə topunu vurmağı bacardı. Beləliklə, “Ekol” mövsümə 3 xalla start verdi.

Günə “Araz” – “Xəzər Cənub” oyunu ilə yekun vuruldu. Qarşılaşmanın startına Futzal Federasiyasının prezidenti Zaur Axundov da özünü yetirdi.

Qurum rəhbərinin marağı millinin oyunu ərəfəsində “Araz”ın oyunçularını iş başında görmək istəyindən qaynaqlanırdı. Axundovu vitse-prezident Rəmiş Malıyev müşayiət edirdi.

Naxçıvanlıların heyətində Xətai Bağırov cəzalı idi. Təcrübəli futzalçı ötən mövsümdən davam edən cəzasını məhz bu oyundan sonra başa vurdu.

“Xəzər Cənub”a gəlincə, “Yasamal”la “Liman”dan fərqli, ona “İran komandası” deməyə adamın dili gəlmir. Baş məşqçisindən tutmuş heyət üzvlərinə kimi hamısı şirin Təbriz ləhcəsində danışır,

“Araz”ın oyunçularına da dost-qardaş münasibəti ilə seçilir, farslardan fərqli, özlərini aqressiv aparmırdılar. Ancaq bu, hesab açılana qədər davam etdi, geri düşən kimi aləm dəydi bir-birinə...

13-cü dəqiqəyə kimi meydanda başabaş oyun getdi. Yetirmələrinin rəqibin müqavimətini qıra bilmədiyini görən Joze Alesio da Silva ondan gözləniləni etdi.

Belə ki, qapıçını meydan oyunçusu ilə əvəzləyən braziliyalı mütəxəssisin riskli gedişi elə həmin dəqiqə effekt verdi. Bir neçə ötürmədən sönra top qapı qarşısına göndərildi ki, Oqtay Rüstəmli hesabı açmaqda çətinlik çəkmədi.

Tezliklə hər iki komanda cərimə həddinə çatdı. Sona 1 dəqiqə qalmış “Cənub Xəzər”in oyunçusu rəqibin qapısı qarşısında yerdə qaldı.

Kubokun finalında da qalmaqala səbəb olan Elçin Səmədli qayda pozuntusu qeydə almayıb Lənkəran komandasının üzvünə simulyasiyaya görə vərəqə göstərdi. Bu isə debütantın üzvlərini özündən çıxardı.

Xüsusilə fiziki hazırlıq üzrə məşqçisi ipə-sapa yatmadı və belədə Səmədli onu texniki zonadan uzaqlaşdırdı. İranlı məşqçi tribunada da dilini dinc saxlamır, “7 komandaya nə ehtiyac var, tək “Araz”ı saxlayın, kuboku da ona verin”, “hamınız “Araz”ın çempion olmasını istəyirsiz” deyə atmacalar atırdı.

Sözsüz ki, bu sözləri eşitmək Axundova xoş deyildi, federasiya rəhbəri fasiləni bildirən fiti gözləmədən foyeyə çıxdı.

Ancaq ikinci hissədə yenə tribunaya qalxıb, bu dəfə qapının arxasından oyunu izlədi. “Cənub Xəzər”in rəhbəri Azər Səmidov fürsət tapıb Axundova yaxınlaşdı, həm tanış oldu, həm də olaya görə üzr istədi.

İkinci hissə sakit axarda başladı, sanki bir neçə dəqiqə əvvəl meydanda heç nə baş verməmişdi. Buna baxmayaraq, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Hər iki komandanın fərqlənmək üçün imkanları olsa da, hesab dəyişmədi və beləliklə, görüş futzalda nadir rast gəlinən nəticə ilə başa çatdı – 1:0.

MİRAĞA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti